İŞİD terror təşkilatından olan məhbusların Suriyadan İraqa köçürülməsi əməliyyatı uğurla başa çatıb. Onlar İraqdan vətəndaşı olduqları ölkələrə qaytarılacaqlar.
"Unikal" xəbər verir ki, bunu İraqın Milli Təhlükəsizlik Müşavirliyinin strateji məsələlər üzrə müşaviri Səid əl-Ciyaşi İraq xəbər agentliyinə açıqlamasında deyib.
O əlavə edib ki, İŞİD məhbuslarının köçürülməsi milli təhlükəsizliyin tələbi ilə həyata keçirilib. “Suriyada istisna hallar oldu, bəzi həbsxanaların təhlükəsizliyi sahəsində pozuntular baş verdi. Bəzilərinin qapıları açıldı və məhbuslar qaçdı. Buna görə də rəsmi elan olunan sayda məhbus İraqa köçürülərək güclü mühafizə olunan həbsxanalara yerləşdirildi”, - deyə müşavir bildirib.
İraq rəsmisi vurğulayıb ki, bütün təhlükəsizlik qurumlarının iştirakı və Ali Məhkəmə Şurasının nəzarəti ilə lazımi təhlükəsizlik tədbirləri görülüb. Köçürmə əməliyyatı Terrorla Mübarizə Xidmətinin rəhbərliyi altında həyata keçirilib və proses uğurla tamamlanıb, heç bir səhv qeydə alınmayıb.
Səid əl-Ciyaşi qeyd edib ki, Milli Təhlükəsizlik Müşavirliyi son beş ildə Suriyadakı həbsxanaların İraqın təhlükəsizliyinə təhdid yaratdığı barədə xəbərdarlıq edirdi. İndi İŞİD məhbuslarının İraqda təhlükəsizlik qurumlarının və məhkəmə sisteminin nəzarəti altında saxlanılması gələcəkdə hansısa toqquşmanın baş verməsinə gətirib çıxara biləcək açıq, nəzarətsiz mühitdə qalmalarından daha məqsədəuyğundur.
Vurğulanıb ki, məhbusların İraqda qalması daimi deyil və hökumət onların vətəndaşı olduqları ölkələrə qaytarılması üzərində işləyir.