AZ

Televiziya: Maarif ocağı, yoxsa mənəvi aşınma məkanı? » AzadMedia.az


Bir zamanlar televiziya evlərin ən hörmətli qonağı idi. Axşam saatlarında ailə üzvləri ekran qarşısına toplaşar, maarifləndirici verilişlərə, səviyyəli müzakirələrə, ədəbi-bədii proqramlara baxardılar. Televiziya yalnız əyləncə vasitəsi deyil, həm də tərbiyə məktəbi, düşüncə platforması, mədəniyyət tribunası idi.
Lakin son illərdə efir məkanında müşahidə olunan mənzərə ciddi narahatlıq doğurur. Reytinq xatirinə milli-mənəvi dəyərlərin tapdanması adi hala çevrilib. Əxlaq sərhədləri aşılır, ailə məsələləri ictimai tamaşaya çevrilir, şəxsi həyat sensasiya predmetinə dönür. Kim kimin həyat yoldaşı ilə münasibətdədir, kim kimin ailəsini dağıdıb, kim nikahdan kənar övlad dünyaya gətirib – bu kimi mövzular açıq-aşkar efirdə müzakirə olunur və normal hal kimi təqdim edilir.
Bu, sadəcə zövq məsələsi deyil. Bu, gələcək nəsillərin dünyagörüşü məsələsidir.
Televiziya cəmiyyətin güzgüsüdür deyirlər. Amma sual yaranır: biz güzgüdə özümüzü görürük, yoxsa bizə göstərilən süni bir obrazı qəbul etməyə məcbur qalırıq? Səsi, sənəti, mədəniyyəti ilə deyil, qalmaqalı ilə gündəmə gələn “məşhurların” efirə çıxarılması, süni şouların qurulması, bayağı dialoqların normallaşdırılması gənclərin şüuraltına təsirsiz ötüşmür.
Media sahəsinə peşəkar jurnalistika prinsiplərini bilməyən, etik çərçivəni tanımayan şəxslərin daxil olması vəziyyəti daha da ağırlaşdırıb. Şantaj, reketçilik, qərəzli informasiyalar və sifarişli materiallar medianın nüfuzuna ciddi zərbə vurub. Nəticədə cəmiyyətin media institutuna olan etimadı sarsılıb.
Unutmaq olmaz ki, informasiya gücdür. Bu güc ya maarifləndirər, ya da zəhərləyər. Efirə çıxarılan hər söz, hər fikir, hər obraz minlərlə gəncin düşüncəsinə təsir edir. Ailə dəyərlərinin məsxərəyə qoyulması, xəyanətin şou predmetinə çevrilməsi, abır-həyanın köhnəlmiş anlayış kimi təqdim edilməsi sosial aşınmaya yol açır.

Bəs çıxış yolu nədir?

İlk növbədə media məsuliyyət anlayışını yenidən dərk etməlidir. Reytinq naminə mənəviyyat qurban verilməməlidir. Peşəkar jurnalistika prinsipləri – obyektivlik, etik davranış, ictimai maraq – əsas meyar olmalıdır. Televiziya təkcə əyləndirməməli, həm də düşündürməli, maarifləndirməli, örnək göstərməlidir.
Valideynlərin də məsuliyyəti böyükdür. Gənc nəslin hansı məzmunu izlədiyinə nəzarət edilməli, alternativ olaraq kitab oxumaq, teatr, elm və mədəniyyətə maraq təşviq olunmalıdır.
Cəmiyyət olaraq seçim qarşısındayıq: səviyyəsiz şouların tamaşaçısı olmaq, yoxsa keyfiyyət tələb edən şüurlu auditoriyaya çevrilmək.
Çünki media necədirsə, gələcək də elə formalaşır.

Şəmsiyyə Kərimova
Əməkdar jurnalist
22.02. 2026 Bakı
Seçilən
30
1
azadmedia.az

2Mənbələr