AZ

Şarm əl-Şeyxdən başlanan təşəbbüs...

“Sülh Şurası”nın geosiyasi missiyası və perspektivi...

2025-ci ilin payızında “Sülh Şurası”nın əsasının qoyulması yeni dövrdə dünya iqtisadiyyatında və siyasətində müşahidə olunan struktur dəyişikliklərinin artıq qlobal xarakter aldığını göstərən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. İndki mürəkkəb geosiyasi şəraitdə “Sülh Şurası” konsepsiyasının formalaşdırılması təşəbbüsü ötən il Şarm əl-Şeyx şəhərində keçirilmiş yüksək səviyyəli sammit çərçivəsində konkret siyasi müstəviyə daşınıb. Sammit çərçivəsində aparılan müzakirələr göstərdi ki, qlobal təhlükəsizlik arxitekturasının yenilənməsi artıq alternativ deyil, zərurətdir. Şarm əl-Şeyxdə əsası qoyulan bu mexanizm dövlətlər arasında birbaşa dialoqun, çevik qərarvermənin və humanitar reaksiyanın sürətləndirilməsini hədəfləyir. Bir çox siyasi ekspertlər bu qurumun siyasi fəlsəfəsinin regional və qlobal miqyasda baş verən böhranlara klassik diplomatik prosedurlardan daha çevik və praktik mexanizmlərlə cavab verilməsindən ibarət oldubu dünşüncəsindədirlər. Bu isə həm siyasi iradə, həm də kollektiv məsuliyyət tələb edir - beləliklə, “Sülh Şurası”nın konseptual əsaslarında dövlətlərin suverenliyinə hörmət, beynəlxalq hüquq normalarına sadiqlik və humanitar dəyərlərin qorunması prinsipləri ön planda tutulur.

Hazırkı mərhələdə bu təşəbbüs hələ formalaşma prosesində olsa da, artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşüb. Onun gələcəkdə dünya nizamının aparıcı yönverici və istiqamətləndirici subyektlərindən birinə çevrilib-çevrilməyəcəyi isə siyasi iradənin davamlılığından və iştirakçı dövlətlərin birgə fəaliyyətindən asılı olacaq.

Şarm əl-Şeyxə dəvət: Bakının artan beynəlxalq rolu diqqətlə izlənilir

Son illərdə Azərbaycanın qlobal arenada ard-arda qazandığı qələbələrə, nail olduğu beynəlxalq nüfuza və imicə nəzər saldıqda, mühüm ştrixlərlə qarşı-qarşıya dayanırıq. O baxımdan ki, qalib Azərbaycanın xarici siyasət fəlsəfəsi də dünyanın qlobal əhəmiyyətə malik prinsiplərini özündə birləşdirir:

- Bərabərhüquqlu münasibətlər;

- Beynəlxalq hüquqa hörmət və onun təmin edilməsi;

- Sülh, ədalət və qarşılıqlı hörmət prinsipləri.

Məhz bu dəyərlərə əsaslanan siyasət nəticəsində Azərbaycan son 20 ildə həm regional, həm də beynəlxalq səviyyədə tanınan, hörmət edilən və nüfuz qazanan dövlət statusu əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu diplomatiya Azərbaycanın beynəlxalq nüfuzunu sistemli şəkildə artırıb. Bu isə nəticə etibarı ilə Bakının, artıq qlobal sülh gündəliyində yer almasını şərtləndirir. Şarm əl-Şeyx sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən dəvət olunması da təsadüfi deyildi - vurğulandığı kimi, bu fakt təkcə diplomatik nəzakət nümunəsi deyil, həm də Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan müxtəlif platformalarda sülh təşəbbüsləri ilə çıxış edərək həm regional, həm də qlobal miqyasda sabitliyə töhfə verməyə çalışıb.

Ölkəmizin əməkdaşlığa hədəflənmiş, sülhü və təhlükəsizliyi ön planda tutan xarici siyasət kursu, müxtəlif güc mərkəzləri arasında dialoqu təşviq etməsi və çoxtərəfli əməkdaşlığa verdiyi önəm bu dəvətin əsas səbəblərindən biri idi.  Azərbaycan həm enerji təhlükəsizliyi, həm nəqliyyat-logistika layihələri, həm də humanitar təşəbbüslər sahəsində beynəlxalq əməkdaşlığa açıq mövqe sərgiləyir - “Sülh Şurası” kimi yeni qlobal mexanizmin formalaşması prosesində Azərbaycanın iştirakı da bu mənada, təbii və məntiqlidir. Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın qlobal təhlükəsizlik məsələlərinə münasibətdə aktiv mövqe tutduğunu bir daha nümayiş etdirdi. Bu iştirak ölkənin yalnız regional aktor deyil, həm də qlobal miqyasda fikir və təşəbbüs irəli sürən dövlət kimi çıxış etdiyini təsdiqlədi.

Paralel olaraq bu fakt Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində artan nüfuzunun göstəricisi idi. Dövlətimizin müxtəlif münaqişələrin həllində beynəlxalq hüquqa əsaslanan mövqeyi, humanitar məsələlərə həssas yanaşması və çoxtərəfli əməkdaşlığa açıq olması “Sülh Şurası”nın gələcək fəaliyyətində mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaratdı.

Ən mühüm nəticə - Qəzzada silahlar susub...

“Sülh Şurası” yarandığı qısa müddət ərzində bir sıra mühüm irəliləyişlərə nail olub. Bəlli olduğu kimi, şuranın əsas fəaliyyət sferası Qəzza probleminin həllidir - ilkin və ən diqqətçəkən nəticə kimi Qəzzada hərbi əməliyyatların dayandırılması istiqamətində atılan addımları göstərmək olar. Uzun müddət davam edən qarşıdurma nəticəsində yaranmış humanitar böhran beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olmuşdu. “Sülh Şurası” çərçivəsində aparılan danışıqlar və vasitəçilik səyləri nəticəsində atəşkəsə nail olunması qan tökülməsinin qarşısının alınmasında mühüm rol oynayıb.

Qəzza zolağında baş verən hadisələr təkcə regional deyil, qlobal təhlükəsizlik üçün də ciddi risklər yaradırdı. Humanitar böhranın dərinləşməsi, mülki əhalinin əziyyət çəkməsi və infrastrukturun dağıdılması beynəlxalq mexanizmlərin daha operativ fəaliyyət göstərməsini tələb edirdi. Bu baxımdan “Sülh Şurası”nın çevik qərarvermə modeli özünü praktik müstəvidə doğrultmağa başlayıb.

Humanitar sahədə mühüm addım kimi əsir və girovların qaytarılması prosesinin həyata keçirilməsi xüsusi qeyd olunmalıdır. Bu proses qarşılıqlı etimadın formalaşmasına və tərəflər arasında dialoqun bərpasına zəmin yaradıb. Münaqişə şəraitində humanitar məsələlərin prioritetləşdirilməsi yeni qurumun əsas prinsiplərindən biri kimi çıxış edir.

Bu nəticələr göstərir ki, “Sülh Şurası” yalnız siyasi bəyanatlar verməklə kifayətlənmir, real və ölçülə bilən nəticələr əldə etməyə çalışır. Əlbəttə, əldə olunan nailiyyətlərin davamlı olması üçün uzunmüddətli mexanizmlərin yaradılması və tərəflər arasında dayanıqlı razılaşmaların təmin edilməsi vacibdir. Lakin ilkin mərhələdə əldə olunan irəliləyişlər bu təşəbbüsün potensialını nümayiş etdirir.

Konsepsiyanın təsisatlandırılması...

Növbəti mərhələdə “Sülh Şurası” konsepsiyasının institusional əsaslarının formalaşdırılması istiqamətində işlərə başlanılıb. Bu təşəbbüsün irəli sürülməsində Amerika Birləşmiş Ştatları mühüm rol oynayıb. ABŞ tərəfindən irəli sürülmüş bu konsepsiya qlobal təhlükəsizlik sahəsində daha çevik və effektiv mexanizmin yaradılmasını hədəfləyir. Konsepsiyanın təsisatlandırılması bir neçə əsas istiqaməti əhatə edir. İlk növbədə, qərarvermə mexanizminin aydınlaşdırılması və üzv dövlətlərin səlahiyyət bölgüsünün müəyyənləşdirilməsi vacibdir. Eyni zamanda, maliyyə təminatı, katiblik strukturu və regional nümayəndəliklərin yaradılması kimi təşkilati məsələlər də gündəmdədir. Bu proses qurumun legitimliyinin və funksionallığının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

ABŞ-ın təşəbbüsü ilə irəli sürülən bu model klassik beynəlxalq institutlardan fərqli olaraq daha çevik və situativ yanaşmanı əsas götürür. Məqsəd uzun prosedurlar və veto mexanizmləri səbəbindən qərarların gecikməsinin qarşısını almaqdır. Lakin bu yanaşma eyni zamanda müəyyən müzakirələrə də yol açır. Çünki qlobal təhlükəsizlik məsələlərində geniş konsensusun təmin olunması legitimlik baxımından vacib amildir.

Bu mərhələdə əsas məsələ “Sülh Şurası”nın mövcud beynəlxalq sistemə paralel struktur kimi formalaşması, yoxsa onunla koordinasiyalı fəaliyyət göstərməsi ilə bağlıdır. Təsisatlandırma prosesinin uğuru qurumun gələcək təsir imkanlarını müəyyən edəcək əsas faktor kimi çıxış edir.

Beynəlxalq reaksiyalar: ehtiyatlı yanaşma və mümkün geosiyasi təsirlər...

“Sülh Şurası” təşəbbüsü beynəlxalq gündəmdə geniş rezonans doğurmaqla yanaşı, bəzi dövlətlər və siyasi qruplar tərəfindən ehtiyatla qarşılanır. Xüsusilə Avropa qrupu ölkələri və Çin tərəfindən bu təşəbbüsün mövcud beynəlxalq institutların roluna və qərarvermə balansına mümkün təsirləri ilə bağlı müəyyən narahatlıqlar ifadə olunur.

Əsas müzakirə mövzusu ondan ibarətdir ki, yeni qurum qlobal idarəetmə sistemində hansı yeri tutacaq. Əgər “Sülh Şurası” yalnız konkret regional böhranların idarə olunması ilə məhdudlaşarsa, bu halda o, mövcud institutlara əlavə dəstək mexanizmi kimi qəbul edilə bilər. Lakin əgər qurum daha geniş mandatla fəaliyyət göstərərək digər münaqişələrin həllində aparıcı rol oynamağa çalışarsa, bu, beynəlxalq sistemdə güc balansına təsir göstərə bilər.

Xüsusilə BMT-nin rolunun mümkün şəkildə zəifləməsi ilə bağlı ehtimallar bəzi dairələrdə narahatlıq formalaşdırır. Qlobal təhlükəsizlik məsələlərində universal platforma kimi çıxış edən BMT-nin legitimliyi və tarixi rolu nəzərə alındıqda, alternativ mexanizmin formalaşması ciddi geosiyasi diskussiyalara səbəb olur.

Bununla yanaşı, bəzi ekspertlər hesab edirlər ki, mövcud sistemin təkmilləşdirilməsi və alternativ mexanizmlərin yaradılması ziddiyyət təşkil etmir. Əksinə, düzgün koordinasiya və əməkdaşlıq şəraitində “Sülh Şurası” mövcud boşluqları doldura və qlobal təhlükəsizlik arxitekturasını daha funksional edə bilər.

Beləliklə, “Sülh Şurası” təşəbbüsü XXI əsrin mürəkkəb və çoxqütblü beynəlxalq münasibətlər sistemində yeni yanaşmanın təzahürü kimi qiymətləndirilə bilər. Təşəbbüsün gələcək taleyi beynəlxalq ictimaiyyətin ona münasibətindən, mövcud institutlarla münasibətlərin necə qurulacağından və əldə olunan nəticələrin davamlılığından asılı olacaq. Qurumun inklüzivlik, legitimlik və effektivlik prinsiplərinə sadiq qalacağına inam böyükdür - nəticə etibarı ilə də, “Sülh Şurası”nın qlobal təhlükəsizlik arxitekturasında mühüm rol oynayacağı şübhə doğurmur. 

P.İSMAYILOV

Seçilən
20
1
yeniazerbaycan.com

2Mənbələr