Macarıstan AB-nin Ukrayna üçün planlaşdırılan 90 milyard avroluq kreditini bloklayıb. “Financial Times” qəzetinin dörd mənbəyə istinadən verdiyi məlumata görə, qərar Budapeştin AB-yə etirazı səbəbindən dayandırılıb. Bu cür maliyyələşdirmə bütün 27 üzv dövlətin yekdil səsini tələb edir.
Qeyd olunur ki, Macarıstanın mövqeyi həmçinin Ukrayna üçün nəzərdə tutulan 8 milyard avroluq BVF kredit proqramını təhlükə altına qoyur. Qərarın apreldə keçiriləcək və Baş nazir Viktor Orbanın siyasi gələcəyinə təsir göstərə biləcək seçkilərdən əvvəl verilməsi diqqət çəkir.
Avropa Parlamenti krediti 11 fevralda təsdiqləyib. Kreditin 60 milyard avrosunun hərbi xərclərə, 30 milyard avrosunun isə Ukrayna büdcəsinə ayrılması planlaşdırılırdı.
Macarıstanın xarici işlər naziri Peter Sijjarto bildirib ki, ölkəsi yalnız Drujba boru kəməri vasitəsilə Macarıstana neft tranziti bərpa olunarsa, Ukraynaya 90 milyard avroluq AB kreditini dəstəkləyəcək.
“Drujba vasitəsilə Macarıstana neft daşınması bərpa olunana qədər Ukraynaya 90 milyard avroluq AB kreditini bloklayırıq” – deyə Sijjarto X hesabındakı paylaşımında bildirib.
Siyyarto Ukraynanı Brüssel və Macarıstan müxalifəti ilə koordinasiyalı şəkildə "enerji şantajı"nda günahlandıraraq, neft tranzitinin dayandırılmasının həm təchizat təhlükəsizliyini təhdid etdiyini, həm də seçkilərdən əvvəl yanacaq qiymətlərini artırmağı hədəflədiyini iddia edib. Macarıstanlı nazir bu addımın AB-Ukrayna Assosiasiya Sazişinin pozulması mənasına gəldiyini deyərək, Budapeştin bu təzyiqə boyun əyməyəcəyini vurğulayıb.
TAHİR