Oxu.az saytına istinadən ain.az xəbər verir.
Bakıda ABŞ-də yaşayan azərbaycanlı rəssam Vüqar Quliyevin "Dönüş nöqtəsi" adlı sərgisinin açılışı olub.
Oxu.Az rəssamla ilham mənbəyi, yaradıcılıq istiqamətləri və gələcək planları barədə söhbətləşib.
- İlhamı haradan alırsınız?
- Həyatdan. Ətrafımda baş verən hər şeydən. Təbiət, insanlar, dostlar, psixoloji və emosional amillər - hər şeyin mütləq mənası var. Məni əhatə edən, həyatıma təsir göstərən, eləcə də mənim özümün təsir etdiyim hər şey.
- Rəsmləriniz bir qədər Səttar Bəhlulzadənin işlərini xatırladır. İncəsənət dünyasında kumiriniz varmı? Özünüzü Azərbaycan rəssamlıq məktəbinin davamçısı hesab edirsinizmi?
- Düzünü desəm, buna mən hökm verə bilmərəm. Özümü Azərbaycan rəssamlıq məktəbinin davamçısı adlandırmazdım. Bəli, vaxtilə Səttar Bəhlulzadə sevimli rəssamım olub. Amma konkret kumirim yoxdur. Sadəcə, onu deyə bilərəm ki, alman rəssamlığı mənə yaxındır.

- Elə bir rəssam varmı ki, işlərinə baxıb "mən də belə çəkmək istərdim" deyəsiniz?
- Çətin sualdır. Mən kiməsə bənzəmək istəmirəm. Sadəcə, necə hiss edirəmsə, elə də yaradıram. Başqasının üslubunu təkrarlamaq məqsədim deyil.
- Fotolarda rəsmləriniz sanki piksellərdən yığılmış kimi görünür. Bu texnikanın adı nədir?
- Konkret adı yoxdur. Bu, özüm üçün tapdığım bir üsuldur. Bu yolla vibrasiya hissini ötürürəm. İstəyirəm ki, tamaşaçıya rənglər titrəyirmiş kimi gəlsin. Bu mənimçün vacibdir. Vibrasiya elə zamanın özüdür. Zamanın əsas xüsusiyyəti isə hərəkət və dalğalanmadır. Həyatımızda hər şey vibrasiyalardan ibarətdir. Mən statikliyi yox, onun ətrafında baş verən enerjini göstərməyə çalışıram. Hərçənd, statik işlər də yaradıram.
- Rəsmlərinizdə neonvari işıqlanma hiss olunur. Nə üçün bu rənglərdən istifadə etməyə başlamısınız?
- Hər rəssam dünyanı öz prizmasından görür. Səttar Bəhlulzadəni xatırlatdınız - onun mənzərələrinə baxanda da onların reallıqdan fərqləndiyini görürük. O, bəzən kompozisiyanı dəyişə bilər, təbiətdə olmayan elementi əlavə edə bilərdi, çünki dünyanı elə görürdü. Rejissorlarda da belədir - hər kəsin öz baxış bucağı var, bu da onların üslubudur. Mənim prizmam da budur: dünyanı bu rənglərdə görür və belə təqdim edirəm.

- Gələcək planlarınız nələrdir?
- İşləmək. Bu hər şeyi ifadə edir. Yayda ABŞ-nin Virciniya ştatında fərdi sərgim planlaşdırılıb. Yaxın planlar bunlardır, sonrasını - zaman göstərəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.