FİFA-nın rəhbəri Canni İnfantino və ABŞ prezidenti Donald Tramp Qəzza zolağında futbol infrastrukturunun bərpasına yönəlmiş genişmiqyaslı tərəfdaşlığın başladığını elan ediblər.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Layihə çərçivəsində regionda idman obyektlərinin yenidən qurulması və sosial təşəbbüslərin həyata keçirilməsi üçün ümumilikdə 75 milyon dollar vəsait cəlb olunması planlaşdırılır.
Proqram futbolun münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və sosial inteqrasiya vasitəsi kimi istifadə edilməsini nəzərdə tutur.
Məlumata görə, təşəbbüs yalnız maliyyə dəstəyi ilə məhdudlaşmayacaq. Dünyanın tanınmış futbol adamlarının humanitar missiyalar çərçivəsində Qəzza sektoruna səfərləri də planlaşdırılır.
Bu səfərlərin əsas məqsədi yerli əhaliyə dəstək göstərmək, gəncləri ruhlandırmaq və regionun humanitar problemlərinə beynəlxalq diqqəti artırmaqdır.
Layihə ABŞ administrasiyasının qlobal münaqişələrin həlli məqsədilə yaratdığı “Sülh Şurası”nın ilk iclası zamanı ictimaiyyətə təqdim olunub.
Gözlənilir ki, futbol əfsanələrinin diplomatik səfərləri bölgədə həm futbol mədəniyyətinin dirçəldilməsinə, həm də yerli sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.
Qəzza zolağı son illərin ən ağır humanitar və hərbi böhranlarından birinin mərkəzinə çevrilib.
Burada baş verənlərin əsas səbəbi HƏMAS ilə İsrail arasında uzun illərdir davam edən münaqişənin kəskin şəkildə yenidən alovlanması idi.