AZ

"Elə bil, bizim öpüşməyimizi gözləyirdi" - Həyatımın dəyişdiyi gecə

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının doqquzuncu hissəsini təqdim edir.

Səkkizinci hissə burada

Birinci kursu bitməyimizə sayılı günlər qalmışdı. Yay gəlirdi. Nitqimi inkişaf etdirmək üçün bədii ədəbiyyat oxumağa da zaman tapacaqdım. Əsasən rus və fransız ədəbiyyatına üstünlük versəm də, yerli ədəbiyyatı da məlumat üçün oxuyurdum. Eyni zamanda, könüllü təcrübəçi kimi prokurorluqlara dinləmələrə getməli, hadisə yerinin müayinəsində iştirak etməli, gələcək üçün indidən təcrübə yığmalı idim. Beləliklə, həm də özümə yaxşı “dayı” tapa bilərdim. Dekanatlıqdan icazə məktubu alandan sonra bir neçə müstəntiqin yanında təcrübə keçdim. Heç vaxt heç nəyə müdaxilə etmədən sadəcə baxırdım və özüm üçün qeydlər aparırdım. Tale məni təcrübəli və vicdanlı bir prokurora rast gətirdi. Azər müəllim həm də baş prokurorla yaxın dost idi. Yaşı 55-i ötmüş bu adam hər cinayətkarla öz dilində danışmağı bacarırdı. Məsələn, qız zorlamış bir kişiyə demişdi ki, guya özü də vaxtında Rusiyada qızları içirdib başına oyun açırmış, ayılanda da qızlar bir ağız ağlayırmış, vəssalam. Bunu elə danışmışdı, mən də inanıb ürəyimdə onu qınamışdım.

Çinarın danışığında nəyin yalan, nəyin doğru olduğunu bilirdim. Mimika və səs tonundan başqalarında da bu halları ayırd etmə bacarığım formalaşmışdı. Ancaq Azər müəllimi tutmağı bacarmırdım. O elə danışırdı, sanki qız zorlamaq adi bir hərəkət idi və bunu hamı edə bilərdi. Beləliklə, cinayətkar əvvəlki əməllərini də etiraf etmişdi.

Saxlanılan şəxs aparıldıqdan sonra qalstukunu azca boşaldıb mənə dedi:
– Yaman yordu məni bu əclaf.

Beləliklə, praktika üçün yalnız Azər müəllimin çalışdığı prokurorluğa getməyə başladım. Katibəsi icazəli olanda ona çay da süzürdüm. Məni ora-bura da buyururdu.

Bir gün polisdən xəbər gəldi ki, qarşı məhlədəki villaların birində bədbəxt hadisə baş verib. Durub ayaqla həmin evə getdik. Eyvanın tavanındakı naqilləri düzəldən 60-65 yaşlı bir kişi eyvandan yıxılıb ölmüşdü. Məhkəmə Tibbi Ekspertizasının həkimləri, polislər və Azər müəllim özü ölümün bədbəxt hadisə üzündən baş verdiyinə inandılar.

Lakin mən mənzilin içinə keçəndə evin böyük gəlini prokurorluq işçisi olduğumu düşünüb gözləri ilə əvvəlcə rəfə qoyulmuş ütünü, sonra kiçik qaynını göstərdi. Mən diqqət çəkməmək üçün yuxarı-aşağı baxıb ütüyə tərəf getdim. Ütü təzəcə və tələsik yuyulmuşdu. Hələ də içindən su damcılayırdı. Şunurunun parça üzlüyü ütü tərəfdən iki qarış islanmışdı.

Cəld o biri otağa keçəndə Azər müəllim əməkdaşlara son tapşırığını verirdi:
– Tez izahatları alın. Mərhumun arvadı ərizə versin ki, bədbəxt hadisədir, heç bir şikayəti yoxdur. Vaxt itirməyək.

Mən ilk dəfə təcrübəçi kimi getdiyim işə müdaxilə elədim:
– Azər müəllim, üzr istəyirəm, burda qətl hadisəsi baş verib.

O mənə baxmadan cavab verdi:
– Qətl deyil.

Özümə əmin şəkildə təkrarladım:
– Burda qətl hadisəsi baş verib.

O mənə tərs-tərs baxdı, amma heç nə demədi. Mən isə bir daha təkrarladım:

– Azər müəllim, burda cinayət hadisəsi baş verib. İcazə verin, bunu sizə sübut edim. Bununla da gələcəyin prokuroru kimi qarşınızda imtahan verim.

Daha sonra 17 yaşlı uşaq 30 ilin prokuroruna əmr verdi:
– Arxamca gəlin!

Azər müəllim, tibbi ekspert və polislər arxamca ütü olan otağa keçdilər. Mən ütünün qarşısında dayanıb ev sakinlərindən soruşdum:
– Bunu kim yuyub?

Sükutu görüb davam elədim.
– Onsuz da əl iziylə biləcəyik. Ütünü kim yuyub?

Evin kiçik gəlini barmağını şaqqıldadaraq həyəcanla cavab verdi:
– Mən yumuşam.

– Neçə dəqiqə əvvəl yumusunuz ütünü?
– On beşiyirmi dəqiqə əvvəl.
– Kişi otuzotuz beş dəqiqə əvvəl rəhmətə gedib. Bu vurhavurda ütü yumaq hardan ağlınıza gəldi? Ən maraqlısı, ütünü yumurlar axı. – gəlinin gözlərinin içinə baxıb sərt və əmin şəkildə davam elədim – kişini bu ütüylə qətlə yetiriblər?

O ağlamsınaraq:
– Mən bilmirəm, mən bilmirəm, – dedi və əlləri ilə üzünü qapadı. Mən evin kiçik oğluna baxdım:
– Sənin xanımındır bu gəlin? Başıyla təsdiq etdi.
– Kişini sən öldürmüsən?

O da üzünü tutub ağlayaraq yerə çökdü.

Səmimi etiraf edim, əgər gələcəkdə öz başıma gələnləri bilsəydim, o oğlanı satmazdım. Hələ “nə olursa olsun, insan öz doğma atasını öldürməməlidir”, düşüncəsində idim. Oğlan atasını xanımı hamamda çimərkən deşikdən gizli gözətlədiyi üçün öldürmüşdü. Azər müəllim gəlinin və ərinin saxlanmasına şifahi sanksiya verdi.

Ertəsi gün prokurorluğa gələndə müəllimimin dünənki işlə bağlı reaksiyasını gözləyirdim. Heç nə demədi. Bir az da qəlbimdə incidim. Axı mən açmışdım cinayətin üstünü. Mən olmasaydım, heç nə bilməyəcəkdilər. Heç quru sağ ol da düşmürdü mənə?

Əhvalatı Cincilimə də, Yusifə də danışdım. Mərdiməzarlıqdan başqa əlindən bir iş gəlməyən Yusif dərhal zarafatlaşdı: “Yazığı “srok”a göndərmisən”. O, rus dilində beşaltı söz bilirdi, biri də “srok” idi. Amma bu sözü rusların özündən yaxşı deyirdi.

Bir həftə sonra dərsdə oturub, mühazirəyə qulaq asırdım. Müəllim deyirdi: “Tarixən insan təbiəti öyrənir və ondan istifadə edir. İndi, demək olar ki, təbiətdə toxunulmamış sahə qalmayıb. Qədim dövrlərdən başlayaraq insan maddi mədəniyyəti, yaxud ikinci təbiəti – insaniləşdirilmiş təbiəti yaradır...”

Bu vaxt rektorluqdan bir oğlan, bir qız dekanla bərabər auditoriyaya girdilər. Dekan məni göstərib onlara nəsə dedi. Suluğumu uddum. Fikirləşdim ki, nəsə hoqqa çıxartmışam, məni “uni”dən qovacaqlar. Çünki rektorluqdan hələ bir köpəkoğlu və ya köpəkqızı xeyir görməmişdi. Gənc qız baş prokurorun “uni”nin müəllimlərinə göndərdiyi təşəkkür məktubunu açıb oxumağa başladı. Məzmun təxminən belə idi: Sizin universitetin birinci kurs tələbəsi Fərzəliyev Ərəl Murtuza oğlu təcrübəçi kimi getdiyi prokurorluqda işçilərlə yaxından əməkdaşlıq edib və mühüm bir cinayətin üstünün açılmasında təşəbbüs göstərib. Dekan daxil hamı məni alqışladı. Oğlan tələbə yoldaşlarım atamı söyəsöyə daha möhkəm əl çaldılar. Məktubun Cincilimgilin qrupunda da oxunmasını xahiş etdim və buna görə oğlana qonaqlıq boyun oldum.

Onunla dostlaşdıq. Bu məktub daxil kəndimizə iki məktub getdi. Murtuzaya belə bir oğul böyütdüyünə görə təşəkkür edirdilər. Halbuki məni Murtuza böyütməmişdi. O, yalnız məni əkmiş və bir dəfə də yerə düşən yorğanımı üstümə örtmüşdü. Başqa bir uşaq olsaydı, örtməzdi. Bu iki şeydən başqa atamın mənə heç bir yaxşılığı dəyməmişdi.
Anam məktubları oxuyanda sevindiyindən kövrəlib ağlamışdı.

Yusif Günka ilə dərin fiziki təmasa keçə bilməsə də, yüngül qısnamalar etdiyini deyirdi. O mənə və yaxın çevrəsinə görüşdüyü qızlarla bağlı hər şeyi danışırdı. Yaxınlıq etməkdən daha çox, etdiyini danışanda zövq alırdı. Beyni qız tovlama bacarığında çox inkişaf etmişdi. İstənilən qadına vəziyyətdən asılı olaraq yanaşma taktikasını düzgün və uğurlu seçirdi. Bir əfqanıstanlı, yaxud fransız qadının hər birinə necə yanaşmalı olduğunu bilirdi. Bir dəfə maşınla aşağı sürətlə hərəkət edirdik. Ağlaya ağlaya yol kənarı ilə gedən gənc bir qadın gördük. Yusif mənə dedi, sən düş maşından, qaqan bunu mindirib aparsın. Mən düşündüm ki, qadın bu vəziyyətində Yusifi söyüb qovacaq. Elə olmadı. Yusif onu sakitləşdirdi, sonra maşına mindirib hotellərin birinə apardı. Sən demə, əri ilə yenicə dalaşıb evdən çıxıbmış. Ona bildiyi hər şeyi edib gəlini götürdüyü yerdə düşürəndə demişdi: “Nə yaxşı mənə rast gəldin, oğraşmoğraşa rast gəlsəydin, aparıb başına oyun açardı”.

O, yapon qadınını çinlidən fərqləndirən yeganə azərbaycanlı idi. Hətta kürdəmirli ilə salyanlını da bir birindən seçə bilirdi. Bir qıza baxanda onun anasının və ya nənəsinin xarici millətdən olduğunu bilirdi. “Köpəyoğlunun metisi”, – deyirdi, – “Heyif deyil...”
Günkaya yaxından “girişə” bilməməyindən şikayətlənirdi.

İmkanlı ailədə böyüsə də, evdən ona bəlli miqdardan artıq pul vermirdilər. Naharı və şam yeməyini mənimlə “Stellaria”da yeyirdi. Benzinini də çox vaxt mən tökürdüm. Mənim sayəmdə qrup yoldaşlarımla tanış olmuşdu. Nazir oğluyla oturub dursa da, bizə baxıb onunla şit zarafatlar etməməsini möhkəm tapşırmışdım. Bir sözlə, ona sərf etdiyim üçün daim mənimlə fırlanırdı. Hər yerdə məni tərifləyib reklam edirdi. Öz çevrəsini də mənimlə tanış etmişdi. Yusifin əhatəsi bir topa yabı yığınıydı. Nə vaxt toplaşırdılarsa, ya kiminsə arvadından, ya qızından, ya da hansısa müğənninin sponsorundan danışırdılar. O çevrədə heç vaxt Viktor Hüqodan, yaxud Tesladan söhbət getməmişdi. Onların heç biri Xristofer Kolumbu tanımırdı.

Bir gün Yusif ərzaq mağazasında işləyən Ülkər adlı 19 yaşlı bir qızla tanış oldu. Bu ərəfələrdə dərsdə oturmuşdum. Kərəm adlı xarizmatik, saçını elə bu “uni”də ağartmış, özünə hörmət qoyan bir müəllimin dərsi idi. Başqa müəllimlərdən fərqi o idi ki, heç vaxt rüşvət almamışdı. Heç kim Kərəm müəllimə təzyiq göstərib kiməsə qiymət yazdıra bilməzdi. Hamı ondan çəkinirdi. Heç kimin yanında gözükölgəli deyildi. Onun dərsində həmişə sakitlik olurdu. Hamımız bilirdik ki, Kərəm müəllim başqalarının tayı deyil, mühazirəsində səs salmaq olmaz. Dərs zamanı oğlanlar şit zarafata başladı. Kərəm müəllim iki dəfə astaca xəbərdarlıq etdikdən sonra üçüncüdə əlini stola çırpıb dedi:
– Qızlar çıxsın bayıra!

Sonuncu qız da çıxıb qapını örtdü. Biz düşündük ki, müəllim qızları çıxarmaqla ağır söyüşlər söyəcək, ağzımız üzümüz qalmayacaq. O isə sükuta qərq olmuş oğlan tələbələrə baxıb iki kəlmə söz dedi:
– Tərbiyəsizlər! Mədəniyyətsizlər!

Biz çox müəllimin irad və təhqirlərini görmüşdük. Üstümüzə kitab, qələm atıb söyüş söyən müəllimlər olmuşdu.

Heç biri Kərəm müəllimin dediyi bu iki kəlmə qədər ağır olmamışdı. Kimliyindən asılı olmadan qızlara “qızım”, oğlanlara “oğlum” deyirdi. Nazir oğlunu bütün müəllimlər tanıdığı halda, o qrupda belə birisinin varlığını bilsə də, kim olduğu ilə maraqlanmırdı. Heç məni də – 696 bal toplamış nazir Misir Mərdanovun “yaxın dostunun oğlu” Ərəl Fərzəliyevi də tanımırdı.

Dərsin bitməsinə az qalmış qapı açıldı, Könka göründü. Salam verib Ərəl Fərzəliyevin bu qrupda oxuyub oxumadığını soruşdu. Müəllim sinif nümayəndəsinə dedi:
– Burda oxuyur? O ayağa qalxdı:
– Bəli, müəllim, – deyib əli ilə məni göstərdi.

Mən qəsdən ayağa durmamışdım. Kərəm müəllim mənə baxdı:
– Sənsən?

Başımla təsdiq etdim. Ayağa durmamağım və başımla cavab verməyim hörmətsizlik kimi çıxdığından müəllimə ağır gəldi, acıqlı halda dedi:
– Eşitmirsən, qız səni çağırır. Elə oturmusan, elə bil obaxeyisən.

Müəllimdən, Könkadan və məndən başqa hamı güldü.
Çıxdım. Dəhlizdə Könkayla söhbətə başladıq:
– Niyə gəlmisən?
– Səni görməyə. Darıxıram.
– Könka, uşaqlar məni lağa qoyar. Bura bir də gəlmə.
– Elə bilirsən, kefimdən gəlirəm?! Bilirsən, sənə görə nə qədər ağlayıram? Ad günüm yaxınlaşır, səndən hədiyyə gözləyirəm.
– Könka, elə bil məni maşın vurub öldürüb. Həyatını elə qur. Mən oğraş olsaydım, səndən yararlanıb sonra atardım. Məni başa düş. Səni mənim ən yaxın dostum, qardaşlığım istəyir.

– Onda elə bir şey et ki, sənə nifrət edim. Yararlanmağa qalanda... Həmişə, həmişə hazıram... Bütün “uni”miz mələyir mənə...

Mən Könkadan icazə alıb tualetə getdim. Dərsdə olduğu üçün Cincilimə zəng edə bilməzdim. Mesaj yazdım:
“Xalan qızı bura gəlib. Dəhlizdədir”.
“Niyə gəlib?”
“Deyir, mənim üçün darıxıb. Bunu necə qırım? Nə desən, onu da edəcəm”.
“Bu bizim münasibəti bilsə, atamgili ayıldacaq”.
“Tualetdə qalmışam. Nə edim?”
“Tənəffüsə qədər onun başını qat. Tənəffüsdə gətir bizim pilləkənin başına. Ora gələcəm. Sənə salam verməyəcəm”.
“İcazə al, çıx bayıra, mənə zəng elə”.
“Ok”.

Az keçmiş Cincilim məni yığdı:
– Ərəl, hardasan?
– Tualetdə. O güldü:
– İşimizə gücümüzə bax da. Qulaq as, telefonu söndürmədən döş cibinə qoy. Danışığınızı eşidim. Tənəffüsdə də gətir pilləkənin başına.

Mən “no” düyməsini basmadan dəhlizə çıxdım. Könkanın yanına çatıb dedim:
– Könka, vallah, belə şeyə görə bizdə “uni”dən qovarlar adamı.
– Nə edirik? Mən darıxdığıma görə gəlmişəm. Səndən heç nə istəmirəm. Görürəm, Allah da mənə qarşı çıxıb. Düz bir mərtəbə aşağıdadı, hə?
– Kim?
– Xalam qızı.

– Xalan qızı yaman ədabazdır. Salam da vermir adama.
Elə bilir, onun adına söz çıxartmışam.
– Deyim, biləsən, o sonsuz olacaq.
– Sonsuz nədir?
– Yəni qısır. Onun uşağı heç vaxt olmayacaq. Uşaq vaxtı əməliyyat ediblər. Uşaqlığını götürüblər. Özünə deməyiblər. Sənə uşaq doğa bilməz.
– Könka, əvvəla mən onu istəmirəm. Özü bilər. Əgər istəsəydim, bunun mənə fərqi olmazdı. Uşaqsız da istədiyimi alardım. Onsuz da xalam uşaqlarının səs küyü məni bezdirib. Uşağı neynirəm?! Amma biləsən, onunla heç bir əlaqəm yoxdur.
– Mənimlə bura bir qız gəlmişdi, yoxa çıxıb. Konturun var? Görüm hara getdi.

Mən mobil telefonumun “no” düyməsini basıb ona uzatdım. Əlinə alıb hansısa nömrəni yığdı. “Yes” düyməsini basıb tez də “no” düyməsini basdı. Zəng getmədi. O istehza ilə gülüb telefonu özümə qaytardı:
– Hər şeyinə nənən qurban!

– Könka, sən mənə inanmırsan, bu öz işindir. Mən heç kimə hesabat verməyə borclu deyiləm. Necə başa düşürsənsə, elə də düş. Bircə xahişim var səndən: bir daha mənim dalımca gəlmə.
– Sən bilirsən, o səni fırladır? – kövrəlib gözləyərək davam elədi, – Məni niyə aldadırsan, Ərəl?
– Qoy fırlatsın. Sən hələ ona denən, mənə salam versin, sonra fırladar. Özünü elə aparır, elə bil Şah Abbasın nəvəsidir. Gözlə, tənəffüsdə çıxaram, söhbət edərik. Bu müəllim bir az qəlizdir. Gözlə tənəffüsü, çıxacam.
– Bilirsən, Ərəl, mən o qızdan on dəfə artıq gözələm, amma neyləyim ki, o sənin gözəlindir.

Mən sinfə keçib icazə aldıqdan sonra Kərəm müəllimə dedim:

– Müəllim, bayaqkı hərəkətimə görə üzr istəyirəm. O qızın gəlməsini istəmədiyim üçün ayağa durmadım.

Müəllim mənə keçib əyləşməyimi söylədi.
Ciddi söhbət getdiyi üçün uşaqlar üzr məsələsində mənimlə zarafat etmədilər. Oturduğum yerə çatanda döyüküb geri qayıtdım. Könka əlaqəmizi bilmişdi. O, bayaq Cincilimin nömrəsini yığmış, ekranda “Hər şeyim” yazıldığını görmüşdü. Mən Cincilimin adını telefona belə yazmışdım.

Təkrar icazə alıb bayıra çıxdım. Müəllim hər ehtimala arxamca bir qız, bir oğlan göndərmişdi.

Bu vaxt Cincilim mesaj yazdı:
“Bunu neyləyək? Bu evdəkiləri duyuq salacaq. Kənanı duyuq salıb artıq. Kənan məni güdüm güdüm güdür”.
“Qorxma. Bir şey fikirləşərik. Uzağı atan nömrəni yoxladar. O da üç ay gəlib gedən zəngi. Üç aydır əsas telefonuna zəng edib, mesaj yazmamışam. Rahat ol. Bu nömrəni də Günkanın adına almışıq. Evdə qızın səni şərlədiyini de”.
“Ərəl, Allaha and olsun, mən kor bağırsaqdan əməliyyat olmuşam”.
“Bunun nə fərqi var? Cinim, sənin iki əlin, iki ayağın olmasa da, səni istəyəcəm. Həm də ölənə qədər. Bir də o mövzuya qayıtma”.
“O yalan deyirdi”.
“Bilirəm. Düz desə də, fərqi yoxdur. Tənəffüsdə gəl pilləkənin başına, mənə salam vermə”.
“Ok. Sən yaxşı oğlansan. Səndən bir dənədir”.
“Məndən bir dənədirsə, səndən heç yoxdur”.

Könka çıxıb getmişdi.
Təcili Cincilimə “Hər şeyim” söhbətini bildirdim. Sonuncu dərsdən qaçıb Elimlər Akademiyasının bağına gəldik. Çox uğursuz gün idi. Burada bizi Könka yox, bir polis nəfəri güdməyə başladı. Lakin bu o qədər də təhlükəli deyildi.

Adətən oğlanlarla qızlar bu bağın şamlığına öpüşməyə gəlir, polis də güdəgüdə qəflətən üstlərinə çıxıb beşdənüçdən alırdı. Bu polis nəfəri də bizim öpüşməyimizi gözləyirdi, biz isə yanyana əyləşib üzümüzə dirənmişdik. Mən hələ istəkli kimi Cincilimin əlindən belə tutmamışdım. Polis gördü, öpüşmək yoxdur, eləbelə yaxınlaşdı:
– Nə gəzirsiniz burda? Mən cavab verdim:
– Söhbət edirik.
– Camaatın qızını salmısan şamlığa, nə söhbət edirsən?
– Burda oturmaq üçün skamya qoyulub, biz də oturub sakitcə söhbət edirik.
– Yox eee, xalxın qızıyla şamlıqda nə söhbət edirsən?

Bu vaxt Cincilim sərt şəkildə polisə iradını bildirib onu qovmağa başladı. Polis bizi şöbəyə aparmaqla hədələdi. Bu vaxt mən polisi kiritdim, Cincilimi kiridə bilmədim. Polisə iki “şirvan” naharpulu verib yola salırdım... Cincilimin hələ də kirimədiyini görüb pulu geri qaytardı və israrla şöbəyə gedəcəyimizi bildirdi. Mən Cincilimə çəmkirib onu sakitləşdirdim. İlk dəfəydi ona bu cür irad bildirirdim. Əlavə iki “şirvan” da verib polisi yola salandan sonra Cincilimə dedim:

– Bax, gözəlim, polis hər zaman bizi şöbəyə aparmaq üçün səbəb tapa bilər. Birdən o, acığa düşüb bizi şöbəyə aparaydı, azyaşlı kimi valideynlərimizi çağırtdıraydı, atana mənim onun qızını öpdüyümü deyəydi, nə olardı?

Haqlı olduğumu görüb susurdu. Davam etdim:

– Sənə başqa istəklilər kimi qadağa qoymuram. Nəyi qadağan edirəmsə, deməli, bir əsaslı səbəbim var. Heç vaxt polislə belə danışma.
– Biz heç nə etmirdik axı.
– Şöbədə ona inanacaqdılar, bizə yox. Əgər güzəştə getmək imkanın varsa, getməlisən. Belə yerlərdə mənə qulaq as. İndi durub burdan aralanmalıyıq. Çünki polis fikrin dəyişib qayıda bilər, yaxud digər polis yoldaşını öyrədib göndərə bilər.

O, sözlərimə haqq verib:
– Bağışla! – dedi.

Onu evə yola salanda bir neçə tövsiyə də verdim:

– Bir müddət ehtiyatla görüşək. Könka atana nə isə çatdırsa, boynuna alma. Gəlibgedən zənglərini çıxartdırsa, yenə qorxma. Kimsə bizi tutsa, sadəcə tələbə yoldaşıyıq deməliyik.

Bu hadisədən sonra Cincilim bir daha ciddi mövzularda sözümdən çıxmadı.

Könka bizim münasibətimiz haqda bildiklərini Cincilimin valideynlərinə dərhal çatdırdı. Cincilimə gəlibgedən zənglərin tarixçəsini çıxartdırmağı da ağıllarına salmağı unutmadı. Nömrə anasının adına olduğundan bu asan başa gəldi. Lakin nəticə bizim xeyrimizə idi: son üç ayda həmin nömrə ilə heç bir əlaqəmiz olmamışdı. Qız sınaqdan tərtəmiz çıxdı. Atası ona daha çox güvənməyə başladı. Dərk etdi ki, qızı heç vaxt onun şərəfini yerə vurmaz. Bundan sonra başqa bir versiya da üzə çıxdı: guya mən qızı narahat edirəm, o qorxusundan evdə heç nə demir. Bunu dəqiqləşdirmək üçün atası anasının yanında Cincilimlə danışıb:

– O gədə səni narahat eləmir?
– Yox.
– Səninlə oxuyur?
– Yuxarı mərtəbədə oxuyur.
– Salam verir sənə?
– Yox.
– Baxıb eliyir?
– Yox. Könka özü o oğlanı istəyir. Hamıya qısqanır. Qəsdən çıxardır bu sözsöhbəti.

Atası anasına deyib:

– Əsmər, o bacına denən, qızına ağıl versin. Görünür, kənddəki sözsöhbəti də səninkilər çıxardıb. Qızı toy toğlusu kimi ortaya düşüb onabuna böhtan atmasın.
– Yaxşı.

Cincilim için için gülmüşdü.
Məsələ bir sıfır onun xeyrinə bitmişdir.

Seçilən
10
1
kulis.az

2Mənbələr