Ukrayna və Moldova ərazisində saxlanılan Rusiyaya bağlı agent qrupunun planlarında ukraynalı jurnalist Dmitri Qordonun qətlə yetirilməsi də olub.
Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, şübhəli şəxs qismində Moldova və Ukrayna vətəndaşları – Dmitri Bayraktar, Marsel Evçiu, Diana Paliy və Nikita Berezov saxlanılıblar.
Dmitri Qordon Rusiyada qiyabi qaydada “xarici agent” və “ekstremist” elan edilib. Ona qarşı ittihamlar “aqressiv müharibəyə açıq çağırışlar etmək və Rusiya Silahlı Qüvvələri barədə bilərəkdən yalan məlumat yaymaq” maddələri ilə əsaslandırılıb. 2022-ci ildə Rusiya onu axtarışa verib.
Qeyd edək ki, bu gün Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Milli Polisi və Moldova hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində Rusiyaya bağlı agent-döyüş qrupunun zərərsizləşdirildiyini açıqlayıb. Bildirilib ki, qrup Ukraynada sifarişli və rezonans doğuracaq qətllər hazırlayırdı. Genişmiqyaslı xüsusi əməliyyat “Eniqma 2.0” adlandırılıb.
Rəsmi məlumata görə, Rusiya xüsusi xidmət orqanları bu cür rezonanslı qətllər vasitəsilə cəmiyyətdə panika yaratmağı və Ukraynada ictimai-siyasi sabitliyi pozmağı hədəfləyib.