AZ

Qlobal istiləşməyə qarşı təsirli sayılan pavloniya ağacını Qaxda yetişdirən sakin - REPORTAJ

Qax, 21 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Pavloniya (Paulownia) ağacı Çin qovağı olaraq da tanınır. İldə təxminən 5-6 metr, bəzən daha çox böyüməsi və digər ağac növlərindən asan inkişaf etməsi və daha az zəhmət tələb etməsi ilə tanınır. Buna ölkəmizdə həm də “Adəm ağacı” deyilir. Məlumata görə bu ağacın orta ömrü 70-lə 100 arasında dəyişir.

AZƏRTAC-ın bölgə müxbiri pavloniya ağacını şimal-qərb bölgəsində dağ ətəyində əkərək müsbət nəticələr əldə edən Qax rayonunun Ləkit kənd sakini Lətif Aydınovla görüşüb, ağacın ekoloji üstünlükləri və yetişdirilmə prosesi ilə maraqlanıb.

Əvvəlcə qeyd edək ki, pavloniyanın vətəni Şərqi və Cənub-Şərqi Asiya, əsasən də Çindir. XIX əsrdən bu tərəfə dünyanın 40-dan artıq ölkəsində bu ağac bağçılıqda və digər məqsədlər üçün geniş becərilir. Mərkəzi və Şimali Amerika, Avropa, Mərkəzi Asiya və Tailandda, eləcə də bir çox ölkələrdə geniş istifadə olunur. Pavloniyanın becərilməsinin geniş yayılması onun müxtəlif xüsusiyyətləri ilə əlaqəlidir. Birinci, bu bitkinin güclü kök sistemi var, quraqlığa davamlıdır. Amma bununla yanaşı, tez-tez suvarılanda daha intensiv böyüyür.

Ölkəmizdə bu ağacın əkinlərinə son 5-7 ildə daha çox təsadüf edilir. Pavloniya ağacını adətən iqlimi mülayim olan ərazilərdə əkiblər. Lakin Qaxın Ləkit kənd sakini Lətif Aydınov bu ağacın əkin və qulluq prinsiplərini öyrəndikdən sonra onu daha sərt iqlimi olan dağ ətəyində əkərək müsbət nəticələr əldə edib. Bir sözlə dağ ətəyində bir təsərrüfat salaraq cənnət-məkan yaradıb.

Aydınovların həyətinə daxil olub elə ilk müşahidələrdən hiss edirsən ki, burada əsl təsərrüfatçı yaşayır. Fevral ayı olmasına baxmayaraq hiss etdik ki, ailə bağ-bağata, təsərrüfata böyük maraq və diqqət göstərir. Həyət-bacadakı səliqə-sahmanla tanışlıqdan sonra Lətif müəllim bizi yaxınlıqdakı dağətəyi təsərrüfatına yönləndirir. Təsərrüfatçı mütəxəssislərin fikirlərinə istinad edərək həm də müşahidələrinə əsaslanaraq bildirir ki, palıd ağacı 40 ilə böyüyüb bəlli diametrə çatdığı halda pavloniya həmin ölçü və boya 7 ildə çatır. Bu səbəbdən məsləhət görülür ki, meşə əkinlərində bu ağacdan daha çox istifadə olunsun. Çünki hazırda ölkəmizin meşə təsərrüfatlarında ağac və kolların yanma təhlükəsi 200 dərəcə təşkil edirsə bu, pavloniyada 400 dərəcə və daha çoxdur. Digər tərəfdən, ağac kəsildikdən sonra yerində bir neçəsi yenidən cücərir və ekoloji tarazlığı qısa müddətdə bərpa edir.

Ağacın daha sərt dağətəyi ərazidə əkən Lətif müəllim bildirir ki, əvvəllər yağış yağanda yaxud qar əriyən zaman dağdan gələn sel-suları həyətlərinə dolardı. Dağın bir hissəsində əli ilə arxlar qazmasına baxmayaraq faydası olmazdı. Lakin pavloniya ağacı əkəndən sonra həm təsərrüfatı abadlaşıb, həm bu ağacın daha sərt iqlimdə də yetişə biləcəyini əyanı sübut edib.

Təsərrüfat sahibi təcrübələrinə əsaslanaraq bildirir ki, ağacın faydası tək sənayedə deyil, həm də arıçılıqda mühüm əhəmiyyətə malikdir. “Çox böyük əhəmiyyəti var. Yarpağında 20 faiz zülal var, yoncaya bərabər hesab olunur. Payızda qoyun-quzu bir aya yaxın buradakı yarpaqlardan qidalanır. Ağac 7 il sonra kəsilərsə bir o qədər kub material vermək xüsusiyyətinə malikdir. Amma gərək baxasan, qulluq edəsən.. Aprel ayının əvvəlindən may ayının 10-dək ağacın çiçəkləməsi davam edir. Bəziləri deyir ilboyu, amma elə deyil. Haradasa 30-40 gün davam edir ki, bu da arıların ən çox çiçəyə tələbatı olduğu dövrlərdir. Bir hektardan 700-800 kiloqram bal vermək xüsusiyyətlərinə malikdir”, - deyə o bildirib.

Bu ağacın hansı ərazilərdə əkilməsi və ona necə qulluq edilməsi barədə məlumat verən həmsöhbətimiz bildirib ki, son vaxtlar bu ağacların əkilməsi barədə çox müraciətlər olur. Amma onu əkərkən torpağın strukturunu mütləq nəzərə almaq lazımdır. Daşlı, qumsal torpaqlarda yaxşı inkişaf eləyir. Yəni suyu tez keçirən torpaqlarda. Amma yeraltı sulara çox yaxın olan sahələrdə bunu əkmək olmaz, ən azı qrunt sular 1.5-2 metr aşağıda olmalıdır. Çünki bunun kökü 4 metrdən 9 metrə kimi dərinliyə gedə bilir. O da gedib suya çatanda 1.5 metrə kimi yaxşı inkişaf edir, 3-4 ildən bir də görürsən məhv oldu getdi, saraldı.

Lətif Aydınov bildirib ki, geniş yarpaqları ilə böyük miqdarda karbonoksid həll etdiyinə görə şəhər yerlərində havanın çirklənməsinin qarşısını almaq üçün bu ağacdan geniş istifadə olunur. Bundan əlavə, pavloniya karbonoksid zənginliyinə görə digər ağac növləri arasında bu günə qədər liderdir. Bu xüsusiyyəti ilə son illərdə qlobal istiləşməyə bir həll yolu olaraq ön plana çıxıb. Bu səbəbdən təsərrüfatçı artıq bir neçə ildir ki, həyətində pavloniya tingliyi də təşkil edib və istəyənlərə, sifarişçilərə yetişdirib satır. Eyni zamanda, bu sahədə bilik və bacarığını da əsirgəmir.

Seçilən
7
1
azertag.az

2Mənbələr