Berlin, 20 fevral, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts lideri olduğu Xristian Demokratlar İttifaqının (CDU) sədri vəzifəsinə yenidən seçilib.
AZƏRTAC xəbər verir ki, F.Merts partiyasının Ştutqart şəhərində keçirilən qurultayında səlahiyyətli nümayəndələrin 91 faizindən bir qədər çoxunun səsini toplayıb.
Almaniyanın sabiq Kansleri (2005-2021), 2000-2018-ci illərdə partiyaya rəhbərlik etmiş Angela Merkel də qurultayda iştirak edib.
Almaniyanın ən güclü siyasi partiyalarından olan mərkəz-sağ mövqeli CDU 1945-ci ildə təsis olunub. CDU federal hökumətdə ən çox yer alan partiya kimi Almaniyanın siyasətində dominant rol oynamaqdadır. Almaniya Federativ Respublikasının təsis olunduğu 1949-cu ildən indiyədək ölkəyə rəhbərlik etmiş 6 Kansler və 6 Prezident məhz bu partiyanın üzvləri olub. F.Merts 2022-ci ildə CDU-nun sədri, 2025-ci il mayın 6-da isə Almaniyanın Federal Kansleri seçilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin