Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Nofəl Cahangir oğlu Əsgərov Gəncə Şəhidlər xiyabanında dəfn edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub. Vida mərasimində şəhidin ailə üzvləri, şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycan Bayrağı şəhidin qızlarına verilib.
Qeyd edək ki, Nofəl Əsgərov 1965-ci il sentyabrın 10-da Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 1992-ci il iyunun 16-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb. Nəşinin qalıqları kənd Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.