AZ

Gəncədə sahibsiz it problemi: sürü ilə gəzirlər… – sakinlər təhlükədə / VİDEO

Gəncə şəhərinin bir sıra qəsəbə və küçələrində sahibsiz itlərin sayının artması sakinlərin ciddi narahatlığına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərindən daxil olan şikayətlərə əsasən, sahibsiz itlərin həm yaşayış massivlərində, həm də park və məktəb yaxınlıqlarında təhlükə yaratdığı bildirilir.

Sakinlərin sözlərinə görə, Mahrasada, xüsusən də Sağlam Nəfəs klinikasının yanındakı zibillik ətrafı, eləcə də Fikrət Əmirov parkı sahibsiz itlərin toplaşdığı məkanlara çevrilib. Parkın yenilənib abadlaşdırılmasına baxmayaraq, insanlar buraya daxil olmağa çəkinir, itlərin say çoxluğu narahatlıq yaradır.

Eyni vəziyyət Avtozavod, “Pasyolka” (Fizuli qəsəbəsi), “Vağzal”, Yeni Gəncə ərazisində, Sevinc, Sadıllı, Gülüstan qəsəbəsi və Abbas Səhhət küçəsində də müşahidə olunur. Məlumata görə, bəzi yerlərdə sahibsiz itlər sakinlərin üstünə hücum edir, xüsusən də məktəbə gedən uşaqlar üçün təhlükə yaradır. 17 nömrəli məktəbin həyəti və ətrafının da itlərlə dolu olduğu bildirilir.

Qeyd edilir ki, eyni mənzərə Gəncə Şəhər İcra Hakimiyyəti ətrafında da müşahidə edilir.

Şikayətçilər qeyd edirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problemin aradan qaldırılması istiqamətində real tədbirlər görülmür.

Şəhər sakinləri Gəncə Şəhər İcra Hakimiyyəti və müvafiq xidmət qurumlarını sahibsiz itlərlə bağlı təcili tədbirlər görməyə çağırırlar.

Gəncədə real vəziyyəti əks etdirən videonu təqdim edirik:

Seçilən
12
nocomment.az

1Mənbələr