22 Fevral – Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində tədbir keçirilib. Agentliyin akt zalında təşkil olunan tədbiri giriş nitqi ilə İdarə Heyətinin sədri Vüsal Nəsirli açıb.
“İki sahil” xəbər verir ki, Vüsal Nəsirli kollektivi peşə bayramı münasibətilə təbrik edərək onlara yeni nailiyyətlər arzulayıb. O bildirib ki, 22 Fevral tarixinin peşə bayramı kimi təsis olunması yol təsərrüfatı sahəsinə verilən yüksək dəyərin göstəricisidir. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yol infrastrukturunun inkişafı ölkənin ümumi tərəqqisinin əsas şərtlərindən biridir. Bu siyasət nəticəsində müasir və beynəlxalq standartlara cavab verən avtomobil yolları şəbəkəsi formalaşdırılır.
İdarə Heyətinin sədri Vətən müharibəsindən sonra yol infrastrukturunun əhəmiyyətinin daha da artdığını vurğulayıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası və Böyük Qayıdış prosesi müasir yol şəbəkəsinin qurulması ilə başlanıb. Hazırda həmin ərazilərdə onlarla mühüm layihə icra olunur, bir sıra strateji yollar artıq istifadəyə verilib. İnşa edilən yollar, tunellər və körpülər həm mühəndislik nümunəsi, həm də Böyük Qayıdışın rəmzidir.
Vüsal Nəsirli ölkə üzrə iri infrastruktur layihələrinin davam etdiyini qeyd edərək yol infrastrukturunun keyfiyyətinin yüksəldilməsinin, layihələrdə səmərəliliyin artırılmasının və müasir texnologiyaların tətbiqinin Agentliyin əsas prioritetləri olduğunu diqqətə çatdırıb.
Sonda yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə Agentliyin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.