Basketbol üzrə Azərbaycan Kubokunun finalında "Sabah"ı məğlub edən "Gəncə"nin baş məşqçisi Halil Atlı oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, kuboku ilk dəfə qazanmaları ilə bağlı bu sözləri deyib:
"Ardıcıl iki mövsüm kubokda final oynadıq. Bu, uğurdur. Daha öncə də "Gəncə" trofeyi qazanıb. Kubok yenə Gəncəyə gəlir, bunu bacardıq. Çox xoşbəxtik. Daha əvvəl də söylədim, belə oyunlarda kim qələbə qazanmaq üçün daha çox istəkli olursa da, o da qalib gəlir. Çünki buna bir dəfə haqqın var. Komandamız əvvəldən sona kimi uğura inandı. "Neftçi" ilə çətin oyun keçirdik, "Şəki" önündə üstün olduq. Final oynamağa haqq qazandıq. Bu gün də yüksək büdcəli, səviyyəli məğlub edərək kuboku əldə etdik. Hamını təbrik edirəm. Basketbolçular verilən tapşırıqları yerinə yetirdilər, oyuna kökləndilər, meydanda əla reaksiya verdilər. Məğlub edilməsi çətin görünən komandaya qalib gəldik. Bu kuboku Gəncəyə, gəncəlilərə həsr edirik. Klub rəhbərliyinə təşəkkür edirəm. İlk gündən dəstək oldular. Hər mövzuda, hər addımda yanımızda oldular. Bu kubokda onların da zəhməti var. Bütün diqqətimizi çempionata yönəldəcəyik. Az vaxtımız qaldı. Liqanı ən yaxşı şəkildə tamamlamaq istəyirik.
View this post on Instagram