AZ

Təcili islahatlar başlamasa, ölkə iqtisadiyyatını çox acınacaqlı vəziyyət gözləyir - professor

Təcili islahatlar başlamasa, ölkə iqtisadiyyatını çox acınacaqlı vəziyyət gözləyir - professor

Azərbaycanın keçmiş maliyyə naziri, professor Saleh Məmmədov özünün sosial şəbəkə hesabında ölkə iqtisadiyyatının cari vəziyyəti barədə geniş və kifayət qədər ciddi fikirlər bildirib.

AFN.az xəbər verir ki, sabiq nazir özünün feyzbuk səhifəsində Azərbaycanın 2050-ci ildə ola biləcəyi yeri analiz edib. S.Məmmədov qeyd edib ki, Statistika Komitəsi 2026-cı ilin birinci ayının iqtisadi və sosial inkişaf nəticələrini elan edib:

"Hər zaman qeyd etdiyimiz kimi, proqnozlar, işlənilən və qəbul olunan vaxtdan bəri, eləcə də nəticələr SOS siqnalı verir. Qarşıya qoyulan plan və proqnoz tapşırıqlarının heç biri yerinə yetirilməyib. İl boyu yerinə yetirilməsi də mümkün deyil. Çünki proqnozda heç bir iqtisadi və sosial göstərici bir-biri ilə uzlaşmır, daim biri digərini inkar edir, hər şey sanki, düşmən iqtisadiyyatının çökdürülməsinə hesablanıb. Məcazi olaraq desək, Sovet dövründə olduğu kimi, vəsait veriləndə material təhcizatı kəsilir, təhcizat veriləndə pul vəsaiti kəsilir."

Elmlə məşğul olmağa başlayandan heç vaxt ölkədə kapital qoyuluşları planı yerinə yetirilməyib, sovet məmurları planlaşmanı elə qururdu ki, nə etsən də yerinə yetirə bilməyəcəksən. 2026-cı ilin proqnozlarının hamısı biri-birini və məntiqi inkar edir. Tarix boyu elə bir iqtisadiyyat yoxdur ki, vergiləri artırsın (ciddi surətdə) və özündə də 2.9% artım olsun. Tarix elə bir təcrübə görməyib ki, bir ölkənin kapital qoyuluşu qədər pul-maliyyə resursu daxili dövriyyədən yayındırılsın və eyni zamanda iqtisadi aktivliyi təmin etsin.

2025-ci ildə strateji valyuta ehtiyatları 21 milyard manat həcmində artırıldı və bu vəsaitlər daxili dövriyyədən çıxarılaraq xarici banklara yerləşdirildi, amma əsas kapitala cəmi 21 milyard manat və ümumi daxili məhsulun cəmi 16%-i həcmində investisiya qoyulub. Ölkədən qaçan birbaşa investisiyaların həcmi ölkəyə gətirilən investisiyalardan bir neçə dəfə çox olmuşdur. Sanki ölkədə bütün iqtisadi tədbirlər ölkə daxili dövriyyənin qıtlaşmasına, iqtisadi aktivliyin zəifləmesine yönəlmişdir.

Müasir dünyada elə bir iqtisadiyyat yoxdur ki, elm xərclərini, elmi işçilərin sayını, elmi tədqiqat institutlarını ciddi surətdə azaltsın və eyni zamanda ciddi iqtisadi irəliləyişə nail olsun. Bu disproporsiyanın nəticəsidir ki, 2025-ci ildə ÜDM-in artımı 3.5% nəzərdə tutlduğu halda cəmi 1.4% artım alınmışdır. 2026-cı ilin yanvar ayında illik artım 2.9% nəzərdə tutlduğu halda, cəmi 1.7% artım alınmışdır.

Qonşu ölkələrdə heç bir resursa, maliyyə ehtiyatlarına malik olmayan Gürcüstan 2025-ci ildə 7.8%, 2026-cı ilin yanvar ayında isə 6.1% arım əldə etmişdir, uyğun olaraq Ermənistanda bu rəqəmlər 5.6% və 4.9% olmuşdur. Qonşu ölkələr ciddi artım yolunu seçmişdir və bütün göstəricilər üzrə (valyuta ehtiyatlarından başqa) Azərbaycanı xeyli üstələyir və artıma görə isə bir neçə dəfə irəlidədir. Cəmi 10-12 il bundən əvvəl əsas göstərici adambaşına düşən ÜDM-ə görə hər iki ölkə Azərbaycandan az qala iki dəfə geri qalırdı, indi xeyli irəlidədir və bu fərq getdikcə yüksəlir. (Cədvəl 1)

Sabiq nazir həyəcan təbili çalır. Onun sözlərinə görə, Azərbaycanda təcili islahat tədbirləri görülməsə, ölkə iqtisadiyyatını çox acınacaqlı vəziyyət gözləyir, hətta Nigeriya, Qabon, Venesuela kimi ölkələrdən daha ağır vəziyyət:

"Süni intellekt riyazi proqnozları göstərir ki, son 10-12 ilin baza məlumatlarına və siyasətə uyğun riyazi modelə görə 2050-ci ildə bu ölkə cəmi 35 milyard ümumi daxili məhsul istehsal edə biləcək, yəni dünyanın 15 ən zəif inkişaf etmiş ölkələri sırasına düşəcək. Əgər hökümət ciddi islahatlara başlaya bilsə (ölkənin hər cür potensial imkanları var) 2050-ci ildə Azərbaycan ən inkişaf etmiş top 15 ölkə sırasına daxil ola biləcək."

Təbii ki, iqtidarlı müxalifətli hər bir azərbaycanlı belə vəziyyəti ürək ağrısı ilə qarşılayır, tarix boyu əlimizə bir şans düşüb, niyə bu bataqlıq labirintindən çıxa bilmirik. Həmişə bu xalqın taleyi belə olub: böyük qələbələr, böyük torpaqlar, böyük uğurlar, amma zirvəyə çatmağa az qalanda tormozlanma gedir. Qalib ölkə məğlub iqtisadiyyatla ortaya çıxır. Amma o qələbənin dadını hər kəs hiss etmirsə, müvəqqəti olacaq, dayanıqlı sistem qurmaq lazımdır. Kənardan baxanda hər hansı bir iqtisadçı üçün hər şey gün kimi aydın görünür: belə iqtisadi sistem??? Bunu bir dünyanın ən inkişaf etmiş ölkələri olan İsveçrə, Sinqapur üçün tətbiq etsəniz mümkün deyil ki, bu ölkələr tab gətirsin, Azərbaycan iqtisadiyyatından pis vəziyyətə düşməsin”.

Seçilən
10
afn.az

1Mənbələr