AZ

Əlillik süni intellektlə TƏYİN EDİLƏCƏK – Bundan sonra nə olacaq? 

2026-cı ildən etibarən Azərbaycanda əlilliyin qiymətləndirilməsi prosesində süni intellekt texnologiyalarından istifadə olunacağı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov məlumat verib.

Bildirilib ki, yeni sistemin tətbiqi əlillik təyinatında şəffaflığın artırılmasına, subyektiv yanaşmaların azaldılmasına və qərarların daha obyektiv əsaslarla verilməsinə xidmət edəcək.

Lakin əlillik kimi həssas və insan həyatına birbaşa təsir edən bir sahədə süni intellektdən istifadə olunması cəmiyyətdə müxtəlif suallar və müzakirələr yaradıb.

Bəzi vətəndaşlar bu yeniliyi müsbət addım kimi dəyərləndirərək, korrupsiya risklərinin azalacağını və prosesin daha sürətli olacağını düşünür. Digərləri isə texnologiyaya tam etibar etməyin riskli olduğunu bildirir. “Həkim bəzən düzgün baxa bilmir, süni intellekt bunu necə edəcək?! Texnologiyaya etibar etmək olar, amma bu qədər də yox”, – deyə insanlar bildirirlər. Başqa bir qism insan isə məsələyə fərqli yanaşaraq, bunun artıq zamanın tələbi olduğunu bildirib: “Bu, axır-əvvəl tətbiq olunmalı idi. Dünyada hər sahədə süni intellektdən istifadə olunur”.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin departament rəhbəri Elxan Xəlilov isə bildirib ki, hazırda süni intellektin tətbiqi məsləhət xarakteri daşıyır və yekun qərar yenə də həkimlər tərəfindən verilir.

Onun sözlərinə görə, vətəndaşların bütün tibbi analiz və diaqnozları kodlaşdırılmış formada sistemə daxil edilir və qərar qəbul olunana qədər həmin məlumatların konkret hansı şəxsə aid olduğu məlum olmur:

“Süni intellekt yalnız Səhiyyə Nazirliyindən daxil olan məlumatları təhlil edir, əvvəlki qərarları analiz edir və əlilliyin qrupu, növü və müddəti ilə bağlı həkimlərə tövsiyə xarakterli rəy təqdim edir. Həmçinin vurğulanıb ki, sistemin yanlış qərar vermə ehtimalı 10–20 faiz arasında dəyişir.

Adil Qeybulla

Məsələ ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla NOCOMMENT.az-a açıqlamasında bildirib ki, süni intellekt tibbdə köməkçi vasitə kimi çox faydalı ola bilər, lakin insan faktorunu tam əvəz etməsi mümkün deyil.

Onun sözlərinə görə, əlilliyin müəyyənləşdirilməsi təkcə analiz nəticələrinə deyil, həm də xəstənin ümumi vəziyyətinə, həyat keyfiyyətinə və sosial durumuna əsaslanmalıdır.

Adil Qeybulla qeyd edib ki, süni intellekt böyük həcmdə məlumatı qısa zamanda analiz etmək baxımından həkimlərə ciddi dəstək verə bilər:

“Sistem əvvəlki minlərlə qərarı təhlil edərək müəyyən tendensiyalar çıxara bilir. Bu, səhvlərin azalmasına kömək edə bilər. Amma unutmaq olmaz ki, hər xəstə fərdidir və onun vəziyyətini tam dəyərləndirmək üçün canlı müayinə və həkimin təcrübəsi çox vacibdir. Süni intellekt yalnız yardımçı rol oynamalıdır, əsas qərar yenə də həkimə məxsus olmalıdır”.

Professorun fikrincə, sistem düzgün qurularsa, saxta əlillik halları azala, həqiqətən ehtiyacı olan insanların hüquqları daha yaxşı qoruna bilər. Lakin texniki nasazlıqlar, natamam məlumatlar və proqram səhvləri riski də nəzərə alınmalıdır.

Sahib Məmmədov

Mövzu ilə bağlı hüquqşünas Sahib Məmmədov NOCOMMENT.az-a bildirib ki, süni intellektin əlillik qiymətləndirilməsində iştirakı qanunvericilik baxımından da dəqiq tənzimlənməlidir.

Onun sözlərinə görə, vətəndaşın sosial təminat hüquqları birbaşa bu qərarlardan asılı olduğu üçün, sistem maksimum şəffaf və hesabatlı olmalıdır.

Sahib Məmmədov vurğulayıb ki, hər bir vətəndaş verilən qərarla razılaşmadıqda onu mübahisələndirmək hüququna malikdir:

“Əgər süni intellektin verdiyi rəy əsasında vətəndaşa əlillik təyin olunmursa və ya aşağı qrup müəyyən edilirsə, şəxs inzibati qaydada və məhkəmə yolu ilə qərardan şikayət edə bilər. Dövlət qurumları vətəndaşa süni intellektin hansı meyarlar əsasında nəticə çıxardığını izah etməlidir. Əks halda bu, hüquqi problemlərə yol aça bilər”.

Hüquqşünas əlavə edib ki, qərarların yalnız alqoritmlərə əsaslanması insan hüquqları baxımından risklidir və buna görə də insan nəzarəti mexanizmi daim saxlanılmalıdır.

Onun fikrincə, süni intellektin səhv ehtimalı rəsmi olaraq 10–20 faiz göstərilirsə, bu risklərin kompensasiya mexanizmləri də qabaqcadan müəyyənləşdirilməlidir.

Tunar
NOCOMMENT.az

Seçilən
21
nocomment.az

1Mənbələr