Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
“Meydan TV” və “Bakı Jurnalistika Məktəbi” ilə bağlı cinayət işi üzrə həbsdə olan 12 nəfərin məhkəməsi davam edir.
Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən jurnalistlər və onların vəkilləri bir sıra vəsatətlər qaldırıblar.
Vəsatətlər jurnalistlərin şüşə kabinədən çıxarılması, ev dustaqlığına buraxılması və s. məsələlər barədə olub.
Təqsirləndirilən jurnalistlərdən yalnız Ülviyyə Quliyevanın şüşə kabinədən çıxarılaraq, vəkilinin yanında əyləşməsinə icazə verilib. Onun vəkili Rövşanə Rəhimova bildirib ki, müvəkkilinin səhhətində ciddi problemlər var. Hələ bir neçə il əvvəl onun başında şiş aşkarlanıb. Onun qaraciyəri, böyrəyi ilə bağlı da problemləri var. Vəkil Ülviyyə Quliyevanın özəl xəstəxanada ixtisaslaşmış müayinəsinə icazə verilməsi barədə vəsatət qaldırıb.
Təqsirləndirilən jurnalistlər Şəmşad Ağayev (Şəmşad Ağa), Nurlan Qəhrəmanlı (Nurlan Libre) və Aytac Əhmədovanın (Aytac Tapdıq) ev dustaqlığına buraxılması barədə onların vəkilləri Cavad Cavadov və Zibeydə Sadıqova vəsatət qaldırıb.
Dövlət ittihamçısı bildirib ki, bu şəxslər həbs olunarkən göstərilən əsaslar aradan qalxmayıb. Bu səbəbdən də onların barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə etiraz edir.
Məhkəmə də vəsatətləri təmin etməyib.
Təqsirləndirilən şəxslər şüşə kabinədən çıxarılmadığına görə Aytən Əliyevanın sədrliyilə hakimlər kollegiyasına yazılı şəkildə etiraz verilib. Etirazı əsaslandıraraq qeyd ediblər ki, məhkəmə özü təqsirləndirilən şəxslərin vəkillərinin yanında əyləşməsi barədə qərar qəbul etmişdi. İndi isə öz qərarını icra etmir.
Hakimlər kollegiyasına etiraz baxılmamış saxlanılıb.
Təqsirləndirilən jurnalistlərdən üçü – Aysel Umudova, Aytac Əhmədova və Xəyalə Əhmədova istintaq təcridxanasında təzyiqlə üzləşdiklərini bildiriblər. Onlar Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevdən şikayətləniblər. Vəkillər bu məsələnin araşdırılması üçün Baş Prokurorluğa təqdimat göndərilməsi, Bakı İstintaq Təcridxanasından kamera görüntülərinin alınması barədə vəsatət qaldırıb.
Hakim Aytən Əliyeva bildirib ki, məhkəmə Bakı İstintaq Təcridxanasına sorğu göndərəcək.
Məhkəmə prosesi martın 13-də davam edəcək.
Qeyd edək ki, Meydan TV və Bakı Jurnalistika Məktəbi ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlər arasında Aynur Elgünəş, Şəmşad Ağa, Natiq Cavadlı, fotojurnalist Əhməd Muxtar və digərləri var. Onlara qarşı 192.3.2 (qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, xeyli miqdarda törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və s. maddələri ilə ittihamlar irəli sürülüb. Jurnalistlər xaricdən qaçaqmal yolu ilə valyuta gətirməkdə ittiham olunurlar. Lakin onlar ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.
Aytən, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.