Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95 875 doğulan körpə qeydə alınıb və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.
Bu, Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Doğulan körpələrin 53,1 faizi oğlan uşaqları, 46,9 faizi isə qız uşaqları olub. Körpələrdən 3 170-i əkiz, 117-si isə üçəm doğulub.
Qeyd edək ki, mövcud statistik rəqəmlərdən də göründüyü kimi ölkədə doğum sayı azalıb. Mütəxəssislər isə bu azalmanı müxtəlif amillərlə izah edirlər.
Doğum sayında azalma sosial problemlərdən irəli gəlir, yoxsa ailələr son illərin dəbi ilə ayaqlaşırlar?
Məsələ ilə bağlı “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyin sədri Fariz Əkbərov "Cebheinfo.az"-a bildirib ki, müasir dövrün qlobal problemləri arasında demoqrafik problemlərin həllinin vacibliyi və mühümlüyü bütün dövlətlər tərəfindən qəbul edilib:

"Əhalinin qocalması prosesinin güclənməsi ictimaiyyətin qarşısında ciddi sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial və etik problemlər qoyur. Ölkədə doğum sayının azalması həm ciddi sosial-iqtisadi amillərlə, həm də dünyəvi dəyərlərin dəyişməsi ilə bağlı kompleks bir məsələdir.
Bunların arasında işçi qüvvəsi, ictimaiyyətin iqtisadi yükünün artması, istehlak səviyyəsinin xarakterinin dəyişməsi, ahılların sağlamlığı və tibbi-sosial kömək üçün vəsaitlərin artırılması və s. ilə bağlı problemləri göstərmək olar.
Əsas səbəblərə iqtisadi çətinliklər (yüksək yaşayış xərcləri), nikah yaşının gecikməsi, qadınların karyeraya üstünlük verməsi, sosial təminatın zəifliyi və fərdi həyata (karyera, səyahət) daha çox önəm verilməsi daxildir".
Sosioloq deyir ki, bu gün ailələrdə uşaq sayı minimuma enib:
"Beynəlxalq təşkilatların proqnozları və müşahidə etdiyimiz tendensiyalar vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Artıq biruşaqlı ailə modelinə keçmişik, iki və daha çox uşaqlı ailələr getdikcə azalır. Bir millətin varlığını davam etdirməsi üçün orta hesabla hər ailədə ən azı 3 uşaq olmalıdır.
Lakin ailələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil. Varlı ailələrin əksəriyyətinin bir və ya iki uşaqdan çoxu yoxdur. Həyat tərzi, mənəvi dəyərlər, psixologiya - hər şey dəyişib. Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər.
İqtisadi, siyasi və bir çox digər amillərin nəticəsi olaraq, demoqrafik vəziyyətə böyük dərəcədə təsir göstərən doğuş nisbəti prosesləri, sadə əhalinin çoxalma normasından kənara çıxaraq iqtisadi cəhətdən aktiv əhali sayının azalmasına səbəb oldu.
Demoqrafik prosesin spesifikliyi ondan ibarətdir ki, ölkə əhalisinin yaş və cins quruluşu pisləşir, iqtisadi cəhətdən aktiv əhali sayı azalır, əməyin çoxalma prosesi pisləşir, az nüfuzlu və az maaşlı iş yerlərinin doldurulmasında çətinliklər yaranır və işçi qüvvəsinin idxalına ehtiyac yaranır".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər:
doğum sayı Fariz Əkbərov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.