AZ

Mənimsəməyə görə tutulan sabiq xidmət rəisi ilə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin əmlaklarının müsadirə edilməsi barədə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Qeyd: Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

 

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib. Həmin qərardan Ali Məhkəməyə müraciət edib. Şikayət ərizəsində Rəşad Məlikzadənin ziyanın bir qismini ödədiyi, buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edildiyi qeyd olunub. Müdafiə tərəfi müsadirənin düzgün aparılmadığını əsas gətirərək kassasiya şikayəti verib.

 

Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

 

Rəşad Məlikzadə 9 369 411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848 000 manatını dövlət büdcəsinə ödəyib.

 

Kamal Məmmədov

Tarix: 23 Fevral 2026, 08:56   
Seçilən
11
pravda.az

1Mənbələr