Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin Ukraynadan yalnız bir halda geri çəkilə bilər – məğlubiyyət nəticəsində.
Qaynarinfo xəbər verir ki, bu fikri britaniyalı jurnalist və politoloq Dominik Louson "The Times” qəzetində dərc olunan köşə yazısında irəli sürüb.
Müəllif yazır ki, Böyük Britaniyanın Şərqi Sasseks bölgəsində "Ukrayna üçün ev” proqramı çərçivəsində 2022-ci ildə anası ilə birlikdə köçən Yeqorun 14 yaşı qeyd olunduğu bir vaxtda, Kiyevdə uşaqlar Rusiyanın enerji infrastrukturuna qəsdən endirdiyi zərbələr səbəbindən soyuqda qalır. Lousonun fikrincə, əksər ukraynalılar üçün müharibə bu il də başa çatmayacaq.
"The Wall Street Journal”ın baş xarici müxbiri Yaroslav Trofimovun sözlərinə istinad edən müəllif qeyd edir:
"Vaxtınızı qoruyun və Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı "sülh danışıqları" teatrını görməzlikdən gəlin. Rusiya Ukraynanın kapitulyasiyasına nail olmayınca müharibəni dayandırmaq niyyətində deyil, Ukrayna isə təslim olmalı olduğu nöqtədən hələ çox uzaqdadır. Qalan hər şey səs-küydür".
Lousonun fikrincə, Moskva itkilərə baxmayaraq, Krım da daxil olmaqla işğal olunmuş ərazilər üzərində nəzarəti saxlayacağı şərtlərlə sülhə razılaşmaq niyyətində deyil. O hesab edir ki, Putin üçün Ukraynanın tam kapitulyasiyasından başqa alternativ yoxdur. Müəllif daxili və strateji risklərə diqqət çəkərək sual edir:
"O, müharibədən şikəst qayıdan və bir çoxunun kriminal keçmişi olan yüz minlərlə kişini Rusiya cəmiyyətinə necə inteqrasiya edəcək?"
Yazıda qeyd olunur ki, Rusiya iqtisadiyyatı və cəmiyyəti ardıcıl şəkildə hərbiləşdirilir: federal xərclərin təxminən 40 faizi müdafiəyə yönəldilir, məktəblilərə pilotsuz uçuş aparatlarından və atıcı silahlardan istifadə öyrədilir. "Global Rights Compliance” fondunun nümayəndəsi Anastasiya Vorobyova bildirir:
"Rusiya təhsil sistemindən strateji silah kimi istifadə edir ki, müharibəni normal hal kimi qəbul edən və hərbiləşdirilmiş nəsil formalaşdırsın".
"Oskar” mükafatına namizəd göstərilən Pavel Talankinin "Cənab Heç Kim Putinə qarşı” sənədli filmi məktəblilərin qumbara atmağı və avtomatik silahlardan istifadəni necə öyrəndiyini göstərir. Filmdə Putin belə deyir: "Müharibələri komandirlər yox, müəllimlər qazanır”.
Louson vurğulayır ki, Ukrayna ilə hər hansı kompromis Rusiyada formalaşmış hərbiləşdirilmiş iqtisadi və ictimai strukturu dəyişməyəcək. Onun fikrincə, yeni münaqişələr qaçılmaz olacaq:
"Hərbiləşdirilmiş iqtisadiyyat və cəmiyyət başqa model naminə ləğv edilməyəcək. Əksinə, ya yeni müharibəyə, ya da Ukraynadakı müharibəyə qayıdışa ehtiyac yaranacaq”.
Müəllif hesab edir ki, Rusiya cəmiyyəti üçün əsas dərs yalnız Putinin məğlubiyyəti ilə mümkün ola bilər:
"Putinin bütöv bir nəslin şüuruna nə etdiyini düşünəndə, onların başqa dərs almasının nə qədər vacib olduğu daha aydın görünür. Bu isə yalnız məğlubiyyət yolu ilə mümkündür”.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.