Müharibə fonunda doğum səviyyəsi kəskin azalır, əhali sayı sürətlə aşağı düşür və ölkə dul qadınlar və yetimlərin artdığı məkana çevrilir...
Poliqon xəbər verir ki, ABŞ-nin CNN telekanalı Ukraynanın ağır demoqrafik böhranla üz-üzə qaldığını və ölkənin “dul qadınlar və yetimlər ölkəsinə” çevrildiyini bildirib. Kanalın hazırladığı materialda qeyd olunur ki, Rusiya ilə müharibənin dördüncü ildönümü ərəfəsində Ukraynada doğum səviyyəsi kəskin şəkildə azalır, əhali isə sürətlə azalmaqda davam edir.
Məlumata görə, ölkədə getdikcə daha çox insan sonsuzluq problemləri ilə qarşılaşır və ya övlad sahibi olmaq qərarını qeyri-müəyyən vaxta qədər təxirə salır. Eyni zamanda, döyüş bölgəsində itkilər artır, milyonlarla ukraynalı isə qaçqın kimi xaricdə məskunlaşıb. Bütün bunların nəticəsi olaraq Ukrayna hazırda dünyada ən ağır demoqrafik böhranlardan birini yaşayır.
“Bu, fəlakətdir. İnsan olmadan heç bir ölkə mövcud ola bilməz”, deyə Ukraynanın aparıcı demoqraflarından Ella Libanova CNN-ə bildirib. O vurğulayıb ki, hələ 2022-ci ilin fevralından əvvəl də Ukraynada əhalinin sıxlığı aşağı idi və ölkə ərazisi üzrə qeyri-bərabər paylanmışdı.
Libanovanın sözlərinə görə, münaqişə başlayandan bəri Ukrayna təxminən 10 milyon nəfər itirib. Onun qeyd etdiyi kimi, doğum səviyyəsi illərdir azalırdı və bu, ümumilikdə Avropada müşahidə olunan tendensiyanın bir hissəsi idi. Lakin hazırkı şəraitdə bu göstərici faktiki olaraq çöküb.
2025-ci ilin sentyabrında yayılan məlumatlara əsasən, Ukraynanın əhalisi 29 milyon nəfərdən aşağı düşüb. Ekspertlər hesab edirlər ki, uzunmüddətli müharibə, iqtisadi qeyri-müəyyənlik və kütləvi miqrasiya ölkənin gələcək demoqrafik inkişafına ciddi və davamlı təsir göstərəcək.
Poliqon.info