AZ

Çin avtomobilləri ilə bağlı QƏRAR VERİLDİ – Bu tarixdən MƏCBURİ OLACAQ

Son illər avtomobil sənayesində rəqəmsallaşma və futuristik dizayn tendensiyaları ön plana çıxsa da, təhlükəsizliklə bağlı artan risklər bəzi ənənəvi elementlərin yenidən gündəmə gəlməsinə səbəb olub.

Xüsusilə qeyri-standart sükan formaları, gizli qapı tutacaqları və tam elektron idarəetmə sistemləri ilə bağlı baş verən qəzalar və xilasetmə problemləri dünya üzrə mütəxəssisləri ciddi narahat etməyə başlayıb. Bu fonda Çin avtomobil sektorunda mühüm qərar qəbul edərək, təhlükəsizliyi prioritet hesab edən yeni standartlara keçid elan edib.

Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin yeni qaydalarına əsasən, 2027-ci il yanvarın 1-dən etibarən avtomobillərin sükan və qapı tutacaqlarının dizaynında məcburi dəyişikliklər tətbiq olunacaq.

Qaydalar Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanıb və yol hərəkəti təhlükəsizliyinin artırılmasına yönəlib.

Aparılan araşdırmalar göstərib ki, sürücü xəsarətlərinin təxminən 46 faizi yarım dairəvi və ya qeyri-standart sükan mexanizmləri ilə bağlıdır. Bu səbəbdən yeni reqlament belə sükanların istifadəsini qadağan edir və ənənəvi dairəvi formaya qayıdışı tələb edir.

Mütəxəssislərin fikrincə, dairəvi sükanlar qəza zamanı zərbəni daha geniş sahəyə yayaraq ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır.

Yeni qaydalarda diqqət çəkən digər mühüm məqam müasir avtomobillərdə geniş yayılmış gömülmüş və sensorlu qapı tutacaqları ilə bağlıdır. Son illərdə bir çox istehsalçı dizayn və aerodinamik üstünlüklər naminə bu tip tutacaqlara üstünlük versə də, qəza zamanı avtomobilin elektrik sistemi sıradan çıxdıqda qapıların açılmasında ciddi problemlər yaranır. Xüsusilə yanğın və ya güclü toqquşma hallarında xilasedicilərin avtomobilə müdaxiləsi çətinləşir.

Yeni qaydalara əsasən, bu riskin qarşısını almaq üçün mexaniki qapı tutacaqları yenidən məcburi olacaq.

Texnoloji dəyişikliklər bununla bitmir. Bildirilir ki, 2026-cı ildən etibarən avtomobillərdə uzun illərdir istifadə olunan hidravlik əyləc sistemi mərhələli şəkildə tam rəqəmsal texnologiya ilə əvəzlənməyə başlayacaq. “Elektron Mexaniki Əyləc” sistemi vasitəsilə hidravlik borular və mayelər istifadədən çıxarılacaq. Yeni sistem əyləc məsafəsini qısaltmaqla yanaşı, avtonom idarəetmə texnologiyalarının daha dəqiq və təhlükəsiz işləməsinə imkan yaradacaq. Eyni zamanda, sistem avtomobilin elektron təhlükəsizlik blokları ilə birbaşa əlaqədə çalışaraq qəza riskini minimuma endirməyi hədəfləyir.

Qeyd olunur ki, bu tələblər hazırda yalnız Çin bazarında istehsal olunan və satılan yeni avtomobillərə şamil edilir. Lakin ekspertlər hesab edirlər ki, Çin avtomobil sənayesinin qlobal bazarda böyük paya malik olması bu standartların gələcəkdə digər ölkələrdə də tətbiqinə yol aça bilər. Bir çox beynəlxalq brend artıq istehsal proseslərini bu dəyişikliklərə uyğunlaşdırmağa başlayıb.

Eldəniz Cəfərov

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, Çinin bu addımı avtomobil sənayesində təhlükəsizliyə yenidən baxılmasının göstəricisidir.

Onun sözlərinə görə, son illərdə dizayn və texnoloji görüntü təhlükəsizlikdən daha çox ön plana çəkilirdi.

Eldəniz Cəfərov qeyd edib ki, yarım dairəvi sükanlar və sensorlu qapı tutacaqları vizual baxımdan cəlbedici olsa da, real qəza şəraitində ciddi risk yaradır:

“İstehsalçılar futuristik görünüş naminə bəzən əsas təhlükəsizlik prinsiplərini arxa plana keçirirdilər. Çin bu qərarla göstərir ki, əsas prioritet insan həyatıdır. Dairəvi sükan və mexaniki tutacaq illərlə sınaqdan çıxmış təhlükəsiz elementlərdir”.

Ekspertin fikrincə, elektron mexaniki əyləc sisteminə keçid də mühüm mərhələdir:

“Bu texnologiya avtomobillərin həm daha sürətli reaksiya verməsinə, həm də avtonom idarəetmənin inkişafına şərait yaradacaq. Amma sistemin etibarlılığı tam sübut olunana qədər hidravlik əyləclərin paralel saxlanması vacibdir”.

O əlavə edib ki, bu yeniliklər gələcəkdə Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək:

“Çin istehsalı avtomobillər ölkəmizdə geniş yayılıb. Bu standartlar tətbiq olunmağa başladıqdan sonra bizdə satılan modellərdə də dəyişikliklər qaçılmaz olacaq”.

Tunar

NOCOMMENT.az 

Seçilən
22
1
nocomment.az

2Mənbələr