AZ

Abel Məhərrəmov və “işsiz” deputatlar Şeyxin tədbirində nə gəzir?

BDU-nun sabiq rektoru Abel Məhərrəmovun “qələminin necə qırıldığı” yəqin ki, çoxlarının yadındadır. Yaddan çıxaranlara xatırladaq ki, A.Məhərrəmov 20 il başçılıq etdiyi universitetin rektorluğundan 2018-ci ildə Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkbində İspaniya səfərindən sonra vidalaşmalı oldu.

Həmin vaxt mediada dərc edilən məlumatlara görə, Abel Məhərrəmov Azərbaycan nümayəndə heyətini, onun oğlunun səfir işlədiyi İspaniyaya aparan təyyarədən öz şərab biznesi üçün istifadə edib. Lakin İspaniya tərəfi təyyarəni saxlayaraq, Məhərrəmovun şərab yükünü boşaldıb. Bu da təyyarəni saatlarla ləngidib...

Lakin A. Məhərrəmovu “yandıran” səbəb təkcə bu olmayıb. Akademik Madridin “Eurostar Madrid” otelinin restoranında o vaxt adı çəkilməyən millət vəkili ilə(sonradan bunun Siyavuş Novruzov olduğu iddia edildi) yeyib-içdiyi vaxt dava-dalaş salıb. “Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər narahat olublar, işə polis qarışıb. A.Məhərrəmov həmin vaxt Şeyxlə də “haqq-hesab çürütmək” istəyib. Deyilənə görə, o vaxt Azərbaycanın İspaniyadakı səfiri, akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi “hörmətsizlik”lər onu özündən çıxarıb. Hətta iddia olunurdu ki, A.Məhərrəmov Şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına “tərbiyə” verməsi” tələbi ilə restorana gətizdirib...

Bu qalmaqal gözlənildiyi kimi, A.Məhərrəmovun başında çatlayıb. Həmin vaxt medianın yazdığına görə, A.Məhərrəmovun rektorluqdan çıxarılması da Şeyxin yuxarılara təqdimatından dərhal sonra baş verib. Yəni, bir sözlə, Məhərrəmovun karyerasının üzərindən xətt çəkilməsi, deyilənə görə, Şeyxin “əl işi” olub.

Bundan sonra Şeyx təkzib xarakterli açıqlamalar versə də, heç kim buna inanmadı...

Bunları niyə xatırladırırıq? Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qərbi Azərbaycan İcmasının rəhbər heyəti ilə görüş keçirilib. Görüşlə bağlı sosial şəbəkədə paylaşılan məlumat və fotolarda diqqət çəkən məqamlardan biri odur ki, görüşə qatılanlar arasında Şeyxin bir vaxt “qələmini qırdığı” Abel Məhərrəmov da olub. Yəni, bir növ “mehriban düşmənlər” bir araya gəlib.

Görünür, A.Məhərrəmov ya kinli adam deyil, hansı ki, buna inanmaq çox çətindir, ya da Şeyxlə intriqa aparmağın, ona qarşı əsl hislərini biruzə verməyin ziyanlı olduğunu anlayacaq qədər ağıllıdır. Ancaq hər necə olsa, bu görüş səhnəsi kifayət qədər ziddiyyətli və maraqlıdır. Hər Şeyxi gördüyündə Məhərrəmovun ürəyindən necə “qara qanlar axdığını” isə təsəvvür etmək elə də çətin deyil...

Bu görüşlə bağlı daha bir diqqət çəkən məqam orada nə QMİ-yə, nə də Qərbi Azərbaycan İcmasına heç bir aidiyyatı olmayan, əsasən cənub bölgələrimizi təmsil edən – Lənkərandan deputat edilən Fazil İsmayılzadə, Anar İsgəndərov və 76 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı olan Şeyxin qardaşı Cavanşir Paşazadə kimi millət vəkillərinin iştirakıdır.

Ümumiyyətlə, Azərbyacanda millət vəkillərini tez-tez onların fəaliyyəti ilə, Milli Məclisdəki işi ilə heç bir əlaqəsi olmayan tədbirlərdə, açılışlarda, hətta reklam xarakterli aksiyalarda görürük. Məsələn, C.Paşazadəni qardaşının tədbirlərində, toplantılarında tez-tez görmək olar. İndi Lənkəran-Masallı dairələrindən olan deputatlar da ona qoşulublar. Görəsən, onların QMİ-də hansısa vəzifələrimi var? Bəlkə bu deputatların dairələrindəki seçicilərin heç bir problemi, dərdi yoxdur? Bəlkə hər şeyi həll ediblər? Yaxud gündə bir qanunverici təşəbbüslə, dəyişiklik tələbilə çıxış etməkdən, xalqın, seçicinin səsini çatdırmaqdan yorulublar?

Ümumiyyətlə, bir qrup deputatlar var ki, sanki onların birbaşa məşğul olmalı olduqları işi, vəzifəsi yoxdur, işi-gücü “bəzənəb düzənib” yerli-yresiz, mənalı-mənasız tədbirlərdə iştirak etməkdir. Görünür, camaat bunları məhz bunun üçün “seçib”...

“AzPolitika.info” 


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr