AZ

KİV: İrlandiya Fransadan 1 milyard avrodan çox məbləğində zirehli texnika alacaq

İrlandiya tezliklə Fransanın silah istehsalçısı "KNDS France"dan yüzlərlə zirehli texnika ala bilər.

"Report"un məlumatına görə, bu barədə "La Tribune Dimanche" qəzeti mənbələrə istinadən xəbər verib.

Söhbət dəyəri 1 milyard avrodan çox olan sifarişdən gedir. İrlandiya "Jaguar" kəşfiyyat və döyüş maşınları, "Serval" çoxməqsədli yüngül zirehli maşınlar, "Griffon" zirehli transpartyorları və "Caesar" özüyeriyən artilleriya qurğuları ilə maraqlanır.

Nəşrin məlumatına görə, müqavilə Fransanın silahlı qüvvələr naziri Ketrin Votrin tərəfindən Dublinə səfəri zamanı imzalana bilər və artıq buna hazırlıqlar gedir. Səfər martın sonu və ya aprelin əvvəlində baş tuta bilər.

"La Tribune Dimanche" qeyd edir ki, İrlandiya əvvəllər Fransa silahlarının əsas alıcısı olmayıb: 2015-ci ildən 2024-cü ilə qədər ölkə yalnız 53,1 milyon avro dəyərində sifariş verib.

Dublin 2030-cu ilə qədər köhnəlmiş zirehli texnika parkını yeniləməyi planlaşdırır. Bu parka Amerikanın "General Dynamics" şirkətinin "Piranha III" və Cənubi Afrika istehsalçısı "Denel"in RG-32M maşınları daxildir. KNDS zirehli texnikalarından əlavə, İrlandiya Fransanın "Thales" qrupundan radarlar da daxil olmaqla digər müdafiə texnologiyaları almağı düşünür.

Seçilən
24
far.az

1Mənbələr