AZ

Milli amallara söykənən fəaliyyət

2016-cı il Konstitusiya islahatları nəticəsində təsis edilən Birinci vitse-prezidentlik institutu Azərbaycanın dövlət idarəçiliyində demokratik islahatların keyfiyyətcə yeni mərhələsi oldu. Bu islahat təkcə struktur dəyişikliyi deyil, həm də dövlət idarəçiliyinin səmərəliliyini və çevikliyini yüksəldən strateji nümunə idi. 2017-ci il fevralın 21-də Mehriban xanım Əliyevanın bu ali vəzifəyə təyin edilməsi Azərbaycanın müasir siyasi tarixinə mühüm və uğurlu bir səhifə kimi həkk olundu. 

Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edərkən ona böyük etimad göstərdiyini vurğulayaraq birinci xanımın çoxvektorlu fəaliyyətinə, dövlət və xalq qarşısında misilsiz xidmətlərinə diqqət çəkmiş, məhz bunları əsas götürərək böyük bir məsuliyyəti Mehriban xanıma əmanət etdiyini söyləmişdi: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır". Dövlətimizin başçısı Mehriban xanım Əliyevanın deputat kimi də çox böyük işlər gördüyünü, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində mühüm addımlar atdığını qeyd etmişdi. Həmçinin birinci xanımın çox geniş beynəlxalq fəaliyyətinə diqqət yönəltmişdi: "Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb. Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var". 

Cənab Prezidentin dəqiqliklə ifadə etdiyi kimi, Mehriban xanım Əliyeva uzun illərdir ölkənin ictimai-siyasi və mədəni həyatında ölçüyəgəlməz miqyasda böyük işlər görüb, nəhəng layihələr reallaşdırıb, tariximizə yazılmış beynəlxalq tədbirlərin birbaşa təşkilatçılığını həyata keçirib, xalqımızın hər fərdinin qəlbində sevgi və rəğbət oyandıran fəaliyyət sərgiləyib. Heydər Əliyev Fondunun prezidenti kimi Ulu Öndərin dövlətçilik fəlsəfəsinə sadiqlik nümayiş etdirən Mehriban xanım Əliyeva Birinci vitse-prezident statusunda da 9 ildir ki, xalqımıza və dövlətimizə fədakarlıqla xidmət edir. Birinci vitse-prezidentin çoxvektorlu fəaliyyəti, sadəcə, siyasi status daşımır, bu, humanizm, inkişaf və milli dəyərlərin qorunmasına xidmət edən çox genişmiqyaslı bir missiyadır.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsindən ötən 9 illik fəaliyətinin sırasında böyük əmək və fədakarlıq, qarşıya çıxan problemlərə yeni yanaşmalar, qazanılan çoxsaylı əzəmətli uğurlarla müşayiət olunan zəngin irs var. Mehriban xanımın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu qısa müddətdə dövlət aparatına peşəkarlıq və müasirlik meyarları gətirdi. Mehriban xanımın fəaliyyətinin ən dəqiq qiyməti öz ifadəsini, heç şübhəsiz, insanların ona olan böyük hörmət və etimadında tapır. Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında Prezident İlham Əliyevin ən böyük silahdaşı olmasıdır. 

"Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam" deyirdi Mehriban xanım Əliyeva. Tam qətiyyətlə vurğulamaq olar ki, Birinci vitse-prezidentlik təsisatı çevik siyasi struktur kimi özünü və cənab İlham Əliyevin etimadını doğruldub. Mehriban xanım Əliyevanın bu vəzifədəki fəaliyyəti dövlət idarəçiliyinə yeni trendlər gətirərək, peşəkarlıq meyarlarının önəmini daha da gücləndirib. Onun şəxsində Azərbaycan qadınının cəmiyyətdəki yeri həm fəal ictimai-siyasi vətəndaş, həm də yüksəkixtisaslı dövlət xadimi səviyyəsində yenidən müəyyənləşib. Birinci vitse-prezident qismində Mehriban xanım Əliyeva öz dərin təcrübəsi, ali humanizm prinsipləri və strateji təfəkkürü ilə yeni mərhələnin əsasını qoyub, xanımların idarəetmə sferasında daha geniş təmsil olunmasına zəmin yaradıb. Özünün humanizm prinsipləri ilə qadınların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakı üçün güclü bir motivasiya mənbəyinə çevrilib. "Gündəlik fəaliyyətimizdə insanpərvərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr qazanmaq, ən uca zirvələrə qalxmaq olar" deyən Mehriban Əliyeva müasir Azərbaycan qadınının həm ailə dəyərlərini qoruyan, həm də qlobal miqyasda ölkəsini təmsil edən lider obrazını tam formalaşdırdı. Onun fəaliyyəti təkcə vəzifə icrası deyil, həm də dövlət idarəçiliyində humanizm, şəffaflıq və peşəkarlığın vəhdətidir.

Mehriban xanım Əliyevanın cəmiyyətin dərin rəğbətini qazanmış fəaliyyəti olduqca geniş və əhatəlidir. O, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi siyasi proseslərdə aktiv rol almaqla yanaşı, 2005-2017-ci illər ərzində Azərbaycan Respublikası Milli Məclisinin deputatı qismində qanunvericilik fəaliyyətinə mühüm töhfələr verib. Heydər Əliyev Fonduna və Azərbaycan Mədəniyyət Fonduna rəhbərlik edərək milli-mənəvi dəyərlərin qorunması missiyasını öz üzərinə götürən Mehriban xanım eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü kimi ölkəmizdə idman hərəkatının və sağlam nəslin yetişdirilməsi strategiyasının əsas hərəkətverici qüvvələrindən biri olub. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi irimiqyaslı layihələrlə cəmiyyətin ən müxtəlif təbəqələrinə birbaşa dəstək göstərib. Azərbaycanın zəngin mədəni irsinin, muğam sənətinin və xalçaçılığın qlobal müstəvidə tanınmasında müstəsna rol oynayıb. Onun rəhbərliyi altında dövlət orqanlarının fəaliyyətində çeviklik, şəffaflıq və innovativ yanaşmaların tətbiqi genişlənib. Bu, idarəetmə sisteminin müasirləşməsinə və qərarların qəbulu prosesində peşəkarlığın artmasına ciddi təkan verib. 

Mehriban xanım Əliyeva öz fəaliyyətində cəmiyyətin həssas təbəqələrinin qayğılarını hər zaman diqqət mərkəzində saxlayır, onların çətinliklərinin aradan qaldırılması istiqamətində ardıcıl addımlar atır. Birinci vitse-prezident kimi fəaliyyətinin mərkəzində hər zaman qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və onların ailə üzvlərinin sosial müdafiəsi dayanır. Dövlətin və millətin tərəqqisində strateji əhəmiyyət kəsb edən təhsil, səhiyyə və mədəniyyət kimi sahələrin inkişafına fundamental töhfələr verməklə bərabər, milli-mədəni irsimizin beynəlxalq arenada tanıdılması üçün müstəsna layihələr həyata keçirir. Birinci vitse-prezidentin bu sahədəki  səyləri həm milli tərəqqiyə xidmət edir, həm də xalqın mənəvi dəyərlərinin qorunmasında misilsiz rol oynayır. 

Birinci vitse-prezident kimi ilk rəsmi müşavirəsini qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına həsr etməsi onun fəaliyyətində insan amilinin və sosial ədalətin prioritet olduğunu nümayiş etdirdi. Xüsusilə Lökbatan və Qobu qəsəbələrində yeni yaşayış komplekslərinin salınması bu istiqamətdə atılan ən böyük addımlardan idi. Sosial xidmətlərin rəqəmsallaşması və şəffaflaşması prosesində Birinci vitse-prezidentin rəhbərlik etdiyi layihələr mühüm rol oynadı. 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi və Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin siyahıya salınması da onun beynəlxalq nüfuzunun göstəricisi idi.

Ötən 9 il Azərbaycanın müasir tarixində olduqca mühüm hadisələrlə zəngindir. Bu illərin ən böyük hadisəsi, əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpasıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və qətiyyəti ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Hələ 44 günlük müharibə zamanı döyüş əməliyyatlarının davam etdiyi günlərdə xalqımız Mehriban xanım Əliyevanın necə yüksək vətən sevgisinə malik olduğuna şahidlik etdi. Azərbaycanın Birinci vitse-prezidentinin rəsmi "İnstaqram" səhifəsində etdiyi paylaşımlar, kənd və şəhərlərimiz azad olunduqca ünvanladığı təbriklər cəmiyyətimizdəki qələbə əzmini daha da gücləndirdi. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti daha sonra postmünaqişə dövründə xalqın mənəvi dayaq nöqtələrindən birinə çevrildi. Müharibədən sonrakı dövrdə qazilərin yüksəktexnologiyalı protezlərlə təmin edilməsi və onların reabilitasiyası birbaşa Mehriban xanım Əliyevanın nəzarəti ilə həyata keçirilir. Bu protezlər qazilərin hərəkət məhdudiyyətini minimuma endirir. Ağır yaralanmış qazilərin dünyanın ən qabaqcıl texnologiyalarına çıxışı Mehriban Əliyevanın təşəbbüsü ilə təmin edildi. Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş bərpa mərkəzlərində qazilər həm fiziki, həm də psixoloji dəstək alırlar. Şəhid ailələrinin sosial qayğı ilə əhatə olunması və onların problemlərinin operativ həlli sistemli xarakter alıb. Mehriban xanımın sayəsində bu fəaliyyət, sadəcə, birdəfəlik yardımlarla bitmir, davamlı və institusional xarakter daşıyır. Mehriban xanım Əliyevanın fəaliyyətində empatiya faktoru çox güclüdür. Onun şəhid anaları və qazilərlə görüşləri, onların problemlərini bir ana, bir qadın həssaslığı ilə dinləməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanır.

İşğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində və Böyük qayıdış prosesində Mehriban xanım Əliyevanın xidmətləri mühüm əhəmiyyət daşıyır. Heydər Əliyev Fondu hazırda Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini abidələrin bərpa olunmasında yaxından iştirak edir, bütövlükdə azad olunmuş torpaqlarımızın yenidən qurulmasına öz töhfələrini verir. Bu fəaliyyət təkcə fiziki bərpa deyil, həm də mənəviyyatımızın və mədəniyyətimizin öz evinə qayıdışıdır. Şuşanın işğaldan azad olunmasından qısa müddət sonra "Xarıbülbül" Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi dünyaya Azərbaycanın öz mədəniyyətinə sahib çıxması ismarışını verdi. Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və "Saatlı" məscidlərinin əsaslı bərpası, eləcə də Ağdam Cümə məscidində aparılan işlər dini və tarixi dəyərlərimizə verilən yüksək önəmin göstəricisidir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin möhtəşəm bərpası və Şuşada rəsm qalereyalarının yaradılması şəhərin tarixi simasını özünə qaytardı. 

Birinci vitse-prezident statusunda həyata keçirilən beynəlxalq səfərlər və yüksəksəviyyəli görüşlər Azərbaycanın milli maraqlarının dünyada daha effektiv müdafiəsinə xidmət edib. Bu səfərlər, sadəcə, rəsmi protokol görüşləri deyil, ölkəmizin milli maraqlarının strateji səviyyədə təşviqi kimi xarakterizə olunur. Birinci vitse-prezidentin hər bir səfəri Azərbaycanın qlobal səviyyədə mövqelərinin daha da möhkəmləndirilməsi işində müstəsna rol oynayıb. Bu səfərlər respublikamızın həm iqtisadi, həm də mədəni tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirib. 

Mehriban Əliyeva tərəfindən Azərbaycanın zəngin mədəniyyətinin, tolerantlıq ənənələrinin və multikultural dəyərlərinin dünyada tanıdılması birbaşa dövlət nüfuzuna xidmət edir. ICESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı dünyada sivilizasiyalararası dialoq mərkəzi kimi tanıdıb. Luvr muzeyindən tutmuş Versal sarayına qədər mühüm tarixi abidələrin bərpasında Azərbaycanın iştirakı ölkəmizin humanitar donor statusunu möhkəmləndirdi. Səfərlər zamanı keçirilən biznes-forumlar və görüşlər qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın təkcə enerji resursları ilə deyil, həm də intellektual və mədəni potensialı ilə cəlbedici tərəfdaş olduğunu sübuta yetirir. Bütün bunlar həm də onu göstərir ki, Birinci vitse-prezident institutunun fəaliyyəti Azərbaycanın beynəlxalq arenada daha müasir, dinamik və sülhsevər dövlət obrazının formalaşmasında həlledici rol oynadı.

COVID-19 pandemiyası zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər dövlət idarəçiliyinin operativliyini nümayiş etdirməklə yanaşı, cəmiyyətdə sosial həmrəyliyi gücləndirdi. Pandemiyanın ən kritik dövrlərində xəstəxanaların yüklənməsini azaltmaq üçün tətbiq edilən modul tipli xəstəxana modeli Azərbaycanın bu böhrandan ən az itki ilə çıxmasına şərait yaratdı. Bu xəstəxanalar cəmi bir neçə həftə ərzində qurularaq tam təchiz olunmuş vəziyyətdə istifadəyə verildi. Birinci vitse-prezident bu müəssisələrin açılışlarında şəxsən iştirak edərək, həm tibbi təchizatı, həm də həkimlərin iş şəraitini diqqətdə saxladı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan bu hərəkat ölkənin hər bir bölgəsini əhatə edən genişmiqyaslı bir xeyriyyə missiyasına çevrildi. Yalnız ərzaq paketləri deyil, həm də xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün lazımi dərman preparatlarının paylanması təmin edildi. Mehriban xanımın çağırışı ilə minlərlə gənc könüllü bu aksiyaya qoşularaq yardımların ünvanlara çatdırılmasında fəal iştirak etdi. Fond həm də müxtəlif özəl şirkətləri və xeyriyyəçiləri bir araya gətirərək milli birliyin simvolu oldu. Bundan əlavə, Mehriban xanım Əliyevanın beynəlxalq nüfuzu sayəsində Azərbaycan pandemiyaya qarşı qlobal mübarizəyə də töhfələr verdi. Bura Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq və ehtiyacı olan ölkələrə humanitar yardımların göndərilməsi daxildir.

Elm, təhsil və idman sahələri məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli prioritetlərdən qlobal uğur hekayələrinə dönüb. "Təhsil millətin gələcəyidir" devizi ilə hərəkət edən Mehriban xanım bu sahədə köklü dəyişikliklərin təşəbbüskarıdır. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin ən ucqar kəndlərində belə müasir standartlara cavab verən məktəblər tikilib. Bağçaların əsaslı təmiri və uşaqların erkən yaşdan inkişafı üçün yaradılan şərait də Mehriban xanımın xüsusi diqqət mərkəzindədir. Eyni zamanda valideyn himayəsindən məhrum uşaqların təhsili və onların cəmiyyətə yararlı fərdlər kimi yetişməsi üçün xüsusi proqramlar həyata keçirilir. Elmin inkişafı Mehriban xanımın fəaliyyətində yüksək texnologiyalar və intellektual gəncliyin dəstəklənməsi ilə də xarakterizə olunur. 

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat komitələrinin fəaliyyəti Azərbaycanı dünya idman xəritəsində mərkəzi nöqtəyə çevirib. 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları zamanı paytaxtda Olimpiya standartlarına uyğun infrastrukturun qurulması və oyunların möhtəşəm keçirilməsi məzh Mehriban xanımın yüksək idarəçilik məharətinin sübutu idi. 2017-ci ildə təşkil olunmuş İslam Həmrəyliyi Oyunları Azərbaycanın həm də müxtəlif sivilizasiyalar arasında dostluq körpüsü olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım bu idman növünü ölkədə kütləvi hala gətirib və Azərbaycanı dünya gimnastikasının liderlərindən birinə çevirib. Mehriban xanım Əliyevanın təhsil və idman sahəsindəki fəaliyyəti "sağlam bədəndə sağlam ruh" prinsipinə əsaslanır. Birinci vitse-prezident gənc nəslin həm intellektual, həm də fiziki cəhətdən güclü olmasını dövlətin sarsılmaz gələcəyinin təminatı kimi görür. 

Mehriban xanım Əliyevanın Azərbaycanda idarəçiliyin yeni institutlarından olan Birinci vitse-prezident vəzifəsində Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi dövlətimizə və xalqımıza uğurla xidmət göstərəcəyi,  respublikamızın yüksəlişinə layiqli töhfələr verəcəyi, hər zaman insanların yanında olacağı məlum idi. Mehriban xanım Əliyevanın bu vəzifədə fəaliyyətinin ilk həftələrindən bütün bu deyilənlər özünü tam şəkildə doğruldub.

Göründüyü kimi, Mehriban xanım Əliyevanın zəngin fəaliyyəti və gərgin əməyi dövlətimizin daha da güclənməsinə və xalqımızın rifah səviyyəsinin yüksəlməsinə xidmət edir. Onun Birinci vitse-prezidentlik fəaliyyəti dövlətçilik ənənələri ilə müasir liderlik keyfiyyətlərinin, humanizm və peşəkarlığın vəhdətidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr təkcə dövlət idarəçiliyini müasirləşdirmir, həm də xalqın milli-mənəvi dəyərlərini qlobal müstəvidə ucaldır. Tam əminliklə demək olar ki, Mehriban xanım bu vəzifəni təkcə siyasi bir funksiya kimi deyil, həm də xalqa birbaşa xidmət və mənəvi məsuliyyət platforması kimi həyata keçirir. Bu fəaliyyət güclü dövlətçilik ənənələrinə sadiqliyin və xalqa fədakar xidmətin parlaq nümunəsidir.

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr