AZ

Azərbaycan erməni vandalizminin yaralarını öz gücü ilə sağaldır

Ötən il azad edilmiş ərazilərin bərpasına 4,9 milyard manat sərf edilib

30 ilə yaxın düşmən tapdağı altında qalan, xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzur bu gün küllərindən doğmuş bir iqtisadi region kimi formalaşır. Müasir dövrdə postmünaqişə məkanında ən iri dövlət investisiya proqramlarından biri məhz bu ərazilərdə həyata keçirilir. 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra azad olunmuş ərazilərdə infrastrukturun bərpası və əhalinin qayıdışı istiqamətində kompleks tədbirlər görülür. Nəticədə, bu proses əhəmiyyətli maliyyə resurslarının səfərbər olunmasını tələb edir.

İşğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdırma işlərinə 2025-ci ildə bütün maliyyə mənbələri hesabına 4 milyard 911.2 milyon manat vəsait sərf edilib. Bu barədə informasiya Dövlət Statistika Komitəsinin məlumatı əsasında aparılan hesablamalarda yer alıb. Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (994.6 milyon 11 min manat), Ağdam (740 milyon manat) və Zəngilan (731 milyon manat) rayonlarına ayrılıb.

Ötən il Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 21 milyard 226.1 milyon manat vəsait yönəldilib ki, bunun da 16 milyard 18 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Beləliklə, hesabat dövründə azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 30, 7 faizini təşkil edib.

Əlavə edək ki, 2020-ci ildən 2026-cı ilə qədər azad edilmiş ərazilərin bərpası üçün 25 milyard manatdan çox vəsait ayrılıb. Bunun da 3,5 milyard manatı 2026-cı il büdcəsində nəzərdə tutulub. Dövlət rəsmilərinin sözlərinə görə, bu vəsaitlərin əksəriyyəti orta və uzunmüddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli əlavə dəyər yaradacaq infrastruktur layihələrinə yönəldilir.

2025-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı infrastruktur və sosial obyektlər istifadəyə verilib. Bu proses xüsusilə Xankəndi şəhərində intensiv xarakter alıb. Belə ki, Xankəndidə “Xankəndi” Biznes Mərkəzi, Xankəndi Konqres Mərkəzi, Qarabağ Universitetinin Klinikasının binası, Biznes və iqtisadiyyat fakültəsinin yeni korpusu, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris binası, 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyası və Zəfər parkı istifadəyə verilib.

Ağdamda Rəqəmsal İdarəetmə Mərkəzi, Təlim-Tədris Kompleksi, sənaye müəssisələri, yaşayış kompleksləri, məktəb və uşaq bağçaları, Dəmir Yolu və Avtovağzal Kompleksi, Muğam Mərkəzi və “Hilton Garden Inn Agdam” hoteli açılıb.

Digər rayonlarda da mühüm layihələr reallaşdırılıb. Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasına yol çəkilib, Füzulidə Əhmədbəyli–Füzuli–Şuşa yolu istifadəyə verilib, Xocalıda yarımstansiya və istehsal müəssisələri qurulub, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyaları, sənaye və xidmət obyektləri istifadəyə verilib. Şuşada sosial və səhiyyə obyektləri, Zəngilanda Ağalı və Məmmədbəyli kəndlərinin növbəti mərhələləri başa çatdırılıb. Ümumilikdə, regionda enerji, nəqliyyat, təhsil, səhiyyə və sənaye infrastrukturu paralel şəkildə inkişaf etdirilib.

2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və infrastruktur layihələri ilə yanaşı, əhalinin mərhələli qayıdışı prosesi də davam etdirilib. Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Laçın, Füzuli, Zəngilan (Ağalı və Məmmədbəyli kəndləri), Cəbrayıl, Xocalı və Ağdamın bir sıra kəndlərinə, eləcə də Kəlbəcər şəhərinə köç həyata keçirilib.

Hazırda azad olunmuş ərazilərdə ümumilikdə 75 mindən çox insan yaşayır. Bu göstəriciyə daimi məskunlaşan keçmiş məcburi köçkünlərlə yanaşı, həmin ərazilərdə çalışan dövlət və özəl sektor əməkdaşları da daxildir. Beləliklə, regionda paralel şəkildə həm infrastruktur quruculuğu, həm də sosial-iqtisadi həyatın bərpası təmin olunur.

Xatırladaq ki, 16 noyabr 2022-ci ildə dövlət başçısının imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış üzrə I Dövlət Proqramı”nın Fəaliyyət Planı təsdiqlənib və bununla da postmünaqişə mərhələsinin institusional çərçivəsi müəyyənləşdirilib.

Sənədə əsasən, 2026-cı ilin sonunadək azad edilmiş ərazilərdə 280 min hektar sahənin mina və digər partlayıcı qalıqlardan təmizlənməsi hədəf kimi müəyyən olunub. Paralel olaraq 34500 mənzil və fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur ki, bu da əhalinin mərhələli şəkildə geri dönüşünü təmin etməyə xidmət edir.

Bu ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinin yekunlaşdırılması nəzərdə tutulur və bu mərhələ çərçivəsində 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mərhələli şəkildə geri dönüşü planlaşdırılır.

Bir vacib məqamı da qeyd edək ki, Azərbaycan münaqişədən sonrakı mərhələdə formalaşdırdığı bərpa və yenidənqurma modelini beynəlxalq səviyyədə təqdim etmək potensialına malikdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən kompleks infrastruktur, yaşayış və sosial layihələr postmünaqişə idarəçiliyi baxımından praktik nümunə kimi qiymətləndirilə bilər.

Bu modelin əsas xüsusiyyəti təhlükəsizlik, infrastruktur və sosial reinteqrasiyanın eyni vaxtda planlaşdırılmasıdır. Minalardan təmizləmə prosesi ilə paralel olaraq magistral avtomobil yolları, beynəlxalq hava limanları, elektrik yarımstansiyaları və su təchizatı sistemləri inşa olunur. Eyni zamanda, yaşayış məntəqələri sıfırdan qurulur, məktəblər, xəstəxanalar və sosial obyektlər istifadəyə verilir. Dövlət–özəl tərəfdaşlığı mexanizmləri isə iqtisadi aktivliyin bərpasını sürətləndirir.

Bu baxımdan Azərbaycan Suriyanın və Qəzzanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər. Məsələn, Suriyada on ildən artıq davam edən müharibə nəticəsində geniş ərazilər infrastruktur baxımından iflic vəziyyətinə düşüb. Eyni mənzərə Qəzzada müşahidə olunur. Ardıcıl hərbi əməliyyatlar infrasturukturu, sosial obyektləri, enerji və su sistemlərini ciddi şəkildə zədələyib.

Musa BAĞIRLI
XQ

Seçilən
27
1
xalqqazeti.az

2Mənbələr