
İspaniya hökuməti ümumi əfvin qəbul edildiyi Venesuelada müvəqqəti dövlət başçısı Delsi Rodriqesə tətbiq edilən sanksiyaların ləğvi üçün Avropa İttifaqına (Aİ) müraciət edəcəyini açıqlayıb.
AFN.az-ın məlumatına görə, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Barselonada jurnalistlərə verdiyi açıqlamada Rodriqes tərəfindən təklif edilən və siyasi məhbusların kütləvi şəkildə azad edilməsini nəzərdə tutan əfv qanun layihəsinin Venesuela parlamentində qəbul edilməsini yaxşı xəbər kimi qiymətləndirib.
Albares Venesueladakı yeni dövrdə Aİ-nin ölkənin doğru yolda olduğuna dair bir siqnal göndərməli olduğunu vurğulayıb. Nazir qeyd edib ki, sanksiyalar heç vaxt özlüyündə məqsəd deyil, onlar geniş, dinc və demokratik dialoqu təmin etmək üçün bir vasitədir. Əgər Venesuelada bu istiqamətdə addımlar atılırsa, Aİ də sanksiyaları ləğv etmək üçün hərəkətə keçməlidir.
Albares həmçinin Rodriqesi bənzər addımlar atmağa davam etməyə və hazırda ölkə xaricində yaşayan venesuelalıların geri qayıda bilmələri üçün lazımi şərait yaratmağa təşviq etdiklərini bildirib. Venesuela parlamentində qəbul edilən qanun layihəsi 1999-cu ildən bəri ölkədə baş verən siyasi qarşıdurmalar zamanı törədilmiş cinayətlər, o cümlədən 2024-cü il seçkiləri zamanı baş verən zorakılıq aktları üçün ümumi və tam əfv nəzərdə tutur.
Bu hadisə ABŞ-ın 3 yanvarda həyata keçirdiyi hərbi müdaxilə nəticəsində Nikolas Maduronun ələ keçirilməsindən sonra ölkədə baş verən mühüm siyasi kurs dəyişikliyi kimi dəyərləndirilir.