AZ

Dünya diplomatiyasında yeni səhifə - Sülh Şurası

Azərbaycanın Sülh Şurasında təsisçi dövlət kimi təmsil olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir

Dünyada cərəyan edən proseslər göstərir ki,  artıq Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişələrin qarşısının alınması və onların effektiv həlli istiqamətində gözlənilən siyasi iradəni və təsir imkanlarını tam şəkildə ortaya qoya bilmir. İllərlə uzanan müharibələr, dərinləşən humanitar böhranlar və nəticəsiz diplomatik müzakirələr beynəlxalq ictimaiyyətdə narazılığı gücləndirib. Bu gün  dünyada 60-dan artıq aktiv münaqişə ocağının mövcudluğu, o cümlədən Qəzza zolağı ətrafında baş verən hadisələr və Rusiya-Ukrayna müharibəsinin davam etməsi beynəlxalq təhlükəsizlik mexanizmlərinin effektivliyinin ciddi suallar doğurduğunu göstərir və mövcud sistemin qlobal çağırışlara adekvat cavab verməkdə çətinlik çəkdiyini ortaya qoyur.

Məhz bu reallıqlar fonunda Donald Tramp administrasiyası tərəfindən alternativ sülh mexanizmi kimi Sülh Şurası təşəbbüsü irəli sürüldü. 2026-cı il yanvarın 15-də ABŞ Prezidentinin təşəbbüsü və təklifi ilə təsis edilən bu qurum mövcud mexanizmlərin səmərəsizliyi fonunda daha operativ və siyasi iradəyə əsaslanan platforma kimi təqdim olunur. Bu,  beynəlxalq siyasətdə yeni bir səhifənin açılması deməkdir.  Dövlətlərarası münaqişələrin həllində  ənənəvi qurumlara alternativ olaraq yaradılan Sülh Şurası  dünya səviyyəsində sabitliyin təmin edilməsi, qanuni və etibarlı idarəetmənin bərpası, münaqişələrdən zərər çəkmiş bölgələrdə dayanıqlı sülh proseslərinin dəstəklənməsi məqsədilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır. 

Təşəbbüsün müəlliflərinə görə, ənənəvi çoxtərəfli institutların mürəkkəb prosedurları böhranlara tez və təsirli cavab verməyə mane olur. Sülh Şurası isə özünü münaqişələrin yalnız diplomatik bəyanatlarla deyil, konkret siyasi, yaradıcı və praktiki addımlarla həllinə yönəlmiş mexanizm kimi təqdim edir. Xüsusilə uzunmüddətli regional münaqişələrin həllində diplomatik proseslərin ləngiməsi, veto mexanizmlərinin qərarların qəbuluna təsiri və bəzi hallarda siyasi maraqların humanitar prioritetləri üstələməsi yeni təşəbbüsə zəmin yaradıb. Bu baxımdan  şuraya daha çevik, siyasi iradəyə əsaslanan və birbaşa icra mexanizmləri ilə işləyən alternativ institut demək olar. 

Sülh Şurası konsepsiyasının praktik tətbiqi Şarm əl-Şeyx şəhərində keçirilən sammitlə başlanıb. Həmin toplantıya  Prezident İlham Əliyevin dəvət olunması isə Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində artan rolunun göstəricisidir. Sammit çərçivəsində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və qan tökülməsinin qarşısının alınması təmin olunub, humanitar sahədə isə əsir və girovların qaytarılması prosesi həyata keçirilib. Onu da qeyd edək ki, təşəbbüs beynəlxalq gündəmdə geniş rezonans doğurub və birmənalı qarşılanmayıb. Bir sıra dövlətlər və siyasi dairələr bu yeni platformanı ehtiyatla izləyir, onun mövcud beynəlxalq institutların roluna, qərarvermə balansına və qlobal təhlükəsizlik sisteminə  təsir göstərə biləcəyinə şübhə edirlər. Xüsusilə Avropa qrupu və Çin tərəfindən təşəbbüsün çoxtərəfli diplomatiyanın gələcəyinə mümkün təsirləri ilə bağlı suallar səsləndirilir: Sülh Şurası yalnız Qəzza böhranının idarə olunması üçün yaradılmış situativ mexanizmdir? Onun qlobal miqyasda digər münaqişələrin həllində ənənəvi institutlara alternativ, hətta onları əvəzləyən yeni beynəlxalq təhlükəsizlik platformasına çevriləcəyinə inanmaq olarmı?

Bu kimi suallar, eləcə də bənzər müzakirələr və beynəlxalq maraq fonunda qurumun fəaliyyətinin genişləndirilməsi və yeni üzvlərin cəlb edilməsi təşəbbüsü irəli sürülüb. Sülh Şurasına qoşulmaq üçün dövlətlərə açıq çağırış olunub. Müraciətə cavab olaraq Azərbaycan  quruma yaradıcı üzv statusu ilə qoşulub. Ölkəmizin Sülh Şurasının təsisçilərindən biri kimi iştirakı beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisini və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul edilməsini nümayiş etdirir. Azərbaycan Sülh Şurasına qoşularaq onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz gələcək qurulması kimi nəcib missiyanı paylaşacaq.

Sülh Şurasında təsisçi kimi təmsil olunması təbii ki,  ölkəmizin qlobal təhlükəsizlik və diplomatiya proseslərində etibarlı tərəfdaş olmasından irəli gəlir. Bu addım göstərir ki, Azərbaycan artıq yalnız regional təşəbbüslərlə kifayətlənmir, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer alır. Şurada təmsilçilik Bakıya beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal iştirak imkanı verir və ölkəmizin ədalətli mövqeyə, beynəlxalq hüquqa və suverenliyə əsaslanan siyasətinin qəbul olunduğunu nümayiş etdirir. Münaqişədən sonrakı dövrdə sülh təşəbbüslərini prioritet edən qarşıdurma yox, əməkdaşlıq xəttini seçən Azərbaycan üçün bu üzvlük yeni siyasi mərhələnin başlanğıcıdır və ölkəmizin qlobal sülh və təhlükəsizlik proseslərində aparıcı tərəflərdən birinə çevrilməsini sürətləndirir. 

Ölkəmizin Sülh Şurası çərçivəsində önə çıxmasının əsas səbəblərindən biri Ermənistanla sülh gündəliyinin irəli aparılması sahəsində ortaya qoyduğu nümunəvi modeldir. Bu modelin regionda uzun illər davam edən münaqişənin Prezident  İlham Əliyevin liderliyi ilə həllində önəmli rolu olub. Qlobal səviyyədə isə bu təcrübə dövlətin öz suverenliyi və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmasının nadir və nümunəvi hallarından biri kimi qiymətləndirilir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr