AZ

Trampın mesajı: Azərbaycan artıq qlobal oyunçudur

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Vaşinqtonda keçirilmiş Sülh Şurasının ilk iclasında Azərbaycanın iştirakı sadəcə diplomatik görünüş deyil, strateji üstünlük və regional mövqeyin güclənməsi deməkdir”.

Bu sözləri Globalinfo.az-a deputat Rövşən Muradov deyib.

O bildirib ki, Azərbaycanın bu iclasda iştirakı regionun taleyinin artıq kənar güclərin rəqabət predmetindən çıxaraq məsuliyyətli tərəfdaşlıq modelinə keçdiyini göstərir:

“Prezident İlham Əliyevin Vaşinqton platformasında təmsil olunması post-münaqişə reallığının beynəlxalq səviyyədə rəsmi qəbulunu təmin edir, ölkəni regional proseslərin obyektindən qərar verən və təsir göstərən tərəfə çevirir, investisiya risklərini azaldır, geoiqtisadi etibarlılığı və enerji-tranzit layihələrinin davamlılığını möhkəmləndirir. Eyni zamanda Azərbaycan sülh gündəliyini öz maraqlarına uyğun formalaşdırmaqla diplomatik manevr imkanlarını genişləndirir və çoxqütblü beynəlxalq sistemdə balans yaradan əsas güc mərkəzi kimi mövqeyini gücləndirir, qlobal siyasət arenasında strateji öncüllüyünü təmin edir.

Vaşinqton platformasında qəbul edilən maliyyə intizamı və şəffaflıq prinsipləri göstərdi ki, post-münaqişə mərhələsi təsadüfi deyil, strukturlaşdırılmış və uzunmüddətli mexanizmlərlə qorunacaq. Burada əsas məsələ müharibənin bitməsi deyil, müharibədən sonrakı mərhələnin idarə olunmasıdır. Azərbaycan bu idarəetmə modelinin yalnız iştirakçısı yox, hətta müəlliflərindən biri kimi çıxış edir. 2025-ci ilin avqustundan etibarən Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan dinamika klassik diplomatik intensivlik çərçivəsini aşaraq strateji koordinasiya mərhələsinə keçib. Bu dövrdə enerji təhlükəsizliyi, Orta Dəhlizin funksionallığı, regional sabitlik, investisiya mühiti və təhlükəsizlik əməkdaşlığı paralel istiqamətlərdə müzakirə olunub. ABŞ üçün Azərbaycan Avrasiya enerji xəritəsində sabit və proqnozlaşdırıla bilən tərəfdaşdır. Azərbaycan üçün isə Amerika qlobal maliyyə, texnologiya və təhlükəsizlik sistemlərinə inteqrasiyanın açar aktorudur. Bu yaxınlaşma emosional jestlərə yox, qarşılıqlı maraqların rasional uzlaşmasına əsaslanır”.

Deputat əlavə edib ki, Vaşinqton üçün Cənubi Qafqazda sabitlik enerji marşrutlarının təhlükəsizliyi və alternativ tranzit xətlərinin davamlılığı deməkdir:

“Bakı üçün isə bu əməkdaşlıq regional təsir imkanlarının genişlənməsi və beynəlxalq legitimliyin dərinləşməsidir. Münasibətlər artıq yalnız ikitərəfli gündəmlə məhdudlaşmır, onlar regional təhlükəsizlik arxitekturasının elementinə çevrilib. Bu mərhələ göstərir ki, Azərbaycan çoxqütblü beynəlxalq sistemdə balans yaradan və müxtəlif güc mərkəzləri arasında koordinasiya imkanı olan əsas iştirakçı kimi qəbul olunur. İlham Əliyev-Tramp dialoqunun əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan artıq təkcə regional sabitliyin təminatçısı deyil, qlobal təhlükəsizlik və enerji arxitekturasında etibarlı tərəfdaş kimi qiymətləndirilir. Bu münasibətlərin strateji dərinliyi iki ölkə arasında siyasi etimadın formalaşmasını və əməkdaşlığın institusional səviyyəyə yüksəlməsini göstərir. Vaşinqton platforması və 2026-cı ilin ilk aylarında aparılan diplomatik aktivlik göstərir ki, Azərbaycan yeni geosiyasi mərhələyə qədəm qoyub. Dövlət siyasətinin mərkəzində artıq sabitliyin qorunması yox, sabitlikdən strateji dəyər yaradılması dayanır”.

R.Muradov bildirib ki, Prezident İlham Əliyevin diplomatik xətti 2026-cı ilin əvvəlindən sistemli dövlət strategiyasının praktik icrasıdır:

“Yaxın Şərqdə enerji və investisiya dialoqunun genişləndirilməsi, Avropa platformalarında siyasi təmasların intensivləşdirilməsi, Balkanlarda əməkdaşlıq şəbəkəsinin möhkəmləndirilməsi və qlobal təhlükəsizlik forumlarında fəal iştirak vahid konsepsiyanın tərkib hissələridir. Bu fəaliyyət təsadüfi səfərlər toplusu deyil, bu, Azərbaycanın özünü geosiyasi keçid nöqtəsindən geosiyasi mərkəzə transformasiya etmək strategiyasıdır. Müasir xarici siyasət kursu və İlham Əliyevin ardıcıl diplomatik fəaliyyəti dövlətçilik ənənələrinin, milli maraqların qorunması prinsipinin və suveren qərarvermə iradəsinin təcəssümüdür. Bu siyasət güc balansına əsaslanan praqmatik yanaşmanı, beynəlxalq hüquqa hörməti və çoxtərəfli əməkdaşlıq modelini birləşdirərək Azərbaycanın regional sabitliyin təminatçısı və etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir”

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr