AZ

“Universiteti bitirən gənclər teatrlarda iş tapmır, məni bu sənətə anam yönəldib” - FOTO+ÖZƏL

“Artıq 14 ildir ki, sənət həyatıma qədəm qoymuşam. 18 yaşımdan teatr sahəsində çalışıram. Elə ilk çalışdığım teatr da Bakı Uşaq və Gənclər teatrı olub. Məktəb illərimdən bu sənətə həvəs yaranıb. İncəsənət sahəsinə məni anam yönəldib. Çünki onun qiraət bacarıqları var idi. Anamın dəstəyindən sonra həvəsləndim. Daha sonra dram dərnəyində oxudum və dövlət tədbirlərində aparıcı, qiraətçi kimi çıxış etməyə başladım. Belə başa düşdüm və fikrimi qətiləşdirdim ki, mən yalnız və yalnız bu sənətdə olmalıyam. Sənədlərimi aktyor və rejissorluq üzrə təqdim etdim. Başqa sənət heç ağlımın ucundan da keçmirdi. İki ixtisasdan keçsəm də rejissorluğu seçdim. Sənət müəllimim də xalq artisti Cənnət Səlimova olub. Birinci kursda oxuyanda onun təşəbbüsü ilə mən Bakı Uşaq və Gənclər teatrına gəldim. Bu teatr mənim üçün o qədər doğmalaşdı ki, 14 ildir artıq bir ailəyik. Bura təkcə iş yeri demək olmaz”.
 
Bunu Moderator.az-a açıqlamasında aktrisa Türkan Şahmarlı deyib.
 
O daha sonra əlavə edib:
“Əsas məqsədim əlbəttə ki, daha çox zirvələrə yüksəlmək və daha çox obrazlar, xarakterlər yaratmaqdır. Mən klassik tamaşaları çox sevirəm. Düzdür, bizim teatrda tamaşalar daha çox uşaqlar üçün hazırlanır. Çalışırıq ki, uşaqların başa düşəcəyi dildə tamaşalar oynayaq. Amma teatrımızda klassiklərimizin əsərləri də var. Mən də həmin tamaşaları daha çox sevirəm. Uşaqlar üçün oynanılan tamaşalar daha çətindir. Çünki uşaqları aldatmaq mümkün deyil. Onlar hər şeyi başa düşürlər, anlayırlar. Biz gərək artıq o obrazları oynamayaq, onları yaşayaq ki, balaca dostlarımıza da bu obrazı çatdıra bilək, onları sehrli dünyaya apara bilək. Bu teatrdan əlavə mən Milli Gənc Tamaşaçılar teatrında “Ünvansız qatar”, Akademik Musiqili teatrda isə “Anamın kitabı” əsərlərinin tamaşasında oynamışam. Belə klassik tamaşaların daha da çox olmasını arzulayıram. Hazırda analıq məzuniyyətindəyəm. Həqiqətən də işim üçün, tamaşalarım üçün çox darıxmışam. Məzuniyyətim bitən kimi doğmalarımın, ailəmin yanına qayıdacağam”.
 
Türkan Şahmarlı həmçinin bildirib ki, əksər hallarda universiteti bitirən gənclər özlərinə iş tapa bilmir:
“Bu fikirlərlə razıyam ki, əksər hallarda teatrlar gəncləri qəbul etmir. Amma mən Bakı Uşaq və Gənclər teatrında bunun əksini gördüm. Çünki bizim teatrımız hər zaman gənclərə dəstək olub, onlara qucaq açan sənət ocağı olub. Siz maraqlansanız görərsiniz ki, bizim teatrda universiteti bitirib gələn gənclər üstünlük təşkil edirlər. Çünki biz hər zaman onlara dəstək olmuşuq. Əfsuslar olsun ki, elə teatrlar var ki, gənclərə şərait yaratmır. İstedad heç vaxt itmir. Axır-əvvəl istedad görülür və onların gəncləri işə qəbul etməmə şansları olmur. O istedadına görə əvvəl-axır sənin yolun o teatrdan kəsişəcək”, - deyə aktrisa bildirib.
Seçilən
15
moderator.az

1Mənbələr