AZ

Şəhid ailəsinin evi təmir ediləcək

"Arkoz Qazax Sement Zavodu" Azərbaycanın iri sement istehsalçılarından  olmaqla yanaşı, həm də  xeyirxah əməlləri ilə tanınır. Öz ənənəsinə sadiq qalan zavodun kollektivi şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayır, onlara qayğı göstərərək sosial problemlərinin həllində, məişət şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edir.

 Hər zaman xeyirxah işləri ilə fərqlənən zavod bu il də öz ənənəsinə sadiq qalaraq daha bir şəhid ailəsinin yanında olmuşdur. Zavod rəhbərliyi bu dəfə 2023-cü ilin  sentyabrında keçirilən antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunmuş şəhid əsgər Nəsibov Akşin Vasif oğlunun ailəsinə diqqət ayıraraq onun yaşadığı evin təmirini öz üzərinə götürmüşdür. 

Bununla bağlı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov  və "Arkoz Qazax Sement Zavodu" MMC-nin direktor müavini Nahid Salehov şəhidin doğulub boya-başa çatdığı Canalı kəndindəki  ailəsini ziyarət etmişlər. Ziyarət zamanı rayon rəhbəri illər ötsə də, əldə etdiyimiz Zəfərə görə Akşin Nəsibov kimi şəhidlərimizə borclu və minnətdar olduğumuzu bildirmişdir. Sonra nümunəvi təşəbbüsünə görə şəhid ailələri, eləcə də ziyalılar və rayon ictimaiyyəti adından "Arkoz Qazax Sement Zavodu" MMC-nin rəhbərliyinə və kollektivinə təşəkkür edərək, zavod kollektivinin  bu addımını Prezident İlham Əliyevin  yürütdüyü siyasətin davamı kimi qiymətləndirmişdir.

Şəhid atası Vasif Nəsibov çıxış edərək oğlunun  boya-başa çatdığı evin  əsaslı təmirini onun ruhuna göstərilən ehtiram kimi dəyərləndirmişdir. Onu da qeyd edək ki, bu gün Qazaxda şəhid Akşin Nəsibovun adına küçə var.

Sonra mütəxəssislər evin vəziyyəti ilə tanış olmuş, görüləcək işlərlə bağlı layihə-smeta sənədləri hazırlamışlar.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr