AZ

“TikTok”da söyüşə görə həmyerlisini bıçaqladı, şərti cəza aldı

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərə vurmada təqsirləndirilən Alim Quluzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona şərti cəza verilib.

 

İttihama əsasən, Alim Quluzadə 20 avqust 2025-ci il tarixdə saat 17 radələrində tanışı, əvvəllər dostluq münasibətində olduğu zərərçəkmiş Dadaş Hümbətovu (adı, soyadı şərtidir) Zərdab rayonunun Qoşaoba kəndində yerləşən evinin yaxınlığında qisas niyyətillə bıçaqlayıb.

 

İstintaq materiallarına görə, hadisədən əvvəl zərərçəkmiş şəxs mobil telefon vasitəsilə və üzbəüz söhbət zamanı təqsirləndirilən şəxsin ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Bu səbəbdən Alim özü ilə gətirdiyi, istintaqla yeri müəyyən edilməyən mətbəx bıçağı ilə Dadaşa bir neçə zərbə endirib. Nəticədə o, zərərçəkmiş şəxsə kəsilmiş-deşilmiş yaralar yetirib.

 

Toplanmış tibbi sənədlərə əsasən, həmin xəsarətlər insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər kimi qiymətləndirilib.

 

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

 

Məhkəmə istintaqı zamanı Alim Quluzadə özünü təqsirli bilib və məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiqləyib. O deyib ki, Dadaşı uzun müddətdir tanıyıb, aralarında dostluq münasibətləri olub və şəxsi ədavət mövcud olmayıb. Hadisə günü saat 16 radələrində “TikTok” sosial şəbəkəsi vasitəsilə aralarında mübahisə yarandığını, zərərçəkmiş şəxsin onu təhqir etdiyini söyləyib. Bundan sonra tanışını evinin qarşısına çağırdığını, daha sonra zərərçəkmişi qorxutmaq məqsədilə avtomobillə Zərdab rayonu ərazisində “Dədə Qorqud” meydanı kimi tanınan ərazidə yerləşən mağazadan bir ədəd mətbəx bıçağı aldığını bildirib.

 

Onun sözlərinə görə, tanışları ilə birlikdə Dadaşın yaşadığı küçəyə gediblər. Zərərçəkmişə mesaj yazaraq çölə çıxmasını istəyib və saat təxminən 16:50 radələrində həmin yerə çatıb. Qısa müddət sonra Dadaş çölə çıxıb. Tərəflər arasında yenidən mübahisə yaranıb. Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş yenidən onu təhqir etdiyinə görə bıçaqla əvvəlcə çiyin nahiyəsinə zərbə vurmaq istəyib, lakin zərbə kürək nahiyəsinə dəyib. Daha sonra zərərçəkmiş ona tərəf hərəkət etdikdə, özünə zərbə endiriləcəyini düşündüyündən qarın nahiyəsinə ikinci zərbəni vurub. Dadaş onun yaxasından tutarkən bıçaq sağ qoluna dəyib. Hadisədən sonra bıçağı yaxınlıqdakı qamışlıq əraziyə tulladığını, zərərçəkmişin isə digər şəxslər tərəfindən avtomobillə xəstəxanaya aparıldığını deyib. O, daha sonra Zərdab Rayon Polis Şöbəsinə gedərək təslim olduğunu bildirib, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmişlə barışdığını məhkəmənin diqqətinə çatdırıb.

 

Məhkəmə istintaqı zamanı Dadaş Hümbətov da məhkəməyədək verdiyi ifadəni təsdiqləyib. O bildirib ki, hadisə günü “TikTok” sosial şəbəkəsində aralarında sözlü mübahisə yaranıb, bir qədər sonra təqsirləndirilən şəxs ona mesaj yazaraq küçəyə çıxmasını xahiş edib. Küçəyə çıxdıqda Alimi digər şəxslərlə birlikdə gözlədiyini görüb. Tərəflər arasında yenidən mübahisə yaranıb və bu zaman təqsirləndirilən şəxs bıçaqla onun kürək nahiyəsinə zərbə vurub. O, özünü müdafiə etmək üçün təqsirləndirilən şəxsin yaxasından tutduğunu, həmin anda qolunun da kəsildiyini bildirib. Daha sonra Alimin bıçağı qamışlığa atdığını, özü isə avtomobilə tərəf qaçdığını və digər şəxs tərəfindən xəstəxanaya aparıldığını deyib.

 

Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını məhkəmədə bəyan edib.

Tarix: 23 Fevral 2026, 08:22   
Seçilən
23
pravda.az

1Mənbələr