AZ

Şahmat Federasiyasının prezidenti: Azərbaycan çempionatına maraq yüksək idi

Bakı, 22 fevral, Cavid Əliyev, foto Azər İbrahimov, AZƏRTAC

Artıq ikinci ildir ki, çempionat fərqli reqlamentlə keçirilir. Görünən odur ki, bu format şahmatçılar üçün də idman mübarizəsinin gərginliyi və marağı baxımından olduqca uyğundur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.

Yarışa marağın yüksək səviyyədə olduğunu bildirən Federasiya prezidenti əlavə edib: "Bu da formatın uğurlu olduğunu göstərir. Bunu eksperiment adlandırmaq düzgün olmaz. Artıq bu sistem tətbiq olunur və düşünürəm ki, davamlı olacaq. Gələcəkdə mükafat fondunun da artırılması mümkündür və istərdik ki, bölgələrdə yaşayan azarkeşlər də bu atmosferi daha yaxından hiss edə bilsinlər”.

Çempionatda maraqlı nəticələrin qeydə alındığını diqqətə çatdıran Mahir Məmmədov deyib: “Hər şey idman prinsipləri və ədalət çərçivəsində baş verdi. Məhəmməd Muradlı artıq iki dəfə Azərbaycan çempionu olmuşdu və bu il üçüncü dəfə bu titulu qazandı. Bir çoxları Şəhriyarın yenidən çempion olacağını gözləyirdi. O, uzun illər əvvəl iki dəfə bu ada layiq görülmüşdü və 22 ildən sonra bunu təkrarlamaq istəyirdi. Lakin bu dəfə də finalda məğlub oldu. Qadınların yarışında da maraqlı mübarizə izlədik. Ülviyyə ötən il, səhv etmirəmsə, 1/4 və ya yarımfinal mərhələsində mübarizəni dayandırmalı olanda çox gərgin hisslər yaşanmışdı. Həmin anlarda Federasiyanın bəzi üzvləri onu sakitləşdirməyə çalışırdılar. Bu dəfə isə vəziyyət fərqli idi. Ayan da çox ləyaqətli və yüksək səviyyədə oyun nümayiş etdirdi. Şahmatda hər şey bir anda dəyişə bilir. Bu görüşdə də vəziyyət 180 dərəcə dəyişdi və partiyanın axarı tamamilə fərqli istiqamət aldı. Şahmatda play-off sistemi özünəməxsus dinamika yaradır. Hətta tay-brek mərhələsinin olması yarışa əlavə həyəcan qatır. Bəzən təsadüfi məqamlar da olur, amma ümumilikdə bu format çox maraqlı və baxımlıdır. Yaranan ajiotaj isə bizim üçün çox müsbət və sevindirici amildir".

 

Seçilən
14
1
azertag.az

2Mənbələr