AZ

“Adamı təhqir edir, söyürlər. Bəyənmirsənsə, oxuma...”

“Bu məsələ cəmiyyətimizin fəlakətli tərəflərindən biridir. Yəni eynilə futbol mövzusu kimi, Azərbaycan ictimaiyyətində ən ciddi müzakirə olunan məsələlərdən biri də Elza Seyidcahanın şeir yazmasıdır…”

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri yazıçı Şərif Ağayar “Yazıçı Postu” layihəsində səsləndirib. Əməkdar artist Elza Seyidcahanın AYB-yə üzv olmasından danışan yazıçı qeyd edib ki, bu mövzunun həddən artıq şişirdilməsi anlaşılmazdır:

“Sanki Azərbaycan vətəndaşının xüsusi bir “Elza Seyidcahan dərdi” var. Halbuki ölkənin bu qədər problemi olduğu halda bu mövzu o qədər də maraqlı deyil.

Elza Seyidcahanın şeir yazması və Azərbaycan Yazıçılar Birliyinə üzv olması kimə nə zərər verir? Adamı təhqir edir, söyürlər. O isə sadəcə şeir yazır. Bəyənmirsənsə, oxuma. Doğrudan da bu qədər böyüdüləcək məsələ deyil. Adam şeir yazır, heç kimi təhqir etmir, öz üslubunda yazır və oxuyur. Bunu necə qadağan etmək olar?!

Yazıçılar Birliyində həkim Rəşid Mahmudov çıxışında Anarı tənqid edib ki, Elza Seyidcahanı niyə üzv qəbul etmisən? Anar isə “əcəb eləmişəm” deyə cavab verib. Bu, çox gözəl cavab idi.

Problem Anarın 40 il sədrlik postunda oturması, kral kimi öz təbəələrinə ev paylaması deyil, Elzan Seyidcahanı Yazıçılar Birliyinə üzv qəbul edilməsidir?!

Halbuki Birlikdə elə Rəşid Mahmudovun öz rayonundan olan, istedadsız hesab edilə biləcək xeyli insan var. Elza isə heç olmasa, ritmi və ahəngi bilir, musiqini anlayır”.

Ş. Ağayar bildirib ki, Seyidcahan heç kimi təhqir etmir, sadəcə öz üslubunda şeirlər yazır və bunu qadağan etməyə əsas yoxdur:

“Onun şeirlərində eksperiment var, sözlərlə ritm üzərində oynayır, öz üslubunu axtarır. Bu niyə belə böyük fəlakət kimi təqdim olunmalıdır? Yazır, qoy, yazsın. Bu qədər qəzəbi doğuran səbəbi doğrudan da anlamaq çətindir.

Necə ki, Azərbaycan insanının futbola bu qədər ifrat aludəçiliyini, meyxanaya həddən artıq marağını, məzmunsuz mahnılar oxuyan, dərisi 5 qəpiyə dəyməyən “manıs”lara 10-15 min manat verib toylarına çağıramağını anlamaq çətindir, eləcə də Elza Seyidcahan mövzusunun bu dərəcədə problemə çevrilməsi anlaşılmazdır.

Heç bir ciddi sosial məsələ, məsələn, kitab sənayesinin vəziyyəti, təhsilin durumu, səhiyyənin problemləri Azərbaycan insanını bu qədər narahat etmir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr