"Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsinin icrasına başlanılıb.
Layihə "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
"Bookline” mütaliə mədəniyyətinin təşviqinə yönəlmiş innovativ rəqəmsal kitab klubu platformasıdır.
Layihənin əsas məqsədi oxumağı təkcə fərdi fəaliyyət kimi deyil, sosial, interaktiv və analitik müzakirə mühiti kimi təqdim etməkdir. Platforma kitablar ətrafında açıq dialoq yaratmağı, xüsusilə gənclər arasında davamlı oxu vərdişlərini formalaşdırmağı və müasir oxucu davranışını müzakirə predmetinə çevirməyi hədəfləyir. 3 ay davam edəcək layihə çərçivəsində YouTube platformasında video podkastlar yayımlanacaq.
Buraxılışlarda yerli yazarlar və aktiv kitab blogerləri iştirak edərək müasir oxucu davranışı, kitab seçimi, sosial şəbəkələrin mütaliəyə təsiri, oxu mədəniyyətinin formalaşması və kitabların fərdi inkişafda rolu kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Podkastlar açıq, analitik və maarifləndirici formatda təqdim olunacaq.
Layihə yalnız video yayımlarla məhdudlaşmır.
Eyni zamanda, auditoriya ilə interaktiv əlaqənin qurulması, izləyici rəylərinin toplanması və kitab icmasının genişləndirilməsi əsas prioritetlərdəndir. Məqsəd rəqəmsal məkanda aktiv və davamlı oxucu platforması formalaşdırmaqdır. Layihənin sonunda yazıçılar, kitab blogerləri və kitabsevərlərin iştirakı ilə yekun tədbir keçiriləcək, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri ictimaiyyətə təqdim olunacaq.
"Bookline” rəqəmsal məkanda davamlı mədəni kontentin yaradılmasına, yerli ədəbi mühitin canlandırılmasına və oxucu icmasının genişlənməsinə xidmət edən uzunmüddətli sosial-mədəni təşəbbüs kimi fəaliyyət göstərəcək.