AZ

SON DƏQİQƏ! Yeni cərimələr gəlir – 550 manatdan 2500-ə qədər…

Azərbaycanda emal edilməmiş almazların idxal və ixracı sahəsində inzibati məsuliyyət sərtləşdirilib.

Milli Məclisin iclasında müzakirəyə çıxarılan və üçüncü oxunuşda qəbul edilən dəyişikliklərə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun rəyi olmadan ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması inzibati xəta hesab olunacaq və bu əmələ görə müxtəlif kateqoriyalar üzrə cərimələr tətbiq ediləcək. Dəyişiklik İnzibati Xətalar Məcəlləsi-nə edilib və artıq qüvvəyə minib.

Qəbul olunmuş normaya əsasən, emal edilməmiş almazların müvafiq rəy olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.

Məsələni NOCOMMENT.az-a şərh edən hüquqşünas Natiq Ələsgərov bildirib ki, qəbul edilən dəyişiklik dövlət nəzarət mexanizmlərinin gücləndirilməsi və qiymətli xammalın dövriyyəsində şəffaflığın təmin olunması baxımından əhəmiyyətlidir.

Natiq Ələsgərov

Onun sözlərinə görə, emal edilməmiş almaz yüksək dəyərə malik strateji xammal hesab olunur və bu sahədə əməliyyatların hüquqi çərçivədə həyata keçirilməsi həm milli iqtisadi maraqların qorunmasına, həm də beynəlxalq öhdəliklərin icrasına xidmət edir.

Hüquqşünas qeyd edib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun rəyi faktiki olaraq icazə və nəzarət funksiyası daşıyır və bu mexanizm vasitəsilə idxal və ixrac əməliyyatlarının qanunauyğunluğu əvvəlcədən yoxlanılır:

“Yeni norma xüsusilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və vəzifəli şəxslər üçün əlavə hüquqi məsuliyyət yaradır və sənədləşmə prosesində diqqətliliyi tələb edir. Rəy alınmadan həyata keçirilən əməliyyatlar inzibati məsuliyyətlə nəticələnəcək və bu cərimələr gələcəkdə mümkün təkrar pozuntular zamanı daha ciddi hüquqi nəticələrə səbəb ola bilər”.

Ekspert hesab edir ki, dəyişikliklər qanunsuz ticarət, kölgə iqtisadiyyatı və nəzarətsiz ixrac-idxal hallarının qarşısının alınmasına yönəlib və ümumilikdə qiymətli daşların dövriyyəsində hüquqi intizamı gücləndirməyə xidmət edir.

Tunar
NOCOMMENT.az

Seçilən
24
nocomment.az

1Mənbələr