AZ

Bu ölkə 6 ilə 4 prezident dəyişib Səbəb nədir?

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Latın Amerikasının ən sabit iqtisadiyyatlarından biri hesab olunan Peru son illərdə dərin siyasi böhran yaşayır. Ölkədə prezidentlərin tez-tez dəyişməsi artıq adi hala çevrilib. Fevralın 17-də parlament qərarı ilə vəzifədən uzaqlaşdırılan 39 yaşlı Xose Xeri son altı ildə impiçment yolu ilə postunu itirən dördüncü prezident olub.

Globalinfo.az xəbər verir ki, bundan əvvəl Martin Viskarra 2020-ci ildə, “xalq prezidenti” kimi tanınan Pedro Kastilyo 2022-də, həmçinin Dina Boluarte ötən ilin sonunda hakimiyyətdən uzaqlaşdırılmışdı.

Xerinin prezidentlik müddəti cəmi dörd ay çəkib. O, 2025-ci ilin oktyabrında həmin vaxt rəhbərlik etdiyi Konqres tərəfindən dövlət başçısı seçilmişdi. Qısa fəaliyyəti dövründə əsasən cinayətkarlıqla mübarizə və fövqəladə vəziyyət rejimi ilə bağlı vədlər verməyə macal tapmışdı.

Analitiklər hesab edir ki, hakimiyyətin zirvəsindəki bu davamlı dəyişikliklər iqtisadi problemlərlə deyil, siyasi qarşıdurmalarla bağlıdır. Maraqlıdır ki, ölkənin xarici borcu region üzrə ən aşağı göstəricilərdən biridir və xarici investisiyalar artmaqda davam edir.

Müşahidəçilərə görə, son impiçment qərarı beynəlxalq siyasi rəqabət fonunda baş verib. Xüsusilə ABŞ rəsmiləri Perunun suverenliyi ilə bağlı narahatlıqlar səsləndirərək ölkənin Çin ilə yaxın iqtisadi əməkdaşlığını tənqid ediblər.

Xeri çinli iş adamları ilə gizli görüşlər keçirməkdə ittiham olunurdu. Müzakirələrin mərkəzində paytaxt Limadan 80 kilometr məsafədə yerləşən Çankay limanı layihəsi dayanır. Layihənin nəzarət paketinə Çin dövlət şirkəti sahibdir. 3,4 milyard dollarlıq limanın açılış mərasimində 2024-cü ilin noyabrında Çin lideri Si Cinpin şəxsən iştirak etmişdi.

ABŞ rəsmiləri limanın gələcəkdə hərbi məqsədlərlə istifadə oluna biləcəyini iddia etsə də, Peru hakimiyyəti bu fikirləri yaxın buraxmır. Çin Xarici İşlər Nazirliyi isə Vaşinqtonun açıqlamalarını “dezinformasiya” adlandırıb.

İmpiçmentdən az əvvəl ABŞ-ın Perudakı yeni səfiri Bernardo Navarro sosial şəbəkələrdə Çinin “ucuz investisiyaları”nı tənqid edərək ölkənin suverenliyinin risk altında olduğunu yazmışdı. Bu açıqlamalar siyasi müzakirələri daha da kəskinləşdirmişdi.

Bəzi ekspertlər Latın Amerikasında ABŞ təsirinin artdığını qeyd edir. Məsələn, ötən il Hondurasdakı seçkilər zamanı Vaşinqtonun açıq mövqeyi müzakirələrə səbəb olmuş, siyasətçi Nasri Asfura ön plana çıxmışdı. Fevralda isə Kosta Rika seçkilərində qalib gələn Laura Fernandes ABŞ siyasətinə yaxın mövqeyi ilə diqqət çəkmişdi. Onun siyasi baxışlarının Donald Tramp və Salvador prezidenti Nayib Bukele ilə üst-üstə düşdüyü qeyd olunur.

Beləliklə, Peruda növbəti prezident də siyasi qarşıdurmaların qurbanına çevrildi. Ölkədə iqtisadi sabitlik qorunsa da, siyasi sistemdə davam edən böhran yaxın gələcəkdə hakimiyyət dəyişikliklərinin yenə təkrarlana biləcəyini göstərir.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
globalinfo.az

1Mənbələr