AZ

Avropa ittifaqına üzv ölkələr Rusiya məsələsində razılığa gələ bilməyib » AzadMedia.az

Avropa

Avropa İttifaqına üzv ölkələrin səfirləri növbəti iclasda Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulu ilə bağlı razılığa gələ bilməyiblər. Bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni məhdudiyyətlərin razılaşdırılması prosesində bir sıra fikir ayrılıqları yaranıb. Daha əvvəl “Bloomberg” də yazmışdı ki, mübahisələr əsasən Rusiya neftinin ixracına qarşı tədbirlərin sərtləşdirilməsi çərçivəsində xarici liman və bankların da sanksiyalara cəlb olunması təklifləri ətrafında formalaşıb.

Belə ki, İtaliya və Macarıstan Gürcüstanın Kulevi limanına qarşı məhdudiyyətlərin tətbiqinə etiraz ediblər. Yunanıstan və Malta isə İndoneziyanın Karimun limanına mümkün sanksiyalarla bağlı narahatlıqlarını ifadə ediblər. Bundan əlavə, Madrid və Roma Kuba banklarından birinin sanksiya siyahısına salınması təşəbbüsünü dəstəkləməyiblər.

Avropa Komissiyası fevralın əvvəlində yeni sanksiya paketinin layihəsini təqdim etmişdi. Sənəddə Rusiya neftinin tədarükü ilə bağlı bütün dəniz xidmətlərinə tam qadağa nəzərdə tutulurdu. Həmçinin sanksiyaya məruz qalan gəmilərin siyahısının daha 43 vahid artırılması planlaşdırılırdı ki, bu halda ümumi say 640-a çatacaqdı.

Bundan başqa, Aİ “kölgə donanması” adlandırılan mexanizmdə istifadə oluna biləcək tanker alışına məhdudiyyətlər tətbiq etməyi, eləcə də mayeləşdirilmiş təbii qaz daşıyan tanker və buzqıranlara texniki xidmət və digər servis xidmətlərini qadağan etməyi planlaşdırırdı. Bu tədbirlər artıq qüvvədə olan qaz idxalı qadağasına əlavə olaraq nəzərdə tutulmuşdu.

Hazırda sanksiya paketi üzrə müzakirələrin davam etdiyi bildirilir.

Seçilən
12
1
azadmedia.az

2Mənbələr