AZ

Aqil Abbas rəqəmləri düz deyir, amma bir məqamı unudur...

“Rəqibin bahalı futbolçuları var, bizim yoxdu. Niyə? Çünki Tahir Gözəl hücumçu almaq istəmir, günahın biri də ondadı. "Qarabağ"ın 30 milyon avrosu var. Altısı futbolçulara bonus verilib, üçü də səfər oyunlarına xərclənib. Qalan 21 milyon avro hardadı? Dar günə saxlayıblar? Bundan da dar gün?!”

Aqil Abbasın bu gün “Football-plus.az”a verdiyi açıqlama, gözlənildiyi kimi, ciddi əks-səda doğurdu. Təbii ki, çılğın futbol azarkeşi olan, xüsusən də “Qarabağ”a yaxınlığı ilə tanınan, vaxtilə bu klubun futbol səhnəsindən silinməməsi üçün inanılmaz fədakarlıq edən Aqil bəy 1:6-nın doğurduğu hiss-həyəcanın gərginliyi altında belə danışır, “Qarabağ”ı da qitənin aparıcı klubları ilə eyni sırada görmək istəyir.

Digər tərəfdən, elə həmin Aqil bəy özü də futbolun ölkəmizdə istisnasız sosial layihə olduğunu, heç bir klubun pul qazanmadığını bilməmiş deyil. Bəli, “Qarabağ” avrokuboklarda iştiraka görə 30 milyon qazanıb, bunun 6 milyonunun futbolçulara mükafat kimi ödəyib (hərçənd bu da yetərincə yüksək məbləğdi...), 3 milyonunu səfərlərə xərcləyib. Amma bir futbol klubunun xərcləri bununla bitirmi? Bəs məşqçi korpusunun və bütövlükdə klub əməkdaşlarının maaşı, bəs iki stadionun, müxtəlif yaş qrupları üzrə komandaların saxlanılması, onların ən müxtəlif xərclərinin qarşılanması? Hələ mən azarkeşlərin hərəkət və davranışlarına görə cərimələri demirəm...

Başqa bir önəmli məqam da var: Tahir Gözəl hər müsahibəsində deyir ki, qiymətindən, çapından asılı olmayaraq, istənilən futbolçunu almağa hazıram, təki Qurban Qurbanov barmağını tuşlasın.

Açıq demək lazımdı ki, “Qarabağ”ın Avropa yarışlarında iştirakdan qazandığı pul daha çox klubun əsas sponsorundan – “Azərsun”dan maliyyə asılılığını azaltmağa xidmət edən “təhlükəsizlik yastığı”dı. Ölkədaxili yarışlarda iştirak onsuz da titullardan başqa heç bir maddi dividend qazandırmır. İnkişaf etmiş Avropa ölkələrində hər titul həm də əlavə pul deməkdi. Təəssüf ki, Azərbaycanda futbol təsərrüfatı belə qurulmayıb, burda münasibətlər fərqlidi, inkişaf hələ rüşeym səviyyəsindədi. Belədə yalnız avrokubok, daha dəqiqi, Çempionlar Liqasının oyunları üçün milyonluq hücumçu, yarımmüdafiəçi, qapıçı almağın mənası nədi? Hansı milyonluq futbolçu 200, 300, 500 azarkeşin önündə can qoyacaq, qan-tər tökəcək?

Məncə, “Qarabağ”ın pulunu sayana qədər normal futbol təsərrüfatı qurmalı, tribunaları doldurmalıyıq ki, futbolçu həvəslə oynasın, meydanda can qoysun, ustalığının bütün parlaq tərəflərini göstərsin. Məsələn, martın 1-də məhz elə “Bəhramov”da nəhəng bir oyun olacaq. Çempionluğa iddialı iki komanda – “Qarabağ”la “Sabah” qarşılaşacaq. Bəlkə elə tribunaları doldurmağa həmin gündən, həmin oyundan başlayaq? Nə deyirsiz, bu yöndə çalışsaq, bacararıqmı? Mən başladım azarkeşi çağırmağa – gəlin 30 minlik stadionu dolduraq!

ORXAN
Seçilən
15
1
football-plus.az

2Mənbələr