AZ

Putinin Trampa göndərdiyi “GİZLİ PAKET” ifşa olundu: Rusiya “AĞ BAYRAQ” qaldırdı

Kreml Rusiyani xilas etmək üçün ABŞ-a böyük iqtisadi-ticari güzəştlər paketi ilə minnətçi düşüb... Ancaq Rusiyanın gələcək taleyi yalnız ABŞ-ın qərarından deyil, həm də Çinin reaksiyasından və Avropanın mövqeyindən asılı olacaq...

Rusiyanın ABŞ-la anlaşmaq məqsədilə hazırladığı və Ağ Evə göndərdiyi "gizli plan" artıq ifşa olunub. Belə ki, Qərb mətbuatı Kremlin “Dmitriyev planı” adlanan və yeni geopolitik oyunun ssenarisi hesab edilən sənədin bəzi detalları barədə məlumatlar yayıb. Və Kremlin bu "gizli plan" üzərindən ABŞ ilə iqtisadi-ticari əməkdaşlıq sayəsində Rusiyanın geopolitik hədəflərinə çata biləcəyinə ümid bəslədiyi bildirilir.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ-Rusiya-Çin üçbucağında postmüharibə dövrünün yeni dünya düzənini formalaşdırılması ilə bağlı olduqca ciddi rəqabət yaşanır. Kremlin Tramp administrasiyasına təqdim etdiyi “Dmitriyev planı” da ilk baxışdan, iqtisadi-ticari əməkdaşlıq paketi kimi görünür. Ancaq bu "plan"ın arxasında daha dərin geopolitik məqsədlərin dayandığı iddia olunur. Və Kremlin Ukrayna müharibəsindən sonrakı yeni dünya düzənində Rusiyanın yerini indidən müəyyənləşdirməyə cəhd göstərdiyi bildirilir.

Təbii ki, bu "plan"ın məhz Trump administrasiyasına göndərilməsi qətiyyən təsadüfi deyil. Çünki bu sənəd Kremlin bütün mümkün geopolitik prioritetləri nəzərə alaraq, hazırladığı təkliflər paketi kimi görünür. Və nəticədə bu "plan" başlaya biləcək sırf ikitərəfli iqtisadi-ticari əməkdaşlıq prosesini Ağ Ev-Kreml dialoqundan çıxararaq, ABŞ-Rusiya-Çin üçbucağının strateji rəqabət müstəvisinə daşıya bilər.

Məsələ ondadır ki, dörd illik Ukrayna müharibəsi Rusiyanı olduqca ciddi və neqativ məzmunlu reallıqlarla üz-üzə qoyub. Belə ki, Kremlin neoimperialist hədəflərə bağlı işğalçı savaş savaşa başlaması Rusiyanın Qərb maliyyə-iqtisadi sistemindən kənarlaşdırılmasına, texnoloji sanksiyalara məruz qalmasına, enerji resursları ixracının Avropadan Asiyaya yönləndirilməsinə və s. səbəb olub. Və belə situasiyada “Dmitriyev planı” əslində, faktiki olaraq, Rusiyanın Qərb iqtisadi-ticari sisteminə yenidən reinteqrasiya cəhdi kimi görünür.

Çünki Kreml Ağ Evə ABŞ şirkətlərinin Rusiyanin sanksiyalara məruz qalmış aviasiya sektorunda iştirakını, enerji resursları üzrə birgə müəssisələrin yaradılmasını, nadir mineralların hasilatında əməkdaşlıq, nüvə energetikası və süni intellekt sahəsində tərəfdaşlıq, dollar hesablaşmalarına qayıdış kimi strateji xarakterli təkliflər irəli sürür. Xüsusilə də, Rusiyanın dollar sisteminə qayıdışı ilə bağlı təklif ideoloji baxımdan, "dönüş nöqtəsi" sayıla bilər. Çünki son illərdə Kreml israrla BRICS və milli valyutalar üzərindən dollar ödəniş sisteminə alternativ maliyyə arxitekturası qurmağa çalışırdı.

İndi isə belə anlaşılır ki, Kreml ABŞ-Rusiya-Çin üçbucağında strateji balans oyununa cəhd göstərir. Çünki son illərdə Rusiya iqtisadi baxımdan, Çinin orbitinə daha çox yaxınlaşıb. Enerji ixracı, texnologiya transferi və maliyyə əməliyyatları böyük ölçüdə rəsmi Pekinlə əlaqələndirilib. Bu isə Rusiyanın strateji manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Və indi əgər, Kreml Ağ Ev ilə iqtisadi dialoqa qayıtmağa can atırsa, deməli, bu, Rusiyanın konkret geostrateji məqsədləri ilə birbaşa bağlıdır.

Böyük ehtimalla Kreml rəsmi Pekin qarşısında balans yaratmağa, ABŞ-ın Rusiyanı tam şəkildə Çinin orbitinə keçirmək strategiyasını pozmağa, Qərb texnologiyalarına yenidən çıxış əldə etməyə çalışır. Halbuki, Rusiyadan fərqli olaraq, ABŞ üçün situasiya daha mürəkkəbdir. Çünki Ağ Evin əsas prioriteti uzunmüddətli perspektivdə Çinlə rəqabət aparmaqdır. Və bu kontekstdə Rusiya ilə məhdud iqtisadi-ticari yaxınlaşma Çinə qarşı geopolitik alətə çevrilə bilər.

Ancaq bu, ABŞ üçün Avropa ilə strateji koordinasiyanın zəifləməsi, Rusiyaya qarşı anksiya siyasətinin legitimliyinin sarsılması, Ukrayna məsələsində siyasi reputasiya itkisi kimi önəmli risklər də daşıyır. Halbuki, postmüharibə dövrü üçün yeni dünya düzəninin ilkin əlamətləri ənənəvi ideologiyadan realizmə qayıdış da tələb edir. Son illərdə qlobal müzakirə məkanında “çoxqütblü dünya”, “qlobal Cənub”, “anti-hegemon blok” və s. kimi anlayışlar daha ön planda idi. Rusiya isə bu müzakirə məkanında aparıcı siyasi-ideoloji daşıyıcılardan biri sayılırdı.

Ancaq Kremlin “Dmitriyev planı” onu göstərir ki, iqtisadi-ticari realizm artıq siyasi-ideoloji ritorikanı üstələyir. Çünki Kremldə anlayırlar ki, qlobal maliyyə-iqtisadi arxitektura hələ də ABŞ mərkəzlidir, alternativ bloklar iqtisadi baxımdan, yetərincə dayanıqlı deyil, qarşılıqlı asılılıq sistemi əvvəlki kimi işləkdir. Və bu isə postmüharibə dövrü üçün yeni dünya düzəninin “bloklaşma” yox, məhz qarşılıqlı asılılıq modeli üzərində qurulacağını göstərir.

Belə anlaşılır ki, Kremldə ABŞ-Çin enerji texnologiyaları rəqabətinin dərinləşəcəyini, qlobal enerji bazarında yeni konfiqurasiyanın formalaşacağını, nəzərə alır. Əgər, Rusiya Qərbə reinteqrasiya üçün bu qədər geniş iqtisadi güzəştlər təklif edirsə, bu, MDB ölkələrinə də dolayısı mesaj xarakteri daşıyır. Və bu, MDB məkanında Rusiya üçün əlavə problemlər yarada bilər.

Məsələ ondadır ki, MDB ölkələri Rusiyanın alternativ sistem qurmaqda çətinlik çəkdiyini və Qərb bazarlarının hələ də əsas iqtisadi-ticari cazibə mərkəzi olduğunu anlayırlar. Üstəlik, belə vəziyyətdə dəqiq hesablanmış balans siyasətinin daha rasional strategiya ola biləcəyi də inkaredilməz reallıqdır. Bu, Qazaxıstan, Ermənistan, Özbəkistan, eləcə də digər MDB ölkələri üçün çoxvektorlu siyasətin gücləndirilməsinin vacib olduğunu ön plana çəkir. Və MDB ölkələri artıq Rusiyanın orbitinə tam bağlı qalmaq əvəzinə ABŞ, Çin və Avropa arasında daha çevik manevr etməyə üstünlük verirlər.

Bəzi iddialara görə, Tramp administrasiyası Kremlin "Dmitriyev planı"na münasibətdə hələlik müəyyən tərəddüdlərdən tam uzaqlaşa bilməyib. Çünki əgər, bu "plan" qəbul olunarsa, bir tərəfdən Ukrayna savaşının siyasi-diplomatik həlli sürətlənə, ABŞ şirkətləri yeni bazara çıxış əldə edə və Çin-Rusiya yaxınlaşması zəifləyə bilər. Ancaq əgər, Kremlin təklifləri rədd edilərsə,  onda Rusiyanin Çinlə daha dərin inteqrasiyası, Ukrayna savaşının qeyri-müəyyən müddətə uzanması, qlobal bloklaşmanın güclənməsi qaçılmaz olacaq.

Göründüyü kimi, Kreml Rusiyani xilas etmək üçün ABŞ-a böyük güzəştlər paketi ilə minnətçi düşüb. Halbuki, son Ukrayna savaşına qədər Rusiya özünü çoxqütblü dünyanın əsas siyasi-ideoloji dayağı kimi təqdim edirdi. İndi isə Kreml ABŞ-Rusiya-Çin üçbucağında, postmüharibə dövrü üçün yeni dünya düzənini üzrə mövcudluq imkanları axtarır. Ancaq Rusiyanın gələcək taleyi böyük ehtimalla yalnız ABŞ-ın qərarından deyil, həm də Çinin reaksiyasından və Avropanın mövqeyindən asılı olacaq.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu


Telegram kanalımız
Seçilən
11
2
yenisabah.az

3Mənbələr