AZ

Pezeşkian: İran ABŞ təzyiqlərinə boyun əyməyəcək

BAKI, 22 fevral. TELEQRAF

İran nüvə danışıqlarında ABŞ-nin təzyiqlərinə boyun əyməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian deyib.

Ölkə başçısı amerikalı həmkarı Donald Trampın Tehranı nüvə proqramı ilə bağlı razılaşmaya məcbur etmək üçün məhdud zərbələr endirməyi nəzərdən keçirdiyini bildirməsindən sonra geri çəkilməyəcəklərinə söz verib.

Pezeşkianın səsləndirdiyi bu fikirlər ABŞ-nin iki təyyarədaşıyan gəmi və onlarla qırıcı yerləşdirərək hərbi iştirakını gücləndirdiyi Fars körfəzində gərginliyin yüksəldiyi bir vaxta təsadüf edir.

"Biz bu çətinliklərin heç birinin qarşısında boyun əyməyəcəyik" , - deyə Prezident İranın Paralimpiya komandasının üzvlərinin şərəfinə keçirilən mərasimdə vurğulayıb.

O, çıxışında Qərb dövlətlərini də sərt tənqid edib: "Dünya gücləri bizi baş əyməyə məcbur etmək üçün qorxaqlıqla sıraya düzülüblər. Siz (paralimpiyaçılar) çətinliklər qarşısında necə boyun əymədinizsə, biz də bu problemlər qarşısında əyilməyəcəyik".

Qeyd edək ki, İran və ABŞ bu ayın əvvəlində Omanda Tehranın nüvə proqramı üzrə dolayı danışıqları bərpa edib və ötən həftə İsveçrədə danışıqların ikinci raundu keçirilib. Vaşinqton və Tehran müzakirələri ümumilikdə müsbət qiymətləndirsələr də, hələlik hər hansı ciddi irəliləyişə nail oluna bilinməyib.

Bununla belə, İranın xarici işlər naziri Abbas Əraqçi cümə günü verdiyi açıqlamada diplomatik həllin "əlçatan" göründüyünü bildirib. Nazir vurğulayıb ki, Tehran yaxın 2-3 gün ərzində saziş layihəsini yekunlaşdıraraq Vaşinqtona göndərməyi planlaşdırır.

Seçilən
14
teleqraf.com

1Mənbələr