AZ

"Trampın Əliyevə təşəkkürü Azərbaycanın sülh prosesindəki liderliyinin mesajıdır" -Tural İsmayılov

"Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Prezident İlham Əliyevin iştirakı və ABŞ Prezidenti Donald Trampın ona ünvanladığı fikirlər mühüm siyasi məna daşıyır. Trampın həm Əliyevə, həm də Paşinyana regionda yaranan sülhə görə təşəkkür etməsi, Azərbaycanın sülh prosesində aparıcı rolunu beynəlxalq səviyyədə təsdiqləyən mesajdır. Bu, Azərbaycanın diplomatik mövqeyinin güclənməsi və Qafqazda sabitliyin təmin olunmasında Bakının əsas aktor kimi qəbul edildiyini göstərir".

Bu fikirləri Redaktor.az-a politoloq Tural İsmayılov Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Prezident İlham Əliyevin iştirakından danışarkən bildirdi.

"Əlavə olaraq, Əliyev və Paşinyan arasında qeyri-rəsmi, ayaqüstü görüşün baş tutması, tərəflərin dialoqa açıq olduqlarını nümayiş etdirir. Bu cür spontan təmaslar formal danışıqlardan daha çox siyasi iradənin mövcudluğunu göstərir. Azərbaycanın sülh təşəbbüslərinə ardıcıl dəstək verməsi, Ermənistanla münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq niyyətini ortaya qoyur. Vaşinqton platformasında baş verən bu hadisələr həm regionun beynəlxalq gündəmdə ön plana çıxmasına, həm də Azərbaycanın balanslı siyasətinin Qərb tərəfindən yüksək qiymətləndirilməsinə dəlalət edir" - deyən müsahibimizin fikrincə, Əliyevin səmimi görüntülərinin sosial şəbəkələrdə maraqla qarşılanması isə ictimai rəyin də bu diplomatik uğuru müsbət qəbul etdiyini göstərir:

"Nəticə etibarilə, bu görüşlər Azərbaycanın sülh prosesində lider mövqeyini möhkəmləndirən, həm regional, həm də qlobal miqyasda siyasi çəkisini artıran samballı hadisədir".

Xədicə BAXIŞLI

Seçilən
32
redaktor.az

1Mənbələr