ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycan Prezidenti İlham Əliyevin “Sülh Şurası”nın ilk iclasında iştirak üçün Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bir qrup şəxs təxribat törətməyə cəhd edib.
Vaşinqtonda yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, onlar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd ediblər. Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçirib, nalayiq ifadələr işlədiblər. Prezidentin Təhlükəsizlik Xidməti təxribatçıların qarşısını alaraq, təhlükəsizlik və mühafizə təmin edib.
Xatırladaq ki, ABŞ-nin Gizli Xidməti tərəfindən bəyan edilən kimi, mehmnaxana ərazisi rəsmi təhlükəsizlik perimetrinə daxil olub.
Baş verən hadisə ilə bağlı “Cebheinfo.az”-ın suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, istiqlalçı deputat Fərəc Quliyev cavablandırıb.

“Dövlət başçısı bir fərd deyil, o, bir məqamdır”
-Fərəc bəy, Vaşinqtonda bir qrup anti-Azərbaycan qüvvəsi Prezident İlham Əliyevə qarşı təxribata cəhd etdi, onun qaldığı otelə hücuma cəhd oldu. Sizcə, bu ın arxasında duran məqsədlər nələr idi?
-Mən hər zaman bildirmişəm ki, hakimiyyətə müxalif olmaqla dövlətə müxalifət olmaq ayrı məsələdir. Hakimiyyətə müxalifətdə olmaq, onu tənqid etmək, təklif vermək, yarışmaq normaldır. Müxalifətdə olan qüvvə də hakimiyyətə gəlmək üçün çalışır, bunun da yolu seçkidir. Müxalifətdə olan şəxs öz platformasını təklif edə bilər, hakimiyyətdə olan məmurları sərt tənqid edə bilər. Bunlar başqa məsələdir. Amma dövlətə müxalifətdə olmaq artıq Azərbaycan vətəndaşına yaraşmayan hərəkətdir. Bizim dövlətə müxalifliyi ölkəmizə dost olmayan ölkələr və düşmən dövlətlər, onların əlaltıları sərgiləyib, sonra da ediblər və ya edəcəklər.
Azərbaycan dövlətinin başçısı fərd olaraq kiminsə xoşuna gəlməyə bilər. Amma dövlət başçısı bir fərd deyil, o, bir məqamdır. Azərbaycan Prezidenti başqa ölkədə səfərdədirsə, hakimiyyətə kimin münasibətinin nə olmasından asılı olmayaraq, o məqama hörmətlə yanaşmalıdır. Çünki orada Prezident dövləti təmsil edir. Azərbaycan Prezidentinə olan münasibət dövlətə olan münasibətdir.
Çox təəssüf ki, Amerikada bu hadisəni törədən adamlar bu amili ya nəzərə almayıblar, ya da bilərəkdən bu işləri görüblər. Hesab edirəm ki, bilərəkdən ediblər. İndi bu hadisədən kimlər yararlanacaq? Təbii ki, Azərbaycan dövlətini sevməyənlər. Artıq ABŞ Nümayəndələr Palatasındakı ermənipərəst konqresmenlərin səsi eşidilməyə başlayıb. Dərhal bu məsələdən istifadə etməyə başladılar. Amma hesab edirəm ki, bu, ciddi şəkildə nəzərə alınmalı idi. Bu dövlətə qarşı törədilən hadisədir, antimilli davranışdır, dövlətimizin imicinə zərbə vurmağa hesablanmış hadisədir.
-Təxribata cəhd göstərənlər hadisədən dərhal sonra yaşananları fərqli tərzdə təqdim etməklə manipulyasiyaya çalışdlar, amma buna nail ola bilmədilər….
-Bunun təsadüfi olduğuna inanmıram, əksinə, baş verən hadisənin düşünülmüş şəkildə olduğunu hesab edirəm. Hadisəyə əks tərəfin dərhal reaksiya verməyi də bunu göstərir. Hesab edirəm ki, bu, təkcə Azərbaycan Prezidentinə qarşı mənfi münasibət formalaşdırmağa yox, həm də Azərbaycan dövlətinə qarşı da mənfi imic formalaşdırmağa hesablanmışdır.
Xatırlayırsınızsa, Azərbaycan 44 günlük Vətən müharibəsi aparanda da ermənipərəst mövqedən çıxış edən qüvvələr, Qarabağda yaşayan ermənilərə fərqli-fərqli münasibət bildirənlər var idi. Amma hər kəs nə baş verdiyini bilirdi, Azərbaycan Qarabağa köçürülüb separatçılıqla məşğul olan erməniləri yerinə otuzdururdu. Amma onlar dövlətimizin maraqlarını müdafiə etmək əvəzinə tam fərqli mövqe göstərirdilər. Ona görə də baş verən hadisəni ciddi şəkildə pisləyirəm. Hesab edirəm ki, otelə hücum cəhdi dövlətimizin maraqlarına olan hücum cəhdidir.
“Orada açıq şəkildə hörmətsizlik, basqın varsa,adekvat tədbirlər görülməli idi”
-Qaydalara görə, Prezidentin qaldığı ərazi ABŞ təhlükəsizlik xidmətləri tərəfindən təhlükəsizlik zonası edilmişdi. Amma hadisə baş verdi və Prezidentin Təhlükəsizlik Xidməti təxribat cəhdinin qarşısı aldı. Qadağan olunmuş əraziyə girən, ölkə başçısına qarşı təxribata cəhd edən qüvvələrə mühafizə xidməti necə davranmalı idi?
-Hesab edirəm ki, Prezidentin mühafizəçiləri adekvat deyil, zəif davrandılar. Amerikada kimsə polisin “dayan” əmrinə əməl etmirsə, əlini tərpədirsə, onun silahlı olma ehtimalına qarşı polisin atəş açmaq səlahiyyəti var. Bizim ölkənin Prezidenti ABŞ-də səfərdədir, əvvəla, gərək o ölkənin xüsusi xidmət orqanları müəyyən imkanlar yaradardılar. Doğrudur, Prezidentin qaldığı otelin ərazisi təhlükəsizlik zonası kimi tanınmışdı. Həmin əraziyə girməyə cəhd edənlərin təhlükə ehtimalına görə istənilən vasitə ilə zərərsizləşdirmək olar. Ölkənin Prezidentinin mühafizəçiləri orada adekvat reaksiyalar verməyəcəksə, nəyə lazımdır?
Orada açıq şəkildə hörmətsizlik, basqın varsa, təbii ki, adekvat tədbirlər görülməli idi. Yenə deyirəm, hələ bizim mühafizəçilər yumşaq tədbirlər gördülər, çox dərinə getmədən insidenti aradan qaldırmağa çalışdılar. Onlar da düşünüblər ki, bunu bəzi qüvvələrin təxribatçı hərəkəti kimi dəyərləndirmək olar. Burada başqa amillər olacaq. Ona görə də hesab edirəm ki, çox yumşaq davrandılar.
Belə məsələlərdən çəkinmək lazım deyil. Ölkə Prezidenti bütün hallarda bütün vasitələrlə ən sərt şəkildə mühafizə olunmalıdır. Məsələn, Venesuelada prezidenti oğurlayıb aparanda ən sərt reaksiya Türkiyə müxalifətindən gəldi ki, biz ölkə daxilində müxalifətik, amma kənardan kimsə nəinki prezidentə, ən sadə vətəndaşa belə söz deyərsə, bizi ən sərt şəkildə qarşısında görər. Eyni şeyi mən də deyirəm.
Ölkə daxilində müxaliflik et, ən sərt şəkildə sözünü de, amma ölkə xaricində ölkənin məqamı, simvolu olan birinə qarşı hansısa anormal hərəkət, hətta yüngül hörmətsizlik belə varsa, ən sərt şəkildə onun qarşısının alınmasının tərəfdarıyam.
“O adamlar ölkədən qovulmalı, onlara qarşı cinayət işi qaldırılmalıdır”
-Azərbaycan səfirliyi Vaşinqtonda baş verən hadisə ilə bağlı bəyanat yaydı, etirazçıların qanunları pozduğunu, təxribata əl atdıqlarını bəyan etdi. ABŞ hansı addımı atacaq və ya atmalıdır? Təxribatçıları necə cəzlandırılacaq?
-Çox ciddi bir hadisə baş verib. Siz təsəvvür edirsiniz, Azərbaycanda əgər ABŞ Prezidentinin qaldığı otelə kimlərsə hücum etsəydi, ölkəmizin hüquq-mühafizə orqanları sonra hansı tədbirləri görərdi? Təbii ki, ən sərt tədbirlər görülərdi. Ən yumşaq halda o adamlar ölkədən qovulmalı, onlara qarşı cinayət işi qaldırılmalıdır. Onlara Amerikada qalmağa ona görə icazə verilməyib ki, onlar ABŞ qanunlarını çeynəsin, istədikləri kimi davransınlar. Bu, demokratiya deyil, özbaşınalıqdır, xaosdur.
Hər bir özünə hörmət edən dövlət ölkə başçısına qarşı bu hərəkət olarsa, nəyi etməlidirsə, bu hadisənin iştirakçılarına qarşı da eyni formada davranmalıdır. Çünki həmin ərazini Amerikanın öz təhlükəsizlik orqanları təhlükəsizlik zonası elan edib. Burada baş verən hadisələrə görə də ölkə qanunları və başqa bir ölkənin başçısının orada olması da nəzərə alınmalıdır. Azərbaycan səfərliyi məsələyə münasibət bildirib, amma Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlar da o qanunu pozanlarla bağlı ən ciddi tədbir görülməsi haqqında tələbdə bulunmalıdır.
-Fərəc bəy, necə düşünürsüz, bu hadisədə üçüncü tərəfin iştirakı varmı? Nəzərə alsaq ki, xüsusilə də Azərbaycan torpaqlarını işğaldan azad etdikdən, suverənliyini bərpa etdikdən sonra beynəlxalq aləmdə böyük nüfuz əldə etdi. Bununla yanaşı, Azərbaycan bölgədə və dünyada söz sahibinə çevrilib. Bunların da bir sıra güclər tərəfindən xoş qarşılanmadığı bəllidir…
“Belə olmasa, dişimizlə, dırnağımızla ərsəyə gətirdiyimiz dövləti qoruya bilmərik”
-Bu hadisədə üçüncü tərəfin olub-olmadığını istintaq göstərəcək. Bu məsələ mütləq şəkildə araşdırılmalıdır. Böyük ehtimalla burada üçüncü tərəfin iştirakı var. Çünki bu, birmənalı şəkildə Azərbaycan dövlətinə dost olmayan, düşmənçilik edən dövlətlərin və onların əlaltılarının işidir. Dövlətini, millətini nəzərə alan heç bir kəs belə hərəkət edə bilməz və etməz. Bu hadisədən dərhal sonra ermənipərəst senatorların səslərinin çıxması da onu göstərir ki, bu, əvvəldən planlaşdırılmış məsələdir.
Ortada olan odur ki, bu hadisə Azərbaycana qarşı olan qüvvələrə sərf edir. İndi bu qüvəllərin əlinə fürsət düşüb ki, Azərbaycan əleyhinə bəyanatlar qəbul etsinlər. Bunun Azərbaycana nə qədər təsir edəcəyinin onlar üçün fərqi yoxdur. Nəzərə alsaq ki, bu hadisə Azərbaycana qarşı olan “907-ci düzəliş”in ləğvinin müzakirəsi gedən bir vaxtda baş verib, bunun özü də maraq doğuran məsələdir.
Azərbaycanın Amerika ilə münasibətlərinin ən yüksək səviyyədə olduğu bir vaxtda bu təxribata cəhd edilib. Azərbaycanın kilid dövlət kimi Avrasiyada qızıl körpü rolu oynayan dövlət olduğunu nəzərə alan Amerikanın yeni bir platformada arxitekturanın təməlini qoyduğu bir vaxtda təbii ki, bizi sevməyənlər bu münasibətlərə kölgə salmaq üçün faydalanmağa çalışacaqlar. Hesab edirəm ki, Amerika tərəfi də vəziyyəti nəzərə alacaq. Amma hər halda bu məsələ Azərbaycanın dostlarına, vətəndaşlarımıza sərf etmir. Bu məsələ ancaq düşmənlərə sərf edir.
Yeri gəlmişkən, çağırış edirəm ki, istər daxildə, istər mühacirətdə olan bütün siyasi qüvvələr hansı platformada çıxış etməsindən asılı olmayaraq, hakimiyyət və dövlətin fərqli anlayış olduğunu başa düşsünlər. Dövləti qorumaq hər birimizin borcudur. Dövlət bəkası deyilən bir məsələ var. Hər bir kəs özünün şəxsi, qrup, partiya maraqlarını düşünmədən dövlət maraqlarına qurban verməyi bacarmalıdır. Belə olmasa, biz dişimizlə, dırnağımızla ərsəyə gətirdiyimiz dövləti qoruya bilmərik.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.