AZ

Lautaro Martines bir neçə ay futbolsuz qala bilər – ARENA.AZ

İtaliyanın “İnter” komandasının kapitanı Lautaro Martines zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan uzaq qala bilər.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

28 yaşlı argentinalı hücumçunun sol ayağının baldır əzələsində dartılma aşkarlanıb. Futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Norveç təmsilçisi “Bodo Qlimt”lə keçirilən və 1:3 hesabı ilə başa çatmış matçda zədələnib. Bu üzdən o, oyunun 61-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 35 oyuna çıxıb, 18 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 370 oyun, 171 qol, 54 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 75 oyuna çıxıb, 36 qol vurub, 11 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
23
arena.az

1Mənbələr