“Qarabağ”ın Avropa Liqasında “Nyukasl”a böyükhesablı məğlubiyyətindən (1:6) sonra klub daxilində ciddi gərginlik yaranıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi Qurban Qurbanov nizam-intizam qaydalarını pozan belçikalı müdafiəçi Sami Mmaeni əsas komandadan uzaqlaşdırıb.
Təcrübəli mütəxəssisin bu qərarına səbəb kimi sportinfo.az futbolçunun “Nyukasl”la matçdakı davranışını göstərib. Belə ki, qarşılaşmanın ilk yarısında Bəhlul Mustafazadə zədələnərkən Qurbanov meydana Saminin yox, Bədavi Hüseynovun daxil olmasının a qərar verib. Mmaenin bu seçimlə razılaşmayaraq etiraz etməsi baş məşqçinin sərt reaksiyasına yol açıb.
Hazırda əsas komandadan kənarlaşdırılan legioner “Qarabağ-2”nin məşqlərinə qoşulub. Onun fevralın 23-də keçiriləcək “Zirə-2” - “Qarabağ-2” matçında meydana çıxacağı gözlənilir. Bu hadisələrdən sonra Saminin “Nyukasl”la cavab oyunu üçün İngiltərəyə aparılacağı inandırıcı görünmür.