AZ

Bakıdan Kremlə qarşı SƏSSİZ SAVAŞ: Rusiyanın şəbəkəsinə qarşı yeni dalğa başlayır

Son dövrlər sosial mediada baş verən proseslər göstərir ki, Azərbaycana qarşı aparılan kampaniyaların arxasında təsadüfi qüvvələr dayanmır. Getdikcə daha açıq görünür ki, bu hücumların arxasında Rusiya mərkəzli dairələr və xüsusi xidmət strukturlarının maraqları dayanır. Bu artıq sadəcə ehtimal deyil, siyasi proseslərin axarı bunu açıq şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyev də geri çəkilməyən, təzyiq qarşısında susmayan mövqe sərgiləyir. Xüsusilə də uzun illər hakimiyyət daxilində Rusiyaya yaxınlığı ilə assosiasiya olunan fiqurların, o cümlədən Ramiz Mehdiyev kimi şəxslərin siyasi səhnədən uzaqlaşmasından sonra yeni mərhələ başlayıb. Bu mərhələdə qərarlar daha sərt, daha açıq və daha prinsipialdır.
Təyyarə insidenti və dəyişən balans
“Тəyyarə faciəsi” kimi yadda qalan hadisə regionda güc balansının dəyişdiyini göstərdi. Rusiya indiyə qədər postsovet məkanında heç bir dövlət qarşısında geri addım atmayan aktor kimi davranırdı. Lakin bu dəfə Bakı açıq mövqe sərgilədi və Kreml geri çəkilməyə məcbur oldu. Bu, təkcə diplomatik epizod deyil, siyasi mesaj idi: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil.
Bu hadisə göstərdi ki, Bakı qlobal oyunçu kimi davranır və öz suveren qərarlarını heç bir mərkəzin diktəsi ilə dəyişmir. Kremlin şantaj siyasəti, informasiya hücumları və daxili təsir mexanizmləri artıq əvvəlki effektini vermir.
Daxildə təmizlənmə və yeni mərhələ
Son aylarda aparılan struktur və kadr islahatları da məhz bu kontekstdə qiymətləndirilməlidir. Qurumların birləşdirilməsi, bəzi təsir dairələrinin sıradan çıxarılması və yeni kadrların önə çəkilməsi təsadüfi deyil. Bu proses Azərbaycanın hakimiyyət strukturlarında xarici təsir imkanlarının minimuma endirilməsi məqsədi daşıyır.
Rusiyanın Azərbaycandakı təsir şəbəkəsinin zəiflədilməsi artıq gizli proses deyil. Bu, açıq siyasi kursa çevrilib. Hakimiyyət daxilində Kremlin maraqlarına xidmət edən dairələrin zərərsizləşdirilməsi mərhələli şəkildə davam edir və bu xəttin geri dönüşü görünmür.
Qlobal oyunçu statusu
Azərbaycan bu gün regional deyil, qlobal masada oturan aktordur. Enerji layihələri, geosiyasi balans siyasəti və çoxşaxəli diplomatiya Bakıya yeni manevr imkanları yaradıb. Bu fonda Kremlin təzyiq alətləri əvvəlki kimi təsirli deyil.
Rəsmi Bakı artıq mesaj verir: Azərbaycan heç bir güc mərkəzinin arxa həyəti deyil. İnformasiya təxribatları, ailə üzərindən hücumlar, daxili qarışıqlıq cəhdləri nəticə verməyəcək. Çünki siyasi iradə geri çəkilmir.
Görünən odur ki, qarşıdakı mərhələdə bu xətt daha da sərtləşəcək. Azərbaycan Kremlin diktəsinə boyun əyməyən, öz yolunu özü müəyyən edən dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək.
Amir Aqiloğlu
Seçilən
12
yenicag.az

1Mənbələr