AZ

“Turan Tovuz”dan vacib qələbə və Avropaya doğru daha bir addım

“Turan Tovuz” çox vacib oyunda əsas rəqiblərindən olan “Zirə” üzərində inamlı qələbə qazandı. Bu qalibiyyətdən sonra xallarının sayını 37-yə çatdıran və 3-cü yeri tutan Qərb klubu ən yaxın izləyici olan elə “Zirə”ni 2 xal qabaqlayır. Hələ avrokuboklara yollanmaq baxımından nəsə demək tezdir. Çünki turnir cədvəlinin ön sıralarında sıxlıqdır. Hətta 7-ci yeri tutan “Neftçi” belə avrozonaya düşə bilər.

Kurban Berdıyevin komandası dünən rəqibin müdafiə xəttindəkə boşluqlardan əla istifadə etdi. Artıq neçənci oyundur ki, “Zirə” müdafiəsinin “dirəyi” sayılan Ruan Renato kobud səhvləri ilə yadda qalır. Tovuz təmsilçisi də bundan yaxşı istifadə etdi. Ümumiyyətlə, dünənki matçda “qartallar”ın müdafiə xətti özünə bənzəmirdi. Filip Ozobiçin fərqləndiyi 11-ci dəqiqədə “Zirə”nin müdafiəsindən əsər-əlamət yox idi. Ozobiç topu qapıya vurana qədər hələ ayaqüstü cərimə meydançasında bir-iki qurtum kofe də içə bilərdi.

“Turan Tovuz”un ikinci qolunda “Zirə”nin cərimə meydançasında bu komandanın 5 futbolçusu olsa da, Xorxe Silva rahat şəkildə topu qapıdan keçirdi.

Kurban Berdıyev antifutbola, baxımsız oyuna görə çox tənqid olunur. Amma komanda hər matçda azarkeşlərə zövq verib sonda xalsız qalsa, bu kimə lazım olacaq?  Əsas olan qarşıya qoyulan hədəfə çatmaq, avrokuboklara yollanmaq deyilmi? Bunun üçün isə praqmatik futbol da oynamaq olar, hələ lazım gəlsə, qapıya avtobus da düzmək. Təki “Turan Tovuz” 31 ildən sonra yenidən Avropada olsun. Məncə, komanda buna nail olsa, azarkeş də hər şeyi Berdıyevə və futbolçulara bağışlayacaq.

Seçilən
12
msport.az

1Mənbələr