Azərbaycan bu il tarixində ilk dəfə olaraq sumo üzrə dünya çempionatına ev sahibliyi edəcək ki, bu da Bakı ilə Tokio arasında idman sahəsində əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda Yaponiyanın dövlət bayramına - İmperator Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbulda bildirib.
"İdman sahəsində əməkdaşlığımız yeni səviyyəyə yüksəlir - tarixdə ilk dəfə olaraq bu ilin oktyabrında Azərbaycanda sumo üzrə dünya çempionatı keçiriləcək, bu da idman sahəsində əlaqələrimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək", - o qeyd edib.
Elnur Məmmədov vurğulayıb ki, mədəni və humanitar sahələrdə əməkdaşlıq da fəal inkişaf edir və iki ölkə xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.
"Azərbaycanın bir neçə ali təhsil müəssisəsinin nəzdində yapon dilinin tədris olunduğu Yaponiya mərkəzləri fəaliyyət göstərir. Həmçinin tələbə mübadiləsi uğurla həyata keçirilir", - o deyib.
Nazir müavini əlavə edib ki, Azərbaycan və Yaponiya regionları arasında əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm hissəsinə çevrilib.
"Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri, Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Şika şəhəri arasında qurulmuş əlaqələr, eləcə də Ağdam və Xirosima, Şuşa və Okayama şəhərləri arasında əlaqələrin qurulması istiqamətində davam edən işlər buna misaldır. Bu əməkdaşlıq ölkələr arasında dostluq əlaqələrinin dərinləşməsinə töhfə verir", - E.Məmmədov bildirib.