AZ

Tibetdə göllərin yoxa çıxması tektonik qırılmaları aktivləşdirib

Alimlər hesab edirlər ki, minilliklər əvvəl suyun azalması yer qabığının qalxmasına və qırılmaların hərəkətə keçməsinə təsir göstərib...

Poliqon Planet Today jurnalına istinadən xəbər verir ki, təxminən 115 min il əvvəl Cənubi Tibet ərazisində uzunluğu 200 kilometrdən çox olan nəhəng göllər mövcud olub. Bu gün həmin göllər xeyli kiçilib. Məsələn, Nam Ko gölünün uzunluğu hazırda cəmi 75 kilometrdir. Tədqiqatçılar göllərin itirdiyi suyun regionun geoloji sabitliyinə ciddi təsir göstərmiş ola biləcəyini bildirirlər.

Pekin şəhərində yerləşən Çin Geologiya Elmləri Akademiyasının alimi Çunrui Linin rəhbərlik etdiyi geoloqlar qrupu hesab edir ki, iri su hövzələri yer qabığına ciddi təzyiq göstərir. Göllər qurumağa başladıqda bu təzyiq azalır və yer qabığı tədricən yenidən qalxır. Bu proses ağır yüklənmiş gəminin yük boşaldıldıqca suyun üzərində yuxarı qalxmasına bənzədilir.

Cənubi Tibet geoloji baxımdan fəal zonadır. Təxminən 50 milyon il əvvəl başlayan Hindistan və Avrasiya materiklərinin toqquşması nəticəsində bölgədə böyük gərginlik toplanıb. Yer qabığında qədim çatlar və qırılmalar formalaşıb və onlar qırılma həddinə yaxın vəziyyətdə olub. Alimlər düşünürlər ki, göllərin kiçilməsi nəticəsində yer qabığının tədricən qalxması bu qırılmaları aktivləşdirərək zəlzələlərə səbəb ola bilərdi.

Tədqiqatçılar qədim sahil xətlərini xəritələşdirərək göllərin nə qədər su itirdiyini müəyyənləşdiriblər. Daha sonra kompüter modelləri vasitəsilə yer qabığının nə qədər qalxmalı olduğunu hesablayıblar. Nəticələr göstərib ki, bu dəyişikliklər yaxınlıqdakı qırılmaları hərəkətə gətirə biləcək səviyyədə olub.

Hesablamalara görə, 115 min ildən 30 min il əvvələ qədər Nam Ko gölündə suyun azalması yaxın qırılma xətti boyunca ümumilikdə 15 metr yerdəyişməyə səbəb olub. Nam Ko gölündən təxminən 100 kilometr cənubda yerləşən digər göllər isə eyni dövrdə daha çox su itirib və bəzi qırılmalarda 70 metrə qədər yerdəyişmə baş vermiş ola bilər.

Alimlərin hesablamalarına əsasən, bölgədə qırılmalar ildə orta hesabla 0,2 ilə 1,6 millimetr arasında yerdəyişmə yaşayır. Müqayisə üçün qeyd olunur ki, ABŞ-də Kaliforniya ştatından keçən məşhur San-Andreas qırılmasında illik yerdəyişmə təxminən 20 millimetr təşkil edir. Lakin orada əsas səbəb yerin dərin qatlarında baş verən tektonik proseslərdir. Yeni tədqiqat isə göstərir ki, yer səthində baş verən dəyişikliklər də qırılmalara əhəmiyyətli təsir göstərə bilər.

London Universitet Kollecinin alimi Metyu Foks bildirib ki, səth prosesləri bərk Yer qatına gözlənilməz dərəcədə güclü təsir göstərə bilər və landşaftın və ya tektonik regionun təkamülünü başa düşmək üçün səth və dərinlik proseslərinin qarşılıqlı əlaqəsi nəzərə alınmalıdır.

Kolorado Dövlət Universitetinin alimi Şon Qallen isə vurğulayıb ki, göllərin quruması hər zaman zəlzələ yaratmır. Bu yalnız yer qabığında artıq tektonik gərginlik toplanmış ərazilərdə mümkündür. Onun sözlərinə görə, tektonika əsas hərəkətverici qüvvə olaraq qalır, su yükündə dəyişiklik isə yığılmış gərginliyin necə və nə vaxt boşalacağını müəyyən edir.

Fransanın Renn Universitetindən Filip Stir qeyd edib ki, güclü fırtınalar nəticəsində baş verən sürətli eroziya və ya böyük həcmdə süxurların çıxarıldığı mədənlər də yer qabığının qalxmasına səbəb ola bilər.

Mütəxəssislər son buzlaşma maksimumunu da xatırladırlar. Təxminən 20 min il əvvəl Şimali Amerika və Avrasiyanın böyük hissəsi qalınlığı bir neçə kilometrə çatan buz örtüyü ilə örtülmüşdü. Təxminən 10 min il əvvəl buzlaqların böyük hissəsi ərisə də, onların yaratdığı böyük yük səbəbindən yer qabığı bu gün də qalxmaqda davam edir.

Bəzi tədqiqatçılar hesab edirlər ki, bu proses tektonik plitələrin sərhədlərindən minlərlə kilometr uzaqda baş verən güclü zəlzələləri izah edə bilər. Məsələn, 1811 və 1812-ci illərdə ABŞ-nin mərkəzi hissəsində Missisipi çayı vadisində 7 və 8 maqnitudalı üç güclü zəlzələ qeydə alınıb. Ehtimal olunur ki, qədim qırılmalarda yığılan gərginlik buzlaqların əriməsi və yer qabığının qalxması ilə boşalıb.

Alimlər bildirirlər ki, iqlim dəyişiklikləri tektonikanı birbaşa yaratmasa da, yer qabığındakı gərginliyə təsir göstərə bilər və bu amil gələcək təhlükə qiymətləndirmələrində nəzərə alınmalıdır.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr