Vətəndaş İlkin Mustafayevin bacısının başına gələn hadisə paytaxtdakı özəl tibb müəssisələrində nəzarət və peşəkarlıq məsələsini yenidən gündəmə gətirib. İddialara görə, hadisə Məlhəm Hospital-da baş verib.
Belə ki, xəstədən ilik analizi götürülüb və müayinənin nəticələrinin baxılması üçün material Türkiyəyə göndərilməli imiş. Analizi Türkiyədə təhsil almış və orada çalışan, ayda bir-iki gün ölkəyə gələrək xidmət göstərən həkim götürüb. Prosedur qaydalara uyğun icra edilib, ilikdən götürülən nümunənin bir hissəsi xüsusi şüşələr üzərinə yayılaraq laborator müayinə üçün hazırlanıb.
Lakin bundan sonra inanılmaz hadisə baş verib.
İddialara əsasən, xəstəxananın təcili yardım (acil) şöbəsində çalışan əməkdaşlar üzəri qanlı olduğu üçün həmin şüşələri “təmizləmək” məqsədilə yuyublar. Bununla da müayinə üçün götürülmüş əsas analiz materialı yararsız hala salınıb. Nəticədə xəstə yenidən eyni ağrılı prosedurdan keçməli olub – bel nahiyəsindən ikinci dəfə ilik nümunəsi götürülüb.
Hadisənin digər diqqətçəkən məqamı isə maliyyə məsələsidir. Bildirilir ki, yalnız ilik nümunəsinin götürülərək təqdim olunması üçün 697 manat ödəniş tələb edilib. Kassa çeki isə vətəndaşın təkidindən sonra, bir neçə saat gecikmə ilə WhatsApp vasitəsilə göndərilib.
Şikayətçi tərəf bildirir ki, xəstəxana rəhbərliyi tərəfindən ikinci dəfə götürülən analiz üçün əlavə ödəniş alınmayacağı deyilsə də, baş verən səhlənkarlıq və qeyri-peşəkar yanaşma artıq xəstəyə həm fiziki, həm də psixoloji zərbə vurub.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi hələlik açıqlanmayıb.
Hadisə bir daha göstərir ki, səhiyyə müəssisələrində yalnız yüksək ixtisaslı həkimlərin olması kifayət deyil. Prosesin bütün mərhələlərində – qəbuldan laboratoriyaya qədər – peşəkarlıq, məsuliyyət və nəzarət mexanizmi təmin olunmalıdır. Əks halda, səhvin yükünü ən ağır formada yenə xəstələr daşıyır.